Son günlər ABŞ-nin İranın ən böyük neft ixrac mərkəzlərindən olan Xarq adasını ələ keçirmək üçün xüsusi hərbi əməliyyata hazırlaşdığı barədə məlumatlar yayılır. Lakin geosiyasi məntiq və regional reallıqlar bu iddiaların ciddi suallar doğurduğunu göstərir.

Siyasi şərhçi Kamran Məmmədli Musavat.com-a deyib ki, əgər ABŞ və İsrailin regiondakı strateji məqsədlərini sadə şəkildə təsnif olunarsa, iki əsas hədəf ortaya çıxır:
“Birinci məqsəd İranı hərbi və siyasi baxımdan məğlub etməkdir. İkinci məqsəd İranın mümkün blokadası şəraitində Hörmüz boğazının açıq saxlanılmasıdır. Lakin diqqətlə baxdıqda aydın olur ki, Xarq adasının ələ keçirilməsi bu məqsədlərin heç birinə real töhfə vermir. ABŞ üçün əsas strateji məqamlardan biri regionun enerji balansıdır. Körfəz ölkələrinin – xüsusilə Səudiyyə Ərəbistanı, BƏƏ, Küveyt və Qətərin neft-qaz infrastrukturu qlobal iqtisadi sistemin əsas sütunlarından biridir. Bu infrastruktura ciddi zərbə dəyərsə, nəticələri yalnız regionla məhdudlaşmayacaq.
Birincisi, neft qiymətləri kəskin şəkildə yüksələ və bu, qlobal iqtisadi böhrana səbəb ola bilər. İkincisi, ABŞ-nin ərəb monarxiyaları ilə qurduğu strateji ittifaqları risk altına qoyar. Körfəz ölkələri Vaşinqtonun əsas maliyyə və siyasi tərəfdaşları hesab olunur.
Üçüncüsü, ABŞ transmilli şirkətləri həmin infrastruktura milyardlarla dollar sərmayə yatırıb. Böyük enerji korporasiyalarının payları, səhmləri və layihələri bu regiondan asılıdır. Belə olan halda ABŞ-nin belə bir əməliyyata getməklə regionun enerji sistemini məhvinə yol açar. Xarq adasına hücum strateji baxımdan məntiqli görünmür”.
Siyasi şərhçi deyib ki, adada əməliyyatın çox ciddi riskləri qaçılmazdır:
“Xarq adasının ələ keçirilməsi ssenarisinin özü də bir sıra ciddi suallar doğurur. Əgər ABŞ qüvvələri adanı tutmağa cəhd etsə, İranın ilk reaksiyası həmin ərazini kütləvi şəkildə bombardman etmək olacaq. Bu halda adada yerləşən iri neft terminalları və çənlər partlayacaq və ABŞ hərbçiləri həmin infrastrukturu qorumaq imkanında olmayacaqlar. Əslində ABŞ qüvvələri hazırda İran sahillərindən 100 kilometrlərlə uzaqda yerləşən Körfəz ölkələrinin enerji obyektlərini tam şəkildə qorumaq iqtidarında deyil. Belə olan halda İran sahillərindən cəmi 10-15 kilometr məsafədə yerləşən adadakı infrastrukturu qorumaq demək olar ki, qeyri-mümkün görünür. Digər tərəfdən, əgər məqsəd həmin neft terminalını məhv etməkdirsə, bunu həyata keçirmək üçün adanı ələ keçirməyə ehtiyac yoxdur. Bu, aviazərbələrlə də mümkün ola bilər”.
K. Məmmədlinin fikrincə, Xarq adasının coğrafi mövqeyi də bu ssenarini sual altına qoyur:
“Ada Hörmüz boğazından xeyli uzaqda yerləşir və onun ələ keçirilməsi boğazın açıq saxlanılmasına birbaşa təsir göstərmir. Üstəlik, ABŞ donanmasının boğaza yaxınlaşması İranın sahil müdafiə sistemləri və raket arsenalı səbəbindən ciddi risklər yaradır. Quru əməliyyatı ehtimalı isə daha mürəkkəbdir. Nəzəri olaraq hücum İraq, Küveyt və ya Səudiyyə Ərəbistanı ərazisindən həyata keçirilə bilər. Lakin bu cür hazırlıq prosesləri müasir kəşfiyyat texnologiyaları şəraitində gizli qala bilməz. İranın həm öz peyk imkanları, həm də Çin və Rusiyanın kəşfiyyat məlumatları vasitəsilə belə hərəkətləri əvvəlcədən görməsi ehtimalı böyükdür. Bu isə əməliyyatın sürpriz effektini tamamilə aradan qaldırır. Ukrayna müharibəsi göstərdi ki, müasir döyüş meydanında pilotsuz sistemlər və dron texnologiyaları həlledici rol oynayır. FPV dronların artıq 20 kilometr və daha çox məsafədə idarə oluna bilməsi göstərir ki, kiçik əraziyə yerləşdirilmiş hərbi kontingent ciddi risk altına düşə bilər. Xarq kimi İran sahillərinə yaxın bir adada yerləşdirilən xarici qüvvələr üçün logistik təminat – qida, sursat və texnika çatdırılması da son dərəcə çətin olar. Belə şəraitdə adaya çıxarılan hərbi kontingentin uzun müddət sağ qalması belə sual altına düşə bilər”.
Bəs ABŞ niyə hərbi aktivliyi artırır?
Siyasi şərhçi deyir ki, ABŞ-ın Xarq adasını ələ keçirmək planı barədə məlumatlar daha çox psixoloji və informasiya müharibəsinin elementi kimi görünür:
“Vaşinqtonun Körfəz regionunda hərbi iştirakını artırmasının əsas məqsədləri isə başqa ola bilər. Məsələn, İranı potensial hərbi əməliyyat ehtimalı ilə daim təzyiq altında saxlamaq üçün belə bir hücumun hazırlandığı haqda məlumatlar dövriyyəyə buraxıla bilər. Bundan başqa, Körfəz ölkələrinə təhlükəsizlik zəmanətinin davam etdiyini göstərmək və onların ABŞ hərbi sisteminə bağlılığını möhkəmləndirmək niyyəti də görünür. Regionda enerji təhlükəsizliyinin əsas təminatçısı kimi ABŞ-nin rolunu qorumaqdır. Başqa sözlə, ABŞ üçün əsas hədəf konkret bir adanı ələ keçirmək deyil, regiondakı strateji balansı öz xeyrinə saxlamaqdır".
E.Məmmədəliyev,
Musavat.com