RU

Başımız aşağı, həyatımız əlimizdən sürüşür

Bir müddət əvvəl psixopatlarla bağlı bir kitab oxudum. Kitabı bitirənə qədər sanki ətrafımdakı xeyli insanı yenidən “kəşf etdim”. Ümumiyyətlə, psixologiya və özünüinkişaf mövzusunda yazılmış əsərləri oxuyanda oradakı müsbət tövsiyələri həyatımda tətbiq etməyə çalışıram. Təbii ki, mümkün olanları. Mümkün olmayanları isə zamana buraxıram.

Ətrafımızda psixopat ruhlu insanlar az deyil. Bu, nə onların günahıdır, nə də seçimi. Daha çox psixoloji və tibbi məsələdir. Xarakterlə bağlıdır və çox vaxt dəyişdirilməsi mümkün olmur. Belə hallarda yeganə çıxış yolu - bacarırıqsa, məsafə saxlamaqdır. Bacarmırıqsa, zərər görməyə hazır olmaq.

Oxuduğum kitabda psixopatlığın müxtəlif əlamətləri sadalanırdı. Amma dünya o qədər sürətlə dəyişir ki, düşünürəm həmin siyahının yenilənməsinə ciddi ehtiyac var. Məndən olsa, o siyahının ən başına müasir bir vərdişi əlavə edərdim:

Skroll bəlası…

Metroya minirsən - vaqonda demək olar hər kəsin başı aşağı, barmağı telefonun üzərində fasiləsiz hərəkətdədir: aşağı-yuxarı, aşağı-yuxarı...

Küçədə eyni mənzərə: insanlar başlarını qaldırmadan yeriyir, qarşısındakını belə görmür. Skroll, skroll...

Evə girirsən, “salam” verirsən - cavab avtomatik gəlir, amma baxışlar telefondan ayrılmır. Barmaqlar isə mexaniki şəkildə ekranı sürüşdürməkdə davam edir.

Tədbirdə natiq danışır, amma onu dinləyən yoxdur. Auditoriyanın duruşu sual işarəsini xatırladır - başlar aşağı, diqqət telefonda.

Bu mənzərəni hər yerdə görmək mümkündür: universitet auditoriyalarında, parklarda, AVM-lərdə, liftdə, hətta tıxacda belə...

Bəs biz niyə tanrının bizə bəxş etdiyi bu qısa ömrü başqalarının həyatını izləməklə keçiririk? Bir neçə saniyəlik videolar, dəyəri şübhəli paylaşımlar... Bunlara sərf etdiyimiz vaxtın qarşılığında nə əldə edirik? Dərdimiz nədir?

Görünür, problem təkcə vaxt itkisi deyil.

Saatlarla başı aşağı telefona baxmaq artıq fiziki dəyişikliklərə də səbəb olur. İnsanları diqqətlə müşahidə edin: boynun arxa hissəsində qəribə çıxıntılar yaranır. Bədən forması dəyişir. Sanki təkamülün əks istiqamətinə gedirik.

Tibb də artıq bu problemlə ciddi məşğul olmağa başlayıb. İnsanlara telefondan düzgün istifadə qaydaları öyrədilir, müxtəlif tövsiyələr verilir. Amma əsas məsələ başqa yerdədir.

Hər şey beynimizin içində başlayır və orada bitir.

Sosial şəbəkələr ömrümüzü hissə-hissə “yeyir”. Biz isə bunun fərqində olmadan, hər gün bir az daha çox vaxt ödəyərək bu prosesin iştirakçısına çevrilirik. Diqqətimiz parçalanır. Səbrimiz yox olur. Dərin düşünmək qabiliyyətimiz zəifləyir. Biz getdikcə daha az düşünən, daha çox reaksiya verən varlıqlara çevrilirik.

Və bu proses səssiz gedir. Biz öz əlimizlə həyatımızı hissə-hissə ekrana dəyişirik. Ən qorxulusu isə budur:

Bir gün başını qaldıranda anlayacaqsan ki, skroll etdiyin həyat sənin həyatın deyilmiş...

Elnur Məmmədli


Telegram kanalımız
Избранный
28
yenisabah.az

1Источники