RU

“Anan ölsün, gədə lap dəli divanə olub” 40 il əvvəl vatsapın olduğu kəndin sirri FOTOLAR

ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bir də baxdım ki, atam köçüb gedib bu dünyadan – Mənə iki mirası qalıb…

Səhər tezdən Qayvalı bulağına getdim. Nənəmdən qalma səhəngi doldurdum, gəldim çay qaynatdım, dəmlədim. Bu səhəngin ən az 200 yaşı var. Nənəm deyərdi ki, anası cehiz verib. Yəqin, ona da öz anasından qalıb. Ağlım kəsəndən bu səhəngi və anamın cehizi olan güyümü istifadə edirik.

Atam maşın alandan (1976-cı il) həftədə 2 dəfə bulaqdan su gətirərdi. Qoymazdı hovuzdan su içək. Əslində o su da bulaqdan sayılırdı. Öysüzlü bəylərinin 19-cu əsrin ortalarında çəkdirdiyi kəhrizdən 8-10 tonluq maşınlarla gətirilib, basenlərə boşaldılırdı. Yenə də o suyu içməzdi. Çayı, yeməyi bulaq suyundan hazırladardı.

Tək bizim evdə suya həssas yanaşılmazdı – əksər ailələrdə belə idi. Hər su içilməzdi, hər sudan çay qoyulmazdı, xörək bişirilməzdi. Bir su kultu vardı Öysüzlüdə və ətraf kəndlərdə. “Bu suyun məlakələri haqqı”, “Bu suya and olsun” andlarını eşidərək böyümüşük.

Qızlar, gəlinlər axşam sərinində səhənglə, cürdəklə bulağa gedərdi. Xəbərləşmə, kommunikasiya, bir az da qeybətləşmə məkanı idi bulaqlar. İndiki sosial şəbəkələri, vatsap qruplarını əvəz edirdi bulaq başları. Kimin deyiklisi, istəyəni, namizədi vardı, kimə hansı oğlan “səni istəyirəm” ismarışı göndərmişdi, hansı oğlan məktəbdə hansı qıza baxmışdı – hamısı orda danışılardı. “Sirlər” açılar, niyyətlər bəlli olardı.

Ailələrin təməli bulaq başlarında qoyulardı. Oğlanlar gələcək həyat yoldaşlarını orda seçərdi. Bəyəndikləri qızın adını ürəklərinə, adın baş hərfini ağac gövdələrinə, bəzən hətta döymə ilə qollarına, sinələrinə yazdırardılar. O sevdalı, havalı oğlanların anaları da baxıb, “anan ölsün, gədə lap dəli-divanə olub” deyib, elçiliyə hazırlaşardı.

Oğlanlar bəyəndikləri qızlar haqda ürəklərini ilk bacılarına, ya da xalalarına, bibilərinə açardı. Onlar da anaya xəbər aparardı: “Oğlun filankəsin qızına aşiq olub”. Ana söhbəti ərinə ehtiyatla deyərdi. Ailə institutu bu cür iyerarxik qaydalarla formalaşmışdı o vaxtlar. Ata son instansiya sayılırdı. Axır fikri o söyləyərdi, hər kəs də qəbul edərdi. Bəzən ata oğlunun istəyinə qarşı çıxardı. Müxtəlif səbəblərdən olardı bu “yox” cavabı – nəsil, xarakter, məişət, yaşam uyğunsuzluğu yaranmasın deyə, bəribaşdan xeyir-dua verilməzdi. Amma əksər vaxtlar razılıqla qarşılanardı.

Oğullarla atalar arasında ciddi pərdə saxlanardı. 1950-60-cı illərdə doğulan oğullar ataları ilə çox az danışardı. Bəzən heç danışmazdı. Atalar o vaxt oğulları sakit sevərdi. Oğullar atalarına sarılmadan bağlanardı. Bütün mənalarda məsafə, o kritik hədd qorunardı. Bəzən bir baxışla ata-oğul arasında təmas, anlaşma yaranardı. Atalar tapşırıq verərdi, oğullar əmr alardı. Tapşırıq icra olunmayanda analar dövriyyəyə girərdi. Ərinə oğlunun suçsuz olduğunu “anası ölmüş” sözləri ilə başlayan cümlələrlə anlatmağa çalışardı. Ortamı yumşaltmaq, yaranacaq gərginliyi azaltmaq üçün bütün diplomatik qabiliyyətlərini işə salardı o xeyirxah qadınlar.

1970-lərdə doğulan oğullarla atalar arasında daha yaxın, daha dostca münasibət quruldu. Sanki hər şey qəfil dəyişdi. 

Yeniyetmə vaxtlarımda atamla bulağa getmək mənim üçün əyləncə və xoşbəxtlik sayılırdı. Əsas yoldan bulağa dönəndə maşını mən sürərdim. Mənə avtomobil idarə etməyin təlimini keçirdi. Sevinc və həyəcanla keçirdim sükan arxasına. 12-13 yaşlı oğlan uşağı üçün bundan gözəl nə ola bilərdi?..

İndi bəlkə də məni səhər tezdən Qayvalı bulağına çəkib aparan o yaddaş idi. Maşın o, səhəng o, yol o, su o, bulaq o – amma ata köçüb gedib bu dünyadan. Xatirəsi qalıb sadəcə. Bir də gözəl, təmiz adı. Dünyaya gəldiyi gün – 22 martda kənddə olmağım, onun maşını ilə bulağa getməyim, keçmiş günləri xatırlamağım, qəbrini ziyarət etməyim Tanrının verdiyi bir imkandır əslində. Hər zaman düz yolda olan, dürüst, ərdəmli ataların izindən yürümək bütün övladlar üçün böyük xoşbəxtlikdir.

Səhər çağı dağları duman almışdı. Hava o qədər təmiz idi, hər nəfəs alıb-verdikdə bütün hüceyrələrimdə hiss edirdim bu saflığı. Aralıdan bir nəfər harayladı. “Arif müəllimin oğlu Azərsən?” – səs dağlarda əks-səda verdi.

Uşaq olanda dağlarda bu əks-səda effektini almaq üçün yoldaşlarımızla bir-birimizi səsləyərdik. Səsimizin geri qayıdıb təkrarlanması xoş ovqat yaradardı bizdə. Məktəbdə fizika müəllimimiz Sabir Ələsgərovdan bunun səbəbini soruşardıq. Bariton səsi ilə, təmkinlə izah edərdi. Biz də bir-birimizin üzünə baxıb, çiyinlərimizi çəkərdik. Sabir müəllim dərs vaxtı adımızı çəkməzdi, soyadla çağırardı şagirdlərini. “Abbasov, dur dərsimizi danış” – belə deyərdi.

Məni səsləyən o adama yaxınlaşanda tanışlıq verdi. “Adım Xudayətdir. Ovanın başındanam (kəndin yuxarı hissəsinə “ovanın başı” deyir Öysüzlü camaatı). Əmin oğlu Vidadinin bacanağıyam”. Əslində Vidadiyə əmi deyirik. Kirvəmizdi, qapı qonşuyuq. Əmi qədər əzizdir xətri bizə. Xudayət bəy o qədər mehriban, xoş danışdı, sanki illərin tanışı, dostuyuq. Çay içməyə, yeməyə dəvət etdi. Vaxt darlığı olmasaydı, dəvəti qəbul edəcəkdim. Mən bu inşalarla təması, söhbəti çox sevirəm. Hərəsinin yaddaşında bir xəzinə yatır.

Ona deyirəm, 35 il öncə gəlmişdim bu bulağa, quraqlığa rəğmən suyu soğulmayıb. Bulağın mənbəyini soruşuram. Deyir, ətraf bulaqların mənbəyi Ağ Dağdır. Oradan süzülür, dərələrlə gəlib çıxır bura.

Şəkildə arxada görünən Koroğlu dağıdır. Mülkülü kəndi ilə Öysüzlünün sərhədində əzəmətlə dayanıb yüz illərdir. Duman gəlib, başqa bir gözəllik, sehr qatıb dağa. Buraların insanları da dağ kimidir. 30 il erməni işğalının, işğalçılarının qarşısında dağ kimi dayandı Tovuz camaatı.

Allah Qayvalı kişiyə rəhmət eləsin. Bu bulağı onun adına yaradan, ərsəyə gətirən övladlarına cansağlığı arzu edirəm.

Azər Ayxan

Globalinfo.az

Tovuz, Yuxarı Öysüzlü

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
70
globalinfo.az

1Источники