RU

Azərbaycan sabitlik zonası kimi önə çıxır

Newscenter.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Biz bugünlərdə olduqca maraqlı bir prosesə şahidlik edirik. Belə ki, Məsud Pezeşkian və Abbas Araqçinin şəxsində İranın siyasi rəhbərliyi ötən gün Türkiyəyə, bu gün isə Azərbaycana təşəkkür etdi. İran Prezidenti Məsud Pezeşkian regionda davam edən müharibə fonunda tutduğu mövqeyə görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkürünü bildirib. Eləcə də İranın xarici işlər naziri Abbas Araqçı iranlı vətəndaşların təxliyəsinə göstərilən dəstəyə görə bir sıra region dövlətlərinə minnətdarlığını ifadə edib və xüsusilə Azərbaycan, Türkiyə, Türkmənistan, Ermənistan və Əfqanıstan hökumətlərinin rolunu vurğulayıb. Onun sözlərinə görə, bu ölkələr logistika məsələlərində mühüm əməkdaşlıq göstərərək prosesin həyata keçirilməsinə ciddi töhfə veriblər.Ancaq Abbas Araqçı region dövlətlərinin koordinasiyalı fəaliyyəti sayəsində İran vətəndaşlarının təhlükəsiz şəkildə daşınmasından danışsa da, müxtəlif ölkələrin İrandakı səfirliklərinin əməkdaşlarının Azərbaycan və digər həmsərhəd dövlətlər tərəfindən insidentsiz təxliyyə edilməsi barədə heçnə deməyib. Əslində, bu məsələyə görə Azərbaycan dövlətinə ayrıca təşəkkür edilməliydi. Çünki rəsmi Bakı hələ savaşın ilk günlərindən bir çox xarici ölkə diplomatlarının və mülki vətəndaşlarının İrandan Azərbaycan ərazisi vasitəsilə təxliyəsinin həyata keçirilməsi üçün müvafiq addımları atıb. Son 25 gün ərzində İsveçrənin İrandakı diplomatik nümayəndəliyinin əməkdaşlarından tutmuş Çin vətəndaşılarınadək onlarla xarici ölkənin nümayəndələri sərhədi keçərək, "Astara" dövlət sərhəd-buraxılış məntəqəsi vasitəsilə təhlükəsiz şəkildə Azərbaycan ərazisinə daxil olub.Sərhəd-keçid məntəqəsində təhlükəsiz keçidin təmin edilməsi üçün bütün zəruri tədbirlər görülüb. Qeydiyyat prosedurlarından sonra həmin əcnəbilər təhlükəsiz şəkildə təyinat istiqamətlərinə, öz ölkələrinə yola salınırlar. İndiyə qədər İrandan Azərbaycana 70-dən çox xarici ölkənin 2 500-dən çox diplomat və vətəndaşları təxliyə olunub. Bir çox əcnəbilər məhz Azərbaycanın vasitəsilə İrandan təxliyyə olunmağa üstünlük verirlər. İsveçrənin İrandakı səfiri Olivier Bangerter və səfirliyin altı əməkdaşının bugünlərdə məhz Azərbaycan vasitəsilə təxliyə olunmağa qərar verməsi də bu faktı təsdiqləyir. Səfir O.Bangerter jurnalistlərə açıqlamasında deyib ki, biz Azərbaycana gəlməyi seçdik. Çünki Azərbaycan tərəfi tam təhlükəsiz keçid şəraiti yaradıb. Azərbaycanlı sərhədçilərin xarici vətəndaşların və diplomatların sürətli təxliyəsi üçün nümayiş etdirdikləri peşəkarlıq və qayğıkeşlik həqiqətən də təqdirə layiqdir. Azərbaycanın həm xaricilərin təxliyəsi məsələsində göstərdiyi diqqət və həssaslıq, həm də İrana humanitar yardımlar göndərməsi humanizm və yaxın qonşuluğun təzahürüdür. Azərbaycan dövləti molla rejimindən fərqli olaraq əsl qonşuluq nümunəsi göstərir. Biz 44 günlük İkinci Qarabağ müharibəsi zamanı İranın həmsərhəd ərazilərini heç bir hərbi riskə məruz qoymamışdıq. Lakin bu yaxınlarda İran ərazisindən Naxçıvan Muxtar Respublikasına dron hücumlarının baş verməsi isə cənub qonşumuzun fərqli mövqe sərgilədiyini ortaya qoyur. Əlbəttə, Azərbaycan tərəfi bu insidentin real hərbi qarşıdurmaya çevrilməsinə imkan vermədi. Lakin Azərbaycan Ordusunun istənilən ssenarilərə hazır olduğu heç kimə sirr deyil. Sadəcə olaraq ölkəmiz hazırkı mərhələdə neytrallıq və müdaxilə etməmək siyasətinə üstünlük verir. Şimal və cənub qonşularımızın aktiv müharibə fazasından keçdikləri kritik bir dönəmdə rəsmi Bakı maksimum təmkinli davranır. İndi Azərbaycan sabitlik zonası kimi önə çıxır. Bölgənin "qaynar qazan"a çevrilməsi fonunda, bu, ən düzgün seçimdir. Ümid edirik ki, İran tərəfi də Naxçıvana dron hücumları ilə bağlı araşdırmanın obyektiv tamamlanması istiqamətində gözləntilərimizi düzgün dəyərləndirəcək. Hazırkı müharibənin hansı nəticələrlə yekunlaşacağından asılı olmayaraq İran bundan sonra yaxşı qonşu olmaq yolunu seçməlidir.Əlisahib Hüseynov, Azərbaycan Həmrəylik Komitəsinin sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
2
1
newscenter.az

2Источники