RU

"Çin Trampın qalib gəlməsini istəmir" - Elxan Şahinoğlu | ŞƏRH

Bu sözlər siyasi şərhçi Elxan Şahinoğluna məxsusdur. O vurğulayıb ki, yalnız hava zərbələri ilə hakimiyyət dəyişikliyinə nail olmağın çətinliyi əvvəldən bəlli idi. Donald Tramp bu ayın sonunda Çinə səfərini İranla müharibəni başa çatdıra bilməcəyinə görə təxirə salıb. Yeni xəbər isə bundan ibarətdir ki, ABŞ Prezidenti Çinə mayın 14-də səfər etməyi planlaşdırır. Bu o deməkdir ki, müharibə həmin tarixə qədər bitməlidir. Tramp Çinə həmin tarixdə müharibənin qalibi kimi getmək istəyir.Pekin bu müharibədə ABŞ-ın qələbəsini istəmir.Çin lideri Si Cinpin Donald Trampı Pekində qalib kimi qarşılamağın tərəfdarı deyil.

- Çinlə yanaşı Hindistan da Yaxın Şərqdə gərginliyin qısa müddətdə bitməsini arzulayır. Çinin və Hindistanın bölgədə iqtisadi, enerji və nəqliyyat layihələri mövcuddur. Təsadüfi deyil ki, Hindistanın baş naziri Narendra Modi mövcud vəziyyəti müzakirə etmək məqsədilə martın 24-də telefonla ABŞ Prezidenti Donald Trampla danışıb. Aydındır ki, Tramp gələcək planları barədə telefonla danışdığı liderlərə məlumat verməyəcək. Ancaq Trampla mütəmadi telefon danışıqları müxtəlif ölkələrin liderlərinə ona görə lazımdır ki, ABŞ Prezidenti müharibənin davam etdirilməsinin beynəlxalq aləm üçün mənfi nəticələrini anlasın. Müharibə fonunda Çin və Hindistan Rusiyadan ucuz neft alışını artırıblar. Bu iki dövlət Rusiya neftini alarkən, dollara alternativ valyutalarla ödəmə həyata keçirməyə çalışırlar,- ekspert qeyd edib.


O, diqqəti belə bir məqama yönəldir ki,Çin ABŞ-dan fərqli olaraq, müxtəlif bölgələrdə mövqeyini iqtisadi layihələr və yatırımlar vasitəsilə gücləndirməyə çalışıb. Ancaq ABŞ və İsrailin İrana qarşı başlatdığı hərbi kampaniya Pekinin on illər ərzində diqqətlə qurduğu tarazlığı pozmaq təhlükəsi yaradıb.Yaxın Şərqin gələcəyi sual altındadır. Halbuki, Yaxın Şərq bölgəsi Çinin qlobal strategiyasının tərkib hissəsidir. Enerji təhlükəsizliyi Çinin regiondakı mövcudluğunun əsas hərəkətverici qüvvəsidir. Dünyanın ən böyük xam neft idxalçısı olan Çin Fars körfəzindən enerji təchizatından çox asılıdır. Səudiyyə Ərəbistanı, İran və İraq kimi ölkələr Çin iqtisadiyyatını dəstəkləyən əsas təchizatçılar arasındadır və bu da regional sabitliyi Pekinin uzunmüddətli enerji ehtiyacları üçün vacib edir. Eyni zamanda, Yaxın Şərq Asiyanı Avropa və Afrika ilə birləşdirən geniş infrastruktur və ticarət yolları şəbəkəsi qurmağa çalışan Pekinin "Bir Kəmər, Bir Yol" təşəbbüsündə mərkəzi yer tutur. Çin limanlara, enerji obyektlərinə və logistika dəhlizlərinə investisiyalar qoymaqla regionu daha geniş Avrasiya iqtisadi şəbəkəsinə inteqrasiya etməyi hədəfləyir.
“Qarışıqlıq illərlə davam edəcək” -Tofiq Zülfüqarov

Pekin həmçinin son illərdə Yaxın Şərqdəki diplomatik rolunu gücləndirməyə çalışıb. Buna Çinin vasitəçiliyi ilə 2023-cü ildə Səudiyyə Ərəbistanı ilə İran arasında diplomatik münasibətləri bərpasını misal göstərmək olar. Bu təşəbbüs Çinin ABŞ-ın dominantlıq etdiyi bir bölgədə etibarlı diplomatik aktyor və potensial olaraq alternativ vasitəçi kimi təqdim etmək ambisiyasını göstərib.

- Çin üçün İran Yaxın Şərqdəki ən vacib geosiyasi qovşaqlardan birini təmsil edir. İkitərəfli iqtisadi əlaqələrdən başqa, iki ölkə arasındakı münasibətlər Pekinin həyata keçirdiyi daha geniş geoiqtisadi və strateji məqsədlərlə bağlıdır,- Elxan Şahinoğlu vurğulayıb,- Enerji baxımından İran Çinin mühüm neft tədarükçüsü olaraq qalır. Son illərdə Tehrana tətbiq edilən beynəlxalq sanksiyalara baxmayaraq, iki ölkə arasında enerji əməliyyatları, çox vaxt dolayı ticarət mexanizmləri vasitəsilə davam edib. İranın coğrafi mövqeyi ona əhəmiyyətli strateji dəyər verir. Ölkə Orta Asiyanı, Fars körfəzini və Aralıq dənizinə aparan dəniz yollarını birləşdirən əsas ticarət dəhlizlərinin kəsişməsində yerləşir. Bu, İranı Çinin "Bir Kəmər, Bir Yol" Təşəbbüsü vasitəsilə təşviq etdiyi nəqliyyat şəbəkələri daxilində potensial olaraq vacib bir mərkəzə çevirir. Eyni zamanda, İran-Çin tərəfdaşlığı Pekinin Yaxın Şərqdəki varlığını iqtisadi və siyasi əməkdaşlıq vasitəsilə gücləndirmək üzrə uzunmüddətli strategiyasına uyğun gəlir. Buna görə də ABŞ və İsrailin İran qarşı müharibəni davam etdirmələri Pekinin qlobal strategiyası üçün ciddi çətinliklər yaradıb. Fars körfəzindəki qeyri-sabitlik Çinin Yaxın Şərqlə enerji və ticarət əlaqələrinə əhəmiyyətli dərəcədə təsir göstərib. Digər tərəfdən Çin münaqişənin həllinin kənarında qalıb. İranla sıx iqtisadi əlaqələrə baxmayaraq, Pekin özünü gərginliyin azaldılması üçün diplomatik çağırışlarla məhdudlaşdırıb. Çinin imicinə İrana satdığı hərbi texnikanın müharibə zamanı dağıdılması da təsir edib. ABŞ və İsrail Çinin İrana satdığı hava müdafiə sistemlərini məhv edib. Bu müdafiə sistemləri Venesuela səmasını da ABŞ təyyarələrinin və helikopterlərinin hücumlarından qoruya bilmədi. Buna baxmayaraq, müharibə bitdikdən sonra İranın daha çox hərbi texnikaya ehtiyacı olacaq və Tehran yenidən Moskva və Pekinə üz tutmaq məcburiyyətində qalacaq.
Избранный
2
3
azvision.az

7Источники