RU

“Kiçik bir xalq olaraq öz müqəddəratını təyinetmə hüququnun tanınmasına çalışırıq” - Video

Kanakinin (Yeni Kaledoniya) Mədəniyyət, idman və gənclər naziri Mickael Forrestin Anewz kanalına müsahibə verib.

Musavat.com həmin müsahibəni təqdim edir:

- Fransa Yeni Kaledoniyanın statusunu yenidən müəyyənləşdirmək üçün mübahisəli bir plan irəli sürür. Bu plana görə, respublika daxilində müəyyən bir suverenlik forması və Fransa vətəndaşlığı ilə yanaşı yeni yerli vətəndaşlıq təklif olunur. Fransa tərəfdarları bunu kompromis adlandırır, müstəqillik tərəfdarları isə bunun müstəqilliyə aparan yolu daha da qeyri-müəyyən etdiyini deyirlər. Ayın sonunda Milli Assambleyaya təqdim olunacaq bu təklifə daha yaxından baxmaq üçün bizim verlişə Yeni Kaledoniyanın Kanak və Sosialist Milli Azadlıq Cəbhəsinin (FLNKS) üzvü Mikael Forest qoşulur. Xoş gəlmisiniz, cənab Forest. Bizim verlişimizə qoşulduğunuz üçün çox təşəkkür edirik. Gəlin əvvəlcə yerli vəziyyətdən başlayaq. Son insan hüquqları hesabatında 2024-cü il iğtişaşları zamanı fransız təhlükəsizlik qüvvələrinin kanak əhalisinə qarşı qeyri-mütənasib güc tətbiq etdiyi iddia olunur. Bu, hazırda müzakirələri gücləndirən əsas amillərdən biridir? Və o vaxtdan bəri həqiqətən nəsə dəyişibmi?

Dəvətə görə təşəkkür edirəm. Eyni zamanda Qoşulmama Hərəkatı çərçivəsində gördüyümüz işlərə görə Azərbaycana, eləcə də Bakı Təşəbbüs Qrupuna və tərəfdarlarımıza minnətdarlığımı bildirirəm.

Noumea Sazişinin icrası çərçivəsində, xatırladığınız kimi, kanak xalqı xüsusilə 2024-cü ildə müəyyən çətinliklərlə üzləşmişdir. Bu baxımdan biz beynəlxalq səviyyədə müxtəlif imkanlardan – BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitəsi və İnsan Hüquqları Şurası kimi platformalardan istifadə etmişik. Bu səviyyədə siyasi fəaliyyətin davam etdirilməsi bizim üçün olduqca vacibdir.

Bildiyiniz kimi, yeni dünya nizamında çoxsaylı geosiyasi dəyişikliklər baş verir və xüsusilə Sakit okean regionunda FLNKS üçün siyasi dinamikanın qorunması, eləcə də kanak ölkəsinin siyasi təşkilatlanması və suverenliyi baxımından bu imkanlar mühüm əhəmiyyət kəsb edir.

İkincisi, qeyd etmək istərdim ki, dünən Kanaky Yeni Kaledoniyada bələdiyyə seçkilərinin ikinci mərhələsi keçirildi və FLNKS nəticələrə hörmət edərək Parisə siyasi mesaj göndərdi. Bu həftə Fransa Milli Assambleyasında Yeni Kaledoniya ilə bağlı siyasi qərarın qəbul edilməsi məqsədilə müzakirələrə başlanılmışdır. FLNKS isə fəaliyyətini bütün səviyyələrdə – milli, regional, Sakit okean ölkələri çərçivəsində və beynəlxalq platformalarda davam etdirir.

- Cənab Forest, Milli Assambleyaya təqdim olunacaq bu plan Yeni Kaledoniya üçün tam müstəqilliyi nəzərdə tutmur, lakin mövcud status-kvonu üstələyir. Bu plan həqiqi bir həll yoludur, yoxsa sadəcə müstəqilliyi gecikdirmək üçün bir vasitədir?

