RU

Rüfət Əzizovun blefi: “Cəmiyyəti ələ salmayın!” – Etibar Əliyevdən ADNSU rəhbərliyinə sərt irad

Sabiq deputat, təhsil üzrə ekspert Etibar Əliyev, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru Rüfət Əzizovun “Mötəşəm xəbər” başlıqlı paylaşımına münasibət bildirərək onun açıqlamalarını kəskin tənqid edib. Ekspert bildirib ki, rektorun təqdim etdiyi rəqəmlər və müqayisələr cəmiyyəti çaşdırmağa, universitetin real vəziyyətini pərdələməyə xidmət edir.

NOCOMMENT.az Etibar Əliyevin məsələyə dair həmin paylaşımını olduğu kimi təqdim edir:

“ADNSU rektoru Rüfət Əzizov “Mötəşəm Xəbər” başlıqlı paylaşımında yazır:

“ADNSU beynəlxalq reytinqlərdə mövqeyini gücləndirir! QS (Quacquarelli Symonds) reytinq agentliyinin 2026-cı il üzrə fənn sahələri reytinqində ADNSU iki istiqamət üzrə qlobal siyahıya daxil olub:

Neft mühəndisliyi: 101–150 yer;
Kompüter elmləri və informasiya sistemləri: 451–500 yer.

Bu nəticələr Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin həm ənənəvi güclü (neft mühəndisliyi) sahələrdə mövqeyini qoruduğunu, həm də yeni istiqamətlərdə (kompüter elmləri) sürətli inkişaf etdiyini göstərir”.

Azərbaycan cəmiyyətini var gücləri ilə ələ salırlar!

Bakı Dövlət Universiteti neft mühəndisliyi (bu ali məktəbin profili deyil ) kateqoriyası üzrə 51-100 yerdədir. ADNSU-dan irəlidədir. BDU Kompüter elmləri və informasiya sistemləri kateqoriyası üzrə 601-650 yerdədir. Nə qədər böyük fərq ki?

Sual olunur. Rüfət Əzizov! Kimya mühəndisliyi, riyaziyyat, kimya üzrə yeriniz haradadır? Bu yerləri niyə göstərmirsiniz? Ona görə ki, bu kateqoriyalarda yerlər utancvericidir. Vaxtilə Riyaziyyatın ən güclü tədrisi aparılan ali məktəblərdən biri ADNSU idi. Riyaziyyat elmi nədən bu misgin vəziyyətə düşdü? Riyaziyyat elmi zəifdirsə, Kompüter elmləri və informasiya sistemləri istiqamətləri necə güclü ola bilər? Kimya mühəndisliyi barədə nə deyə bilərsiniz? BDU bu kateqoriya üzrə 401-450-ci yerdə, Kimya üzrə 451-500 yerdə, Riyaziyyat üzrə isə 251-300 yerdədir.

Bu iki ali məktəbdə elmi məqalələrin kəmiyyət göstəricisində AMEA-nın institutlarının əməkdaşlarının payı danılmazdır. İndiyə kimi bunu da danırlar…

Yoldaş Əzizov! Əgər rektor işlədiyiniz 1 ilin uğuru kimi bir kateqoriya üzrə alayarımçıq irəliləmə ilə qürrələnirsinzə, onda digər kateqoriyalarda kəskin geriləmənin səbəbləri nədir?

Rafiq Əliyev Mustafa Babanlının təbliğatçısı idi. Onun haqqında təriflə dolu yazılar yazırdı. İndi də bu cavan oğlanı tərifləyir. Rafiq müəllim! Nə düşünürsünüz, Mustafa Babanlının öydüyünüz islahatları necə oldu? Bəlkə siz də elə başa düşürsünüz ki, bir ilin işçərisində ADNSU Harvarda çevrilib?

Sizdən xahişim: Nə edirsiniz edin, amma cəmiyyəti ələ salmayın…”

Aliyə
NOCOMMENT.az

Избранный
52
nocomment.az

1Источники