RU

Tehrandan Bakıya rəsmi təşəkkür – Əraqçi Azərbaycanın dəstəyini yüksək qiymətləndirdi

İranın xarici işlər naziri Abbas Əraqçi Yaxın Şərqdə başlayan genişmiqyaslı müharibə fonunda xaricdə köməksiz vəziyyətdə qalan iranlı zəvvarlara göstərdiyi yardıma görə Azərbaycana və bir sıra qonşu ölkələrə rəsmi təşəkkürünü bildirib.

Musavat.com xəbər verir ki, nazir bu barədə İran dövlət televiziyasına verdiyi müsahibədə xüsusi vurğulayıb.
 Əraqçi ABŞ və İsrail ilə davam edən silahlı münaqişə səbəbindən nəqliyyat əlaqələri kəsilən və vətənə qayıda bilməyən zəvvarların təxliyəsi və təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın, Türkiyənin, Ermənistanın, Əfqanıstanın və Səudiyyə Ərəbistanının rolunu qeyd edib. Nazir bildirib ki, müharibə şəraitində yaranmış logistik çətinliklərə baxmayaraq, rəsmi Bakı və digər paytaxtlar humanitar prinsiplərə sadiqlik nümayiş etdirərək iranlıların təhlükəsiz keçidini və qayıdışını təşkil ediblər.

Xüsusilə Azərbaycanın yaratdığı tranzit imkanları sayəsində minlərlə iranlının təhlükəsiz şəkildə quru yolları ilə öz ölkələrinə daxil olduğu bildirilir. Qeyd olunur ki,  Əraqçinin bu açıqlamasını Tehranın gərgin müharibə şəraitində qonşu ölkələrlə, xüsusən də Azərbaycanla münasibətləri qoruyub saxlamaq və humanitar müstəvidə əməkdaşlığı davam etdirmək istəyi kimi qiymətləndirirlər. Səudiyyə Ərəbistanının da adının təşəkkür siyahısında olması regionda diplomatik kanalların hələ də açıq qaldığını göstərir. Hazırda İranın bir çox hava limanlarının hərbi əməliyyatlara görə qapalı olması səbəbindən xarici ölkələrdə qalan digər İran vətəndaşlarının da qonşu ölkələr üzərindən vətənə qaytarılması prosesi davam edir.

Musavat.com

Избранный
35
1
musavat.com

2Источники