RU

ADNSU kompüter elmləri və informasiya sistemləri üzrə Azərbaycanda birinci yeri tutub

Bakı, 25 mart, AZƏRTAC

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) QS reytinq agentliyinin fənn sahələri üzrə 2026-cı il nəticələrində mühüm elmi nailiyyət əldə edib. Universitet kompüter elmləri və informasiya sistemləri istiqaməti üzrə ilk dəfə qlobal reytinq siyahısına daxil olub və 451–500 intervalında qərarlaşıb. Həmçinin, bu göstərici Azərbaycan universitetləri arasında həmin istiqamət üzrə ən yüksək nəticədir.

Bu nəticə universitetdə son illərdə informasiya texnologiyaları və rəqəmsal texnologiyalar sahəsində aparılan elmi tədqiqatların və tədris fəaliyyətinin genişlənməsi ilə bağlıdır. Belə ki, 2020-2024-cü illər ərzində kompüter elmləri istiqamətində ADNSU alimləri tərəfindən 534 elmi nəşr hazırlanıb. Bu tədqiqatlara 2735-dən çox elmi istinad olunub və sahə üzrə H-indeksi 19 təşkil edir.

Elmi araşdırmaların əsas istiqamətlərinə süni intellekt, qeyri-səlis məntiq modelləri, qərar qəbuletmə sistemləri, maşın öyrənməsi və böyük verilənlərin analizi daxildir. Bu istiqamətlər müasir rəqəmsal texnologiyaların inkişafında mühüm rol oynayan prioritet tədqiqat sahələri hesab olunur.

Qeyd edək ki, ADNSU alimlərinin son illərdə dərc olunan bəzi tədqiqatları xüsusilə yüksək elmi təsir göstəricilərinə malikdir. Bu araşdırmalar arasında süni intellekt və “IoT” texnologiyalarının səhiyyə sistemində tətbiqi, ürək xəstəliklərinin diaqnostikasında süni neyron şəbəkələrindən istifadə, ağıllı şəhər ekosistemlərində kiber-fiziki sistemlərin idarə olunması və səhiyyə sektorunda böyük verilənlərin analizi kimi mövzular yer alır. Bu işlər beynəlxalq elmi bazalarda yüksək istinad göstəriciləri ilə seçilir.

Kompüter elmləri sahəsində əldə olunan nəticələr universitetdə proqram mühəndisliyi, süni intellekt, kibertəhlükəsizlik və məlumat analitikası istiqamətlərində yeni təhsil proqramlarının tətbiqi, müasir laboratoriyaların yaradılması və beynəlxalq elmi əməkdaşlıq layihələrinin genişlənməsi ilə də bağlıdır.

Избранный
3
4
azertag.az

5Источники