RU

Rusiyanın özünə vurduğu zərbə iqtisadi intihara doğru atılan addımdır



Rusiya Federasiyası bu gün öz iqtisadi dayaqlarını sanki bilərəkdən sarsıdır. İllərdir bu nəhəng coğrafiyanın ən ağır işlərini çiyinlərində daşıyan, dili və mədəniyyəti ruslara yad olmayan postsovet ölkələrinin vətəndaşlarını "arzuolunmaz" elan edib ölkədən didərgin salan Kreml, indi bu boşluğu Şri-Lanka və Nepalın ucqar kəndlərindən gətirilən insanlarla doldurmaq xülyasına düşüb. Lakin uzaq Asiyadan gələn bu yeni "əmək mühacirləri" Rusiya üçün xilas kəməri deyil, əksinə, idarəolunmaz bir böhranın carçısına çevrilməkdədir. Pskovda yaşanan son hadisələr — şri-lankalı işçilərin aylarla tər töküb maaşlarını ala bilməməsi və aldadılması — bu yeni "qul bazarının" necə bir rəzalət üzərində qurulduğunu çılpaqlığı ilə göstərir. Rusiyanın Kolombodakı səfirinin həyəcanlı xəbərdarlığı isə artıq dövlət rəsmilərinin də bu iqtisadi uçurumu hiss etməyə başladığının bariz sübutudur.

İki il öncə "Krokus-siti"də baş verən qanlı cinayətdən sonra Rusiyanı bürüyən ksenofobiya dalğası rəsmi statistikanı da alt-üst etdi. Rusiya İqtisadiyyat İnstitutunun rəqəmləri fəlakətin miqyasını ortaya qoyur: ölkədə hazırda 4,8 milyon işçi çatışmazlığı var. Təkcə 2024-cü ilin ilk yarısında deportasiyaların sayının 50% artması və 1 milyondan çox mühacirə giriş qadağasının qoyulması, əslində Rusiya iqtisadiyyatının qan damarlarını kəsmək deməkdir. Əvvəllər Xabarovskdan Kalininqrada qədər hər addımda rast gəldiyimiz özbək və tacik miqrantlar artıq təkcə polis təzyiqindən deyil, həm də zorla Ukrayna müharibəsinə göndərilmək qorxusundan Rusiyanı tərk edirlər. Onların arasında on illərlə Rusiyada yaşayan, vətəndaşlıq almış minlərlə azərbaycanlı da var ki, onlar da bugünkü neo-nasizm və hərbiləşmə dalğasından öz paylarını alaraq vətənə üz tuturlar.

Dövlət Dumasının qəbul etdiyi "dil və tarix imtahanı" kimi mürtəce qanunlar, əslində postsovet insanı üçün keçilməz bir səddə çevrilib. Bu gün tikinti sektorunda vakansiyaların 35%, logistika və kuryer sahəsində isə 40% artması təsadüfi deyil; rusiyalının özünün görmək istəmədiyi "qara işləri" artıq görəcək kimsə qalmayıb. Ötən qış şəhərlərin qar altında qalıb iflic olması bu siyasətin acı meyvəsi idi. Lakin rus biznesi hələ də dərs çıxarmayıb; dili bilməyən, hüququnu qoruya biləcək diasporası olmayan asiyalı miqrantları "sərfəli qul" kimi görərək onları istismar edirlər. Şri-lankalı miqrantın nə dili, nə mədəniyyəti, nə də arxasında duracaq bir "etnomafiya" adlandırdıqları birliyi var — o, sadəcə istismar edilməsi asan olan bir kimsəsizdir.

Bu bəsirəti bağlanmış siyasət Rusiyanı həm demoqrafik, həm də iqtisadi intihara aparır. Yaxın qonşularını və pis-yaxşı yerli cəmiyyətə uyğunlaşmış işçi qüvvəsini qovan bir dövlət, uzaq adaların ümidinə qalmaqla heç bir inkişaf vəd edə bilməz. İfrata varan millətçilik və neo-nasizm Rusiya Federasiyasının gələcəyini qaranlığa qərq edir. Belə görünür ki, Rusiya özünü "böyük imperiya" sansa da, elementar küçə təmizliyindən tutmuş nəhəng tikinti layihələrinə qədər hər sahədə yaxın xaricdən gələn o "sadə insanların" xiffətini hələ çox çəkəcək.




Şəmsi Qoca




Избранный
20
aia.az

1Источники