RU

Azərbaycan elmi: Suverenliyin və yüksəktexnoloji gələcəyin intellektual zəmanəti

Bakı, 27 mart, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə təsis edilmiş Elm Günü milli intellektual potensialın dövlət quruculuğu arxitekturasında hərəkətverici qüvvə və strateji resurs kimi qəbul olunmasının ali səviyyədə təsdiqidir. Bu sənəd elm faktoru üzərində yüksələn milli inkişaf strategiyasının təzahürü olmaqla yanaşı, elmi fəaliyyətin cəmiyyətin innovativ inkişafındakı müstəsna rolunu rəsmiləşdirib.

1945-ci ildə Azərbaycan Elmlər Akademiyasının təsis edilməsi ilə əsası qoyulmuş institusional təkamül prosesi, müasir mərhələdə klassik akademik tədqiqat paradiqmasından biliklər iqtisadiyyatına və yüksək texnologiyalı tətbiqi ekosistemlərə keyfiyyət keçidini ehtiva edir. Bu transformasiya elmi təfəkkürün nəzəri-fundamental xarakterindən uzaqlaşaraq, dövlətin rəqabətədavamlılıq indeksini müəyyən edən praktik gücə çevrilməsini şərtləndirir.

Bu fikirlər Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucovun AZƏRTAC-a təqdim etdiyi “Azərbaycan elmi: Suverenliyin və yüksəktexnoloji gələcəyin intellektual zəmanəti” məqaləsində yer alıb. Məqalədə qeyd olunur ki, Elm Gününün dövlətçilik mahiyyəti məhz elmi resursların milli maraqların müdafiəsi və intellektual müstəvidə strateji üstünlüyün təmin edilməsi prioritetləri ilə yenidən müəyyənləşdirilir. Beləliklə, elmi fəaliyyət həm də rəqəmsal transformasiyalar dövründə dövlətin hərbi-sənaye, texnoloji və sosial-iqtisadi dayanıqlığının konseptual dayağı kimi çıxış edir.

Müasir mərhələdə Azərbaycan alimləri qarşısında duran fundamental çağırış fənlərarası sinerjini (inter-, multi- və transdisiplinar yanaşmaları) rəhbər tutaraq, rəqəmsal ekosistemlərin neft-qaz mühəndisliyindən aqrar-sənaye kompleksinə qədər bütün strateji sektorlara adaptasiyasını təmin etməkdir. Bu proses iqtisadi effektivliyin innovativ rebrendinqinə və milli resursların idarə olunmasında texnoloji suverenliyin bərqərar olmasına xidmət edir. Qlobal iqlim determinizmi və dekarbonizasiya trendləri fonunda təşəkkül tapan “Yaşıl artım” doktrinası, elmi prioritetlərin ekoloji paradiqmaya transferini strateji zərurətə çevirir.

Azərbaycan dövlətinin Vətən müharibəsində nümayiş etdirdiyi elmi-texnoloji üstünlük müasir hərb elmində intellektual kapitalın effektiv strateji amil olduğunu birmənalı şəkildə təsdiqlədi. Müdafiə sənayesinin rəqəmsal transformasiyası, radioelektron mübarizə texnologiyaları və kiberməkanın mütəşəkkil mühafizəsi üzrə aparılan tədqiqatlar dövlət infrastrukturunun sarsılmazlığını təmin edən keçilməz bir “rəqəmsal qalxan” funksiyasını yerinə yetirir. Bu kontekstdə elmi fəaliyyətin effektivliyi artıq kəmiyyət indikatorlarından çox, onun kommersiyalaşma dərəcəsi, patent aktivliyi və sənaye tətbiqi ilə birbaşa korrelyasiya təşkil edən keyfiyyət meyarları ilə ölçülür. İşğaldan azad edilmiş ərazilərdə reallaşdırılan “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyaları, eləcə də “Yaşıl enerji zonası” layihələri elm-təhsil-istehsalat klasterlərinin reinteqrasiyası üçün unikal tətbiqi poliqon rolunu oynayır. Bu poliqonlar milli elmin iqtisadi səmərəlilik əmsalını yüksəltməklə yanaşı, innovativ texnologiyaların real iqtisadiyyata transferini sürətləndirir.

Bu gün Azərbaycanın elmi ictimaiyyəti, xüsusilə Azərbaycan Milli Elmlər Akademiyası və Elm və Təhsil Nazirliyi qarşısında dayanan fundamental vəzifə elmi fəaliyyəti sadəcə nəzəri bilik istehsalı və məqalə yazmaq yarışı müstəvisindən çıxararaq, onu milli gücün və texnoloji suverenliyin tərkib hissəsinə çevirməkdir. Müasir dövrün çağırışları fonunda ölkəmizin intellektual resursları strateji hədəflər ətrafında öz fəaliyyətlərini konsolidasiya etməlidir. AMEA-nın fundamental elmi ənənələri ilə Elm və Təhsil Nazirliyinin innovativ idarəetmə və tətbiqi resursları arasında elmi-praktik vəhdət yaradılmalı, elmi nəticələr təhsilin məzmununa dərhal inteqrasiya olunmalıdır. Elmin maliyyələşdirilməsi mexanizmi birbaşa ölçülə bilən sosial-iqtisadi fayda prinsipinə bağlanmalı, elmi fəaliyyət ölkənin ümumi inkişaf strategiyasının lokomotivinə çevrilməlidir. Müasir elm idarəçiliyində tədqiqatçı səmərəliliyinin ölçülməsi artıq sadə kəmiyyət göstəricilərini aşaraq, birbaşa sosial-iqtisadi rentabelliyə söykənməlidir. Elmin əsas missiyası yalnız “akademik reputasiya” qazanmaq deyil, həm də bilik iqtisadiyyatının mühərrikinə çevrilməkdir. Tədqiqatçıların laboratoriya axtarışları real sənaye miqyasına çıxarılmalı, süni intellekt və kiberməkanın mühafizəsi sahələrində xarici asılılığı minimuma endirəcək milli proqram təminatı və texnoloji həllər təqdim olunmalıdır. Tədqiqatların şəffaflığını və qlobal elmi dövriyyəyə inteqrasiyasını təmin etmək üçün açıq elm prinsipləri mənimsənilməlidir. Elmi məlumatların əlçatanlığı, müştərək tədqiqat platformalarının yaradılması və biliklərin sərbəst mübadiləsi həm innovasiya dövriyyəsini sürətləndirməli, həm də elmi fəaliyyətin cəmiyyət üçün faydalılıq əmsalını artırmalıdır.

Beləliklə, 27 Mart - Elm Günü Azərbaycanın gələcək tərəqqisinin yüksəktexnoloji ixracat və intellektual potensialın intibahı üzərində qurulacağının dövlət tərəfindən bəyan edilmiş strateji manifestidir. Bu bayram həm də gələcəyin qüdrətli Azərbaycanını qurmaq üçün intellektual səfərbərlik günüdür!

Избранный
2
1
azertag.az

2Источники