RU

Toybaşı peşəsi və süni intellekt

Süni intellektin insan həyatına sürətlə daxil olması, şübhəsiz, tarix boyu yaşamadığımız yeni dövrün qapılarını açmışdır. Artıq camaat təbii intellekt məhsullarına qara qəpik qədər önəm vermir, hamı süni intellektlə yaşayıb, yaradır. Jurnalistlər başını işlətməyə ehtiyac görmür, xəbərləri kompüter özü uydurur. Təbii gözəllik gedib işinin dalısıyca, indi insanlar hərəsi bir yerdə özünü yığdırmaqla məşğuldur. Robot konveyerindən çıxıbmış kimi, eyni dodaq, burun, göz və sairə - hamısını yazmaq ayıb olar – orqanlara malik insan tipləri hər yerdə gözümüzə girir.

Ancaq görkəmli uzaylı Bill Geytsin açıqlamasına görə, süni intellektin əvəz edə bilməyəcəyi 3 peşə var imiş: falçı, yengə və köşə yazarlığı.

Zarafat edirəm, əlbəttə, Bill müəllim proqramçı, bioloq və energetik peşələrinə həmişə ehtiyac duyulacağını bildirmişdir.

O birilərini təxmin edirdim, lakin montyorluğun bu qədər vacib peşə kimi qalacağı ağlıma gəlməmişdi.

Əslində, bizim camaat bu işlərdə çoxdan dünyanı qabaqlamışdır, sadəcə, özümüzə tənqidi yanaşdığımız, müsbət cəhətlərimizi görmədiyimiz üçün unutmuşuq, diqqətdən kənarda saxlamışıq. Örnək üçün, vaxtilə bizim hansısa rayonda Tok Əli adlı fenomen insan yaşayırdı. Hərdən ekran-efirə çıxırdı, kişini rəsmi şəkildə toka taxırdılar – bir əli ilə elektrik enerjisi mənbəyindən tuturdu, o biri əlində də lampışka (ana dilimizi qorumaq baxımından guya bu yerdə “ampül” tipli nəsə yazmalıydım), işıq həqiqətən yanırdı. Deyəsən sonra işıq idarəsini müvəqqəti Barmek Arabula peşkəş eləyəndə Hüseyn abi Tok Əlini də sayğaca qoşub kişinin bütün enerjisini sümürmüşdü.

Sözümün canı odur ki, hansı peşələr ölür-ölsün, bizdə analoqu olmayan müəyyən işləri heç bir texnologiya əvəz etməyəcəkdir. Məsələn, elə yuxarıda yazdığım toy adətlərimizi götürək. Elçilik, gəlingördü, qayınqırdı, ciyəraxşamı, xınayaxdı, qandüşdü, yengəbaxdı və sairə minilliklərin sınağından çıxmış el adətlərimiz həmişə yaşayacaqdır. Sağdış, yengə, qayınana, bacanaq, kirvə kimi milli peşə və bacarıqlarımız istənilən süni intellektə qalib gəlməyə qadirdir. Çünki bir baldızın söz, qeybət ehtiyatı Silikon vadisindəki terabaytlardan daha çoxdur. Hər hansı ağbirçəkli yengənin həyat təcrübəsini, görüb-götürdüklərini “Habbl” teleskopu Kainatın dərin guşələrində müşahidə edə bilməmişdir.

Təzəlikcə bir videoya rast gəldim, orada toy zamanı gəlinin arxaya gül topası fırlatma adətinə yenilik tətbiq etmişdilər. Gül dəstəsi şəffaf seyfə yerləşdirilmiş, açarlar isə məclisdəki cavan oğlanlara paylanmışdı. Sən demə açarlardan yalnız biri seyfə düşürmüş (buyurun, Freyd gəlsin, izah eləsin). Nəsə, gənclər əlləşdilər, vuruşdular, axırda birinin açarı, türkün sözü, seyfə düşdü və gəlin nazü-qəmzə ilə gülü çıxarıb həmin oğlana verdi. Bu zaman bəy təbilçalanla göbələk salatı yeyirdi, ancaq indi temamız bu deyil, dünya-aləm onsuz qarışıb. 

Yəni, köhnə vaxtdakı gülü hara gəldi selbələmək adəti yeni versiyada özünü sınaqdan çıxarmış oldu. Bəzi toylarda gəlinin təpəsi üstündə oynaması, qudaların öpüşməsi, qonaqların başında boşqab sındırmaq, gitaraçalanı öldürmək kimi adətlər də təkmilləşdirilir, inşallah, dini bayramlar və may ayı qurtaran kimi “Toyfon-17 pro maks” versiyasında şadlıq saraylarında xalqımıza təqdim ediləcəkdir.

Hansısa rayonda, yanılmıramsa Qazaxda isə camaat rəqs edərək yolun içinə çıxmış, avtomobillərin hərəkətini müvəqqəti dayandırmışdılar. Bu da Novruz adətləri baxımından yenilikdir.

Yeni ildə Qar qız və Şaxta Baba arasında da nəsə yenilik eləməliyik, hələ 9 ay imkan var.

İndi söz əlaqədar təşkilatlarındır.  

Избранный
2
50
musavat.com

10Источники