Ağdamda mina partlayışı zamanı xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.
Bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətlərinin yaydığı birgə məlumatda qeyd olunub.
Bildirilib ki, Ağdam rayonunun Yusifcanlı kəndində martın 26-da baş verən mina hadisəsində 1985-ci il təvəllüdlü kənd sakini Ceyhun Firdovsi oğlu Abbasov keçmiş təmas xəttində minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə mina partlayışı nəticəsində sol ayağından xəsarət alıb.
Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.
Birgə məlumatda vətəndaşlara çağırış edilib: "ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır".
Qeyd edək ki, Ağdam rayonunun Yusifcanlı kəndi ərazisində baş verən mina hadisəsi səbəbi ilə 1985-ci il təvəllüdlü şəxs (kişi) martın 26-da saat 14:50 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Sol aşağı ətrafın baldırın aşağı 1/3 travmatik amputasiyası diaqnozu təyin olunan pasiyentin müalicəsi davam etdirilir, vəziyyəti orta ağır qiymətləndirilir", - deyə bildirilib.