- Mövcud vəziyyət Yeni Kaledoniyanın Fransa tərkibində saxlanmasına yönəlmiş bir plan kimi qiymətləndirilir və bu, Noumea Sazişinə uyğun deyil. BMT Baş Assambleyasının dekabr ayında qəbul etdiyi qətnamədə də açıq şəkildə qeyd olunur ki, inzibati hakimiyyət kanak xalqının hüquqlarına, o cümlədən təbii sərvətlər üzərində hüquqlarına hörmət etməlidir.

Biz fəaliyyətimizi davam etdiririk, çünki kanak xalqının suverenliyinə nail olunana qədər siyasi dinamikanın qorunması vacibdir. Eyni zamanda Avropada Brexit, Ukrayna, Qrenlandiya və NATO ilə bağlı siyasi çətinliklər yeni imkanlar yaradır. Məqsədimiz Sakit okeanda iqtisadi və ya hərbi gücə çevrilmək deyil; biz kiçik bir xalq olaraq öz müqəddəratını təyinetmə hüququnun tanınmasına çalışırıq.

- Görünür, bağlantı ilə bağlı bəzi problemlər yaşayırıq. Cənab Forestə yenidən bağlanmağa çalışacağıq. Cənab Forest, məni eşidirsinizmi? Az əvvəl bağlantınız qısa müddətə kəsildi. Hazırda bu konkret təkliflə bağlı müstəqillik tərəfdarı liderlər və fəallar xəbərdarlıq edirlər ki, bu model kanakların səs gücünü zəiflədə bilər. Onlar bu məsələdə haqlıdırmı? Və bu konkret modeldən əslində kimin xeyrinədir?

- Sakit okean regionunda Solomon adaları, Fici və Papua-Yeni Qvineya kimi Melaneziya ölkələri ilə müsbət siyasi əlaqələrimiz mövcuddur və FLNKS Melaneziya Qruplaşması təşkilatının üzvüdür. Sakit okean adaları forumunun son sammitində də Yeni Kaledoniya ilə bağlı siyasi qərarlar qəbul edilmişdir.

Eyni zamanda Avropadakı bask və katalan müstəqillik tərəfdarları ilə əməkdaşlıq quraraq əsas mesajımızı belə ifadə edirik: regionunuz və xalqınız üçün çalışın. Yeni Kaledoniya üçün isə məqsəd qarşıdakı 50 il üçün inkişafın yeni mərhələsini formalaşdırmaqdır.

- Gəlin “respublika daxilində suverenlik” nəzərdə tutan və Fransa parlamentinə təqdim olunan bu sənədə qayıdaq. Əgər bu sənəd qəbul olunarsa, bu kimlərin xeyrinə olacaq?

- Qeyd etmək lazımdır ki, Fransa Prezidenti Emmanuel Makronun Milli Assambleyada çoxluğu yoxdur. Bu səbəbdən ötən ay FLNKS nümayəndələri Parisə səfər edərək müxtəlif siyasi qruplarla dialoq aparmışdır. Ümid edirik ki, bütün imkanlar açıq saxlanılacaq və qərarların qəbulunda tələskənliyə yol verilməyəcək.

Hazırda Fransa siyasi baxımdan mürəkkəb bir dövrdən keçir və bu, müəyyən mənada yeni imkanlar da yaradır. Tarixə nəzər saldıqda, Fransa müstəmləkəçilik siyasəti çərçivəsində Afrika, Asiya və Sakit okean regionlarında ciddi çətinliklərlə üzləşmişdir.

- Cənab Forest, daha məsələyə daha diqqətlə baxdıqda müstəqillik referendumu davamlı olaraq təxirə salınır. Fransa sadəcə vaxt qazanmağa çalışır, yoxsa xoşuna gəlməyəcək bir nəticədən yayınır?

- Son olaraq, FLNKS qurultayı Fransa siyasi rəhbərliyini yanlış kommunikasiya prosesinə son qoymağa və səmimi, real dialoq üçün danışıqlar masasına əyləşməyə çağırmışdır. Bu dialoqun əsas məqsədi kanak xalqının öz müqəddəratını təyinetmə hüququna hörmətin təmin edilməsidir.

Избранный
51
5
musavat.com

6Источники