“Samvel Karapetyan yeni və güclü baş nazir olacaq. Biz heç bir başqa partiyaya səs verməyəcəyik. 300 000 yeni iş yeri yaradacağıq və biznes üçün 0% vergi tətbiq edəcəyik. Möhkəm və uzunmüddətli sülh təmin edəcəyik”.
Bu sözləri hazırda İrəvanda ev dustaqlığında olan, dünyanın ikinci ən varlı ermənisi, rusiyalı milyarder Samvel Karapetyanın yaratdığı “Güclü Ermənistan” partiyasının fəalı, Samvelin qohumu Narek Karapetyan deyib.
Təbii ki, o, növbəti dəfə Nikol Paşinyanın “bostanına” daş atıb: “Daha bir həqiqət: iki aydan sonra Paşinyan özünə iş axtaracaq. Ola bilsin, biz ona da bir iş yeri təklif elədik”.
Karapetyanın iddiasına görə, hakim “Mülki Müqavilə” partiyasının nüfuzu getdikcə düşür və “bütün sorğulara əsasən, növbəti baş nazir məhz Samvel Karapetyan olacaq"...
Əlbəttə, 300 min iş yeri daxil, səslənən vədlərin hamısı seçici-obıvatelin “saqqızını” oğurlamağa hesablanmış təbliğati tryukdan savayı bir şey deyil. Çətini ölkənin birinci postunu ələ keçirənə kimidir.

ikinci yandan, Kremlin desantı sayılan Samvel Karapetyanın ikili vətəndaşlığı var. Bu da ona heç nəzəri cəhətcə də baş nazir postunu tutmağa imkan vermir. Hərgah, onun partiyası bəyan edir ki, “qələbədən” sonra bu əngəl aradan qaldırılacaq. O məntiqlə ki, “qalibi mühakimə etmirlər”. Ancaq necə, bilinmir...
Nikol Paşinyana vəd olunan “iş yerinə” gəlincə, bu da şəksiz ki, sarkazmdır. İş yeri olacaqsa belə, bu, yalnız məhkəmənin kəsəcəyi iş şəklində təsəvvür edilir. Samvel Karapetyanı həbsə atan şəxsin başını tumarlayası deyillər ki. Karapetyan isə sözsüz ki, Moskvanın adamı kimi onun planı üzrə hərəkət edəcək – digər Rusiya yanlıları kimi. Hansılar ki, baş nazirin sülh gündəliyinə qarşı çıxırlar.
Bunu Nikol Paşinyan da yaxşı bilir. Nəinki bilir, vaxtaşırı bu barədə cəmiyyətə müvafiq mesajlar və siqnallar göndərir. Hərçənd, radikal opponentlər cəmiyyətə özlərini “sülh göyərçinləri”, “milli xilaskarlar” kimi sırımağa çalışırlar.
Əslində isə onlar qoyun cildinə girmiş canavarlardır və hakimiyyətə gələn kimi köhnə dağıdıcı ritorikanı rəsmiləşdirəcəklər. O səbəbə Baş nazir yorulmadan radikalların maskasını cırır və əhaliyə xəbərdarlıq edir ki, iyunun 7-də hərblə sülh arasında düzgün seçim eləsin...
Yeri gəlmişkən, iki gün qabaq həmin bu Narek Karapetyan xarici mediaya müsahibəsində hamının bildiyi tarixi faktı kobud şəkildə təhrif edərək köhnə bayatını oxuyub. Guya ötən əsrin əvvəlində İosif Stalin “Dağlıq Qarabağı Ermənistandan alaraq Azərbaycana verib”.
Amma bu siyasi dələduz özünə bir azca əziyyət verib heç olmasa, Rusiya mənbəyinə baxsaydı, bilərdi ki, Dağlıq Qarabağ heç vaxt Ermənistan adlı qondarma dövlətin tərkibində olmayıb, Kommunist (bolşevik) Partiyasının Qafqaz Bürosunun qərarında isə “Dağlıq Qarabağ Azərbaycanın tərkibində saxlanılsın” ifadəsi yer alır. Yəni, öz sahibinin tərkibində. Adı da üstündə. “Qarabağ” nə vaxtdan erməni sözü, erməni yer adı olub?!
Yalançının yaddaşı olmaz. Ən absurdu detal budur ki, belə sərsəm iddia ilə özünə təskinlik tapanlar hələ də bir sual qarşısında acizdirlər: əgər Stalin gerçəkdən də Dağlıq Qarabağı Ermənistandan qoparmışdısa, onda işğal dövründə İrəvan niyə onu özünə “qaytarıb” rəsmirləşdirmədi, yaxud uydurma “dqr”in müstəqilliyini tanımadı?
Odur ki, iyunun 7-də erməni seçicisi olduqca diqqətli olmalı, tilovdakı “yemə” aldanmamalıdır. Ermənilər, nəhayət, inkişaf yoluna çıxmaq istəyirsə, Paşinyanın deyil, məhz karapetyanların, köçəryan və sərkisyanların işsiz qalmasını təmin eləməli, onları əsla yüksək dövlət postlarına dırmaşmağa qoymamalıdır. Əks halda, bu xalqın faciələri bitməyəcək...
Analitik xidmət,
Musavat.com