
Azərbaycanda martın 27-də havanın yağıntılı keçəcəyi gözlənilir.
Yeniavaz.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.
Yarımadanın ayrı-ayrı yerlərində gözlənilən qısamüddətli güclü yağıntılarla əlaqədar bəzi ərazilərdə subasma halları istisna olunmur. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 7-9° isti, gündüz 11-13° isti olacaq. Atmosfer təzyiqi 754 mm civə sütunundan 749 mm civə sütununa enəcək. Nisbi rütubət 90-95 % təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.