RