RU

“Dünya pandemiyadan da təhlükəli böhranla üzləşə bilər” Tarixçi alim Aygün Attarla MÜSAHİBƏ

ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“İranda düyməyə basılan yer yenə Təbriz olacaq”

Globalinfo.az Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) rəhbəri, tarixçi alim Prof. Dr. Aygün Attarla müsahibəni təqdim edir:

 – Aygün xanım, səmimi desəm, bioqrafiyanıza nəzər saldıqda sizinlə qürur duymamaq mümkün deyil. Türkiyənin Giresun Üniversitetində prorektor, dekan və rektor olaraq fəaliyyət göstərmisiniz. O vaxta qədər müxtəlif dövrlərdə akademik və inzibati vəzifələri yerinə yetirmisiniz. Çoxsaylı elmi araştırmaların, beynəlxalq mətbuatda dərc olunan məqalələrin, 8 kitabın müəllifisiniz hansı ki, ikisi Azərbaycan universitetlərində dərslik kimi istifadə olunur. Prezident İlham Əliyev tərəfindən “Vətənə xidmət” medalı ilə və Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında müstəsna xidmətlərə görə “Dostluq” ordeni ilə təltif edilmisiniz. Eyni zamanda beynəlxalq dərəcəli mükafata layiq görülmüsünüz. Bir müddət Türkiyə Prezident Administrasiyasının Təhlükəsizlik və Xarici siyasət Şurasının üzvü olmusunuz. Bilmək istərdim, Qarabağlı və “Təbriz gəlini” olmanız fəaliyyətinizə necə təsir edib?

– Əvvəla, haqqımda söylədiyiniz gözəl fikirlərə görə təşəkkür edirəm. Sizin vasitənizlə də Güneyli-Quzeyli bütün Azərbaycana salamlarımı yetirirəm. Bəli, artıq 30 ildən çoxdur ki, Türkiyədə yaşayıram. Əslində, hər zaman qürür duyduğum məsləyim müəllimlik, yəni elmi sahədə fəaliyyətimdir. Əsas vəzifəm torpaqları 30 il işgal altında qalan Azərbaycan həqiqətlərini Avropada elmi arenadan çatdırmaq olub. Allaha şükürlər olsun ki, qəhrəman ordumuzun, Müzəffər Ali Baş Komandanımızın və bu gözəl günlərə görə borclu olduğumuz şəhidlərimizin sayəsində o problem ortadan qalxdı. Amma tariximizlə bağlı həqiqətlərin söylənilməsi prosesi təbii ki, davam edir.

Sualınıza gəlincə, əlbəttə təbrizli gəlin olmaq məsuliyyətlidir, həm də çox çətindir. Mənim hazırda hüquqşünas olan və Qarabağ həqiqətlərinin bilinməsi üçün də öz sahəsində əlindən gələni edən ikinci övladım, kiçik qızım, bir dəfə haqlı olaraq həyat yoldaşıma və mənə söyləmişdi ki, biriniz Qarabağ, Zəngəzur, biriniz Təbriz, elə bölgələrdənsiniz ki, hər zaman başı bəlalı, yəni problemli bölgələrdir. Yəni bu, insandan böyük məsuliyyət tələb edir. Bizim aləmizin yarısı Güneydə, yarısı Quzeydədir. Təbriz min illik İran coğrafiyasında türklərin hakimiyyətinin ən gözəl şəkildə əmanət edildiyi mübarək bir yerdir. Təbriz bizim üçün Səttərxandır, Xiyabanidir, Pişəvərinin rəhbərlik etdiyi 1945-1947-ci illərdə mövcud olmuş Azərbaycan Milli Hökumətidir. Və ən önəmlisi Təbriz Şəhriyardır, “Varlıq” dərgisi ilə İrandakı Azərbaycan türklərinin səsini dünyaya çatdıran Doktor Cavad Heyət deməkdir. Ümumiyyətlə, Təbriz İrandakı bütün tarixi hadisələrdə çox əhəmiyyətli rol oynayıb. İran İslam İnqilabı və daha öncəki inqilablar da hər zaman Təbrizdə başlayıb. Və İranda mühüm siyasi əhəmiyyətli dəyişikliklə bağlı yenə də düyməyə basılan yer Təbriz olacaq.

– Türkiyə və Azərbaycanın maraqlarına zidd olan fikirlərə sərt reaksiya verdiyinizin də şahidi oluruq. Türkiyəli millət vəkili Ömər Faruk Gergerlioğlunu Azərbaycan dövləti, Prezident İlham Əliyev və Türkiyə dövləti haqda alçaldıcı və ictimai asayişə təhlükə yaradan ifadələr işlətdiyinə görə ona qarşı istintaq başlanması tələbi ilə məhkəməyə müraciət etmisiniz. DEM partiyası Kocaeli millət vəkili Gergerlioğluna Türkiyədə də sərt təpki verilir. Siz daha əvvəl HDP Diyarbakır millət vəkili erməni əsilli Qaro Paylan və HDP-nin keçmiş həmsədri Səlahəddin Dəmirtaşı Azərbaycan əleyhinə böhtan xarakterli və təxribatçı fikirlərinə görə məhkəməyə vermisiniz. Bu şikayətlərinizin bir nəticəsi oldumu?

– Mən Gergerlioğlu haqqında cinayət işi açılması üçün bayram həftəsi Ankara Baş Prokurorluğuna ərizə ilə rəsmi olaraq müraciət etdim. Daha öncə Qaro Paylan və Demirtaş barədə eyni şəkildə müraciət etmişdim və hüquqi müstəvidə lazımi tədbirlər görülmüşdü. Qaro Paylan millət vəkili olduğu üçün Ədliyyə Nazirliyinin icazəsi lazım idi. Türkiyədə buna “fezleke davası” deyirlər. Nazirlik bu icazəni vermişdi və barəsində məhkəmə işi başladılmışdı, nəticədə o, Məclisdəki yerini itirmişdi. İndi eyni şəkildə Gərgərlioğlu ilə bağlı məhkəmə prosesini izləyəcəm.

– Bu ciddi uğurdur… Təbrizin adını çəkdik. İran ərazisi hər gün yeni raket hücumlarına məruz qalır. Bu, qonşuluqda yerləşən ölkə kimi, həm də orada yaşayan Güney azərbaycanlıların taleyi baxımından, Azərbaycanı, eləcə də Türkiyəni narahat edir. Müharibənin miqyası narahatvericidir. Hörmüz boğazının bağlanması ilə ətrafında yaranan gərginlik, Körfəz ölkələrinin savaşa girmək istəməsi, İran rəhbərliyi ilə bağlı yaranmış böhranlı vəziyyət ciddi təşviş doğurur. Bir tarixçi olaraq məsələni dəyərləndirərdiniz.

– İran yalnız molla rejimi demək deyil. İran tarixi, mədəniyyəti, dili və müxtəlif kimlikləri ilə inteqrasiya olunmuş dövlət millətçiliyinə sahib bir coğrafiyadır. İranda dövlət millətçiliyi İslamdan əvvəlki dövrlərə gedib çıxır. Kökü Aryan tarixinə bağlı olan, İslamdan sonra, xüsusən də şiə məzhəbinin mərsiyə mədəniyyəti sayəsində Hüseyni duruşu doktrinası ilə qarışmış bu quruluş iqtidardan narazı kütlələrə xarici müdaxilə ilə çökdürülə bilməz. İnsanların böyük əksəriyyətinin mövcud molla rejimini bəyənmədiyi doğru olsa da, bütün iranlıların İranı çox sevməsi də bir həqiqətdir. Hökumətlə dövlət arasındakı fərqi hesaba almayan ABŞ və İsrail rejimi dövlətlə milli kimlik arasında fərq qoymadan rejimi daş-qalaq etməyə cəhd edincə olanlar oldu.

İsrail Qarabağ müharibəsində Azərbaycana logistika dəstəyi verdi, lakin bu gün Netanyahunun Qəzzada və ya Yaxın Şərqdə yaratdığı və Trampın da vasitəçilik etdiyi müharibə xaosu regional sülhü hədəfləyən Türkiyə və Azərbaycan üçün ciddi problemlər yaradır. Xüsusən də miqrasiya ilə bağlı olmaqla bir çox problemlər qapımızın kandarındadır. Molla rejiminə görə Tehranı və Təbrizi gecə-gündüz bombalamaq bölgəyə demokratiya gətirməyəcək. Bu cür müdaxilə bölgəyə terrorizm və radikal din zəminində iğtişaşlar gətirəcək. Bu, rejimin xeyrinə olacaq. Əgər 40 milyon türkün yaşadığı qonşu bölgədə əhalinin əhəmiyyətli bir hissəsi öz xalqının cəlladı olan, ona silah tuşlayan rejimi müdafiə edirsə, deməli, xarici müdaxilə əks nəticə verib və təəssüf ki, bundan ən çox əziyyət çəkən soydaşlarımızdır…

– Bu məqamda İran rejimi ilə bağlı mövqeyinizi öyrənmək istərdim.

– İranın mövcud rejimi ilə heç vaxt ulduzum barışmayıb. Cənubi Azərbaycanın əlimdən gəldiyi qədər səsi, sözü olmaq üçün çalışmışam və bunu davam etdirirəm. Həyat yoldaşımın cavan qardaşının, anasının dəfn mərasimində iştirak etmək üçün doğulduğu ölkəyə girişinə qadağa qoyulması məsələnin digər tərəfidir… Mən molla rejiminin Yaxın Şərqdə ən təsirli olduğu illərdə orada yaşayan ailə üzvlərimin həyatını riskə ataraq “İranın Etnik Quruluşu” kitabını yazmağa cəsarət edən və bunun əziyyətini çəkmiş biriyəm. Cəmi bir ay əvvəl, Türkiyə və Azərbaycanın bölgədə müharibənin qarşısını almaq üçün böyük səylərinə baxmayaraq, təklif olunan vasitəçilik rolunu rədd edən və yaxınlaşan fəlakətləri görərək odun üstünə benzin tökən İran haqqında “İran Turanın (güclü) olmaması üçün Viran olmağa hazırdır” tənqidi yazısını məqalə şəklində dərc etdim.

– İranda Prezident Pezeşkian və ali lider Xameneidən sonra təhlükəsizlik strategiyası da türk əsilli şəxsə əmanət edildi. Əli Laricaninin ölümündən sonra Ali Milli Təhlükəsizlik Şurasının katibi seçilən Məhəmməd Bakır Zülkadir türk kökənlidir. Laricaninin türklərə münasibəti necə idi?

 – Əli Laricani radikal fars şovinizminin ən bariz nümunəsi idi. Türkləri heç  sevmirdi. O rejimdə rəğbət bəslədiyim yeganə insan Pezeşkiandır, çünki o, İranın hazırkı rejimində ən realist yanaşması olan siyasətçidir. Onun İrandakı iqtisadi çətinliklər səbəbilə xalq etirazlarının ilk günlərində verdiyi “hər şeyi ABŞ-ın və ya İsrailin üzərinə atmaq düzgün deyil, bizdə özünütənqid olmalıdır” açıqlaması son dərəcə humanist və düzgün yanaşma idi. Pezeşkianın daha az nəzərə çarpmasının səbəbi də rejimdən və onun hakimiyyətin tək əldə cəmləşdiyi antidemokratik strukturundan qaynaqlanır.

– ABŞ-ın CBS televiziyası Pentaqon rəsmilərinin İrana qarşı quru əməliyyatı planı üzərində işlədiyini iddia edib. İddiaya görə, ABŞ-ın İranın ən vacib neft ixrac mərkəzi olan Xarq adasını ağır bombardman etməsindən sonra Pentaqon bölgəyə 2500 dəniz piyadası yerləşdirir. Məlumata görə, dəniz piyadaları yola çıxıb və bu addım quru əməliyyatının ilk siqnalı kimi şərh olunub. Sizcə, Donald Tramp fikrini dəyişib belə bir qərar verə bilərmi? Ümumiyyətlə İran-ABŞ-İsrail müharibəsinin hazırki mərhələsini necə dəyərləndirərdiniz?

– Bu məqamda regionun reallıqları ilə tamamilə ziddiyyət təşkil edən bir Tramp görürük. İran müharibənin əvvəlində dediklərini təkrar edir. Amma Amerika eyni şeyləri təkrarlamır. “İranı məhv edəcəyik, xəritədən siləcəyik” əvəzinə, indi “ali liderlə birlikdə Hörmüz boğazını idarə edəcəyik” kimi bəyanatlar verilir. ABŞ qüvvələrini burada toplayır, lakin bölgəni tanımadığı üçün məqsədlə vasitə arasında uyğunsuzluq var. ABŞ Xark adasına girmək istəyir, amma bu ada Hörmüz boğazından 500 km məsafədədir. Hörmüz boğazı həm də “Ölüm vadisi” adlanır. Onu keçmək belə asan olsaydı, müharibə bu qədər uzun sürməzdi. Bundan əlavə, İranı iqtisadi cəhətdən çökdürmək istəyən ABŞ nazirliklərində çalışan məmurların məvacibini ödəyə bilmir. İnqilab Keşikçiləri Korpusunun 80-90%-nin hələ də fəaliyyətdə olması faktı var. Bunu nəzərə alsaq, ABŞ quru əməliyyatına başlamaq istəsə, uğursuz olacaq. Türkiyə və Pakistan tərəflər arasında dialoqu təmin etmək üçün təşəbbüs irəli sürüblər. Amma ABŞ bir tərəfdən danışıqlar aparmaq istədiyini bəyan edir, digər tərəfdən isə Xark adasını işğal etməyə hazırlaşır. Buna paralel olaraq, Çin İrandakı adalardan birində sərbəst ticarət zonaları yaratmaq və “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində Fars körfəzindəki təsirini artırmaq istəyirdi.

 – İran Silahlı Qüvvətləri BƏƏ və Bəhreyni təhdid edib. Bildirilib ki, ABŞ quru hücumu həyata keçirərsə, İran bu ölkələrin sahil xəttini nəzarətə götürməyə və bölgəni dəyişməyə hazırdır. Bu təhdid region və dünya üçün nə vəd edir?

 – BƏƏ və Bəhreyndən quru hücumu olarsa, İran tərəddüd etmədən cavab verəcək. Çünki İran əlindəki bütün kartlarını oynayacaq. Amerikanın dediyi blef də ola bilər. Türkiyə xarici işlər naziri və prezidentinin dediyi kimi, region ikinci belə müharibəyə tab gətirəcək gücdə deyil və regiondakı bütün tarazlıqlar alt-üst olacaq. Hətta koronavirus pandemiyası dövründə görülən tədbirlər belə qlobal iqtisadi böhranın qarşısını ala bilməz. Bu böhranı ən ağır şəkildə ABŞ hiss edəcək. Amerika vətəndaşı isə yalnız gəlirinə baxır. Trampın reytinqi son 27 gündə aşağı düşüb və bu, ara seçkilərin nəticələrində özünü göstərəcək.

– Müharibənin regiona və dünyaya təsirini necə görürsünüz?

– İran hazırda ABŞ və İsrailin beynəlxalq hüquqa zidd formada apardığı müharibəyə eyni şəkildə, yəni beynəlxalq hüquqa uyğun olmayan tərzdə, assimmetrik savaşla qarşılıq verir. Bu müharibədə hər iki tərəf həqiqətən də insan hüquqları, demokratiya, ətraf mühit və ictimai asayiş uğrunda mübarizə aparır?  İnsanlar turistik səfərlərini ləğv etdilər. Gecə-gündüz bombaların yağdığı və kimyəvi maddələrin atmosferə qalxdığı bir mühitdə nəfəs alırıq. Dünya bu gün ləyaqətli mövqe nümayiş etdirmədiyi üçün bu günlər yaşanır.

– Türkiyə Xarici işlər naziri Hakan Fidan açıqlamasında bildirib ki, İsrail ABŞ-a təsir göstərməyə çalışacaq və atəşkəsin və ya tez bir zamanda sülh sazişinin qarşısını almaq istəyəcək. O, bu yanaşmaya qarşı Avropa Birliyinin mövqeyinin önəmli olacağını deyib. ABŞ və İsrailin regional siyasətinə qarşı baş nazir Pedro Sançesin qoyduğu sərt mövqe İspaniyanı bir NATO ölkəsi olaraq digər Avropa ölkələrindən fərqli səviyyəyə daşıdı. Hətta bundan sonra Türkiyə ictimaiyyətində İspaniyaya qarşı simpatiya yaranıb. Bu barədə nə deyə bilərsiz?

 – Avropa Birliyinin özü də müharibədən son dərəcə mənfi şəkildə təsirlənir. Onsuz da Rusiya-Ukrayna savaşı səbəbindən Avropada enerji problemi var idi. İndi Hörmuz boğazı məsələsindən də sonra bu enerji problemi dünyanın hər tərəfində özünü göstərməyə başladı. Yalnız Avropa, ümumiyyətlə, qərb siyasətinin hər zaman riyakar olduğu həqiqəti var ortada. Amma bölgədə sabitliyin bir an öncə bərpa olunması üçün Türkiyə ilə Azərbaycan arasında birgə əməkdaşlıq və dialoq olduğunu bilirik. Xarici işlər nazirləri tez-tez telefonla  danışır və bu barədə mətbuata da xəbər verirlər. Amma burada əsas rol Türkiyənin üzərinə düşür. Türkiyə bölgənin çox əhəmiyyətli bir gücüdür. Xarici işlər naziri bugün səhər erkən saatlardan etibarən müxtəlif dövlətlərdən olan həmkarları ilə telefonla danışıb və Türkiyə müharibənin daha şiddətli hal almaması üçün əlindən gələni edir. Avropa dövlətləri içində indiyə qədər mövqeyini qəti olaraq ortaya qoyan İspaniyadır. Yaşayıb görəcəyik. Azərbaycan əsilli Türkiyə vətəndaşı olduğum üçün biz müharibənin və ondan sonra yaşananların nə qədər böyük əzablara, bəlalara səbəb olduğunu bilən insanlarıq. Ona görə də dünyanın hər yerində sülh və əminamanlığın olması ən böyük arzumuzdur.

Gülnar Səlimova

Globalinfo.az

İstanbul

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
38
globalinfo.az

1Источники