RU

Elektromobillərin batareyaları ilə bağlı daha bir XƏBƏRDARLIQ

Vaxtında enerji ilə doldurulmadıqda elektrikli avtomobillərin batareyaları tez sıradan çıxa bilər. Hətta bəzi hallarda qısaqapanma baş verir ki, bu da avtomobilin yanmasına qədər ciddi fəsadlara səbəb ola bilər.

Day.Az xəbər verir ki, elektrikli avtomobillərin əsas komponentlərindən biri olan batareyaların istehsal olunduğu ölkələr və qiymətləri sürücülər üçün daim maraq doğurur. Avtomobil ustalarının sözlərinə görə, bu batareyalar əsasən Çin və Tayvandan gətirilir.

Mütəxəssislər bildirirlər ki, yeni batareyaların qiyməti təxminən 3000 dollar civarındadır. İkinci əl, yəni "üstdən çıxma" batareyalar isə 2500-3000 manat arasında dəyişir. Kiçik ölçülü batareyaların qiyməti isə təxminən 700-750 manat təşkil edir.

Bəzi hallarda elektromobillərdə batareyaların tez sıradan çıxmasının əsas səbəbi onların düzgün istifadə edilməməsidir. Xüsusilə, elektrik enerjisi ilə doldurma qaydalarına əməl olunmaması batareyanın istismar müddətini azaldır.

Ustaların sözlərinə görə, bu problemlərə həmçinin izolasiya çatışmazlıqları da təsir edir. Batareyalar avtomobilin alt hissəsində yerləşdiyi üçün nəm və su ilə təmas riski artır. Bu isə əlavə nasazlıqlara səbəb ola bilər.

Bəzi sürücülər batareyanı sudan qorumaq üçün onun alt hissəsini bağlayırlar. Lakin bu zaman soyutma sistemi pozulur və batareya həddindən artıq qızır. Əksinə, açıq saxlanıldıqda isə nəm təsiri artır. Hər iki hal batareyanın ömrünü azaldır.

Qızma baş verdikdə qısaqapanma riski yaranır ki, bu da ciddi təhlükə mənbəyidir. Buna görə də mütəxəssislər tövsiyə edirlər ki, batareyanın soyutma sisteminə müdaxilə edilməsin və istehsalçının qaydalarına ciddi əməl olunsun.

Bu qaydalara riayət edildiyi halda elektrikli avtomobillərin batareyaları daha uzunömürlü və təhlükəsiz istifadə oluna bilər.

Elcan Turan
Day.Az

Избранный
24
day.az

1Источники