RU

ABŞ və İran müharibənin dayandırılması üçün öz şərtlərini irəli sürüb

ABŞ müharibənin dayandırılması ilə bağlı plan hazırlayıb və vasitəçilər yolu ilə onu İran hakimiyyətinə təqdim edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "The New York Times" məlumatlı mənbələrə istinadən yazır.

Mənbələrin sözlərinə görə, plan 15 maddədən ibarətdir və digər məsələlərlə yanaşı, ballistik raketlər, nüvə proqramı və dəniz gəmiçiliyi ilə bağlı müddəaları əhatə edir.

Qəzet qeyd edir ki, jurnalistlər sənədin özünü görməyiblər.

Nəşrin həmsöhbətlərinin bildirdiyinə görə, ABŞ ilə İran arasında əsas vasitəçi kimi Pakistanın Quru Qoşunlarının komandiri Asim Munir çıxış edib. Onların sözlərinə əsasən, Munir İslam İnqilabı Keşikçiləri Korpusu ilə sıx əlaqələr saxlayır və ABŞ ilə İran arasında mesajların ötürülməsini təmin edə bilir.

İsrailin 12-ci kanalının jurnalisti Yaron Avraam isə bildirib ki, onun məlumatına görə, ABŞ-nin sülh planı İranın nüvə proqramından tam imtinasını, Fordo, Natanz və İsfahandakı nüvə obyektlərinin sökülməsini, eləcə də artıq zənginləşdirilmiş bütün uranın Beynəlxalq Atom Enerjisi Agentliyinə təhvil verilməsini nəzərdə tutur.

Bundan əlavə, İran regiondakı proksi qruplaşmalarına dəstəkdən imtina etməli, həmçinin raketlərinin sayını və uçuş məsafəsini məhdudlaşdırmalıdır. ABŞ-nin sülh planına əsasən, Hörmüz boğazı gəmiçilik üçün açıq zona elan edilməlidir. Bu şərtlərin yerinə yetirilməsi halında isə plana görə, İrana qarşı bütün sanksiyalar ləğv ediləcək və Buşəhrdə tikilən AES çərçivəsində “mülki nüvə layihəsinin inkişafına” yardım göstəriləcək.

Bu arada "Wall Street Journal" isə İranın digər tələbləri sırasında aşağıdakı şərtlərin yer aldığını yazır:

  • Fars körfəzi ölkələrindəki bütün Amerika bazalarının bağlanması da daxil olmaqla;
  • zərbələrə görə kompensasiyaların ödənilməsi;
  • Hörmüz boğazında yeni qaydaların tətbiqi, bunun sayəsində İranın keçid edən gəmilərdən rüsum alması (Misir və Süveyş kanalı ilə oxşar model üzrə);
  • müharibənin yenidən başlamayacağına dair təminatlar və İsrailin Livandakı “Hizbullah” qruplaşmasına zərbələrini dayandırması;
  • İrana qarşı bütün sanksiyaların ləğvi;
  • İranın raket proqramının heç bir məhdudiyyət qoyulmadan saxlanılması.

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldan etibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Buna cavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-nin region ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücum edib.

İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilər ölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə Ayətullah Seyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü Ali Lideri seçib.

İrana hərbi hava hücumları nəticəsində İran Ordusunun Baş Qərargah rəisi general-mayor Əbdülrəhim Musəvi, İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) baş komandanı Məhəmməd Pakpur, Ali Liderinin müşaviri və Müdafiə Şurasının katibi Əli Şəmxani, müdafiə naziri Əziz Nəsirzadə, kəşfiyyat naziri İsmayıl Xətib, Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani, Bəsic Təşkilatının komandiri Qulamreza Süleymani və başqaları hərbi hava hücumları zamanı ölüblər.

1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək Yaxın Şərqin müxtəlif ölkələrini əhatə edib.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyə çağırıb.

Избранный
16
3
bakivaxti.az

4Источники