"Hazırda qocalma prosesini ləngidən minə yaxın maddə (geroprotektor) elmə məlumdur. Bu vasitələrin böyük əksəriyyəti laboratoriya şəraitində öyrənilsə də, bir qismini asanlıqla tapmaq mümkündür".
Oxu.Az xəbər verir ki, bu barədə Gazeta.ru-ya Rusiya Elmlər Akademiyasının müxbir üzvü, bioloq-alim Aleksey Moskalyov danışıb.
"Geroprotektorlar əsasən üç kateqoriyaya ayrılır: tibbi preparatlar, bioloji aktiv əlavələr və qida məhsullarının tərkibindəki maddələr. Dərman preparatları içərisində ən yüksək təsirə malik olanlar yeni nəsil diabet vasitələridir. Bu dərmanlar beyin və ürəyin funksiyalarını qorumaqla yanaşı, onkoloji xəstəlik ehtimalını aşağı salır, lakin onların qəbulu ancaq həkim göstərişi ilə mümkündür. Ən asan əlçatan olanlar isə qida əlavələridir ki, bura qlisin, astaxantin və L-karnitin kimi təbii komponentlər daxildir. Onların sayəsində hüceyrələr zədələnmələrə qarşı daha dirənişli olur", - deyə ekspert vurğulayıb.
Bununla belə, Moskalyov hesab edir ki, yaşlanma prosesini ləngitməyin ən asan və effektiv üsulu düzgün qidalanma rasionudur. Bu baxımdan sağlam pəhriz həlledici rol oynayır.
"Gündəlik qida rasionunuza göyərti, giləmeyvə, qara şokolad, zeytun yağı, çay, qəhvə və ədviyyatlar əlavə etməyiniz məsləhətdir, çünki bu məhsullar özündə çoxlu sayda geroprotektiv elementlər cəmləşdirir", - deyə mütəxəssis bildirib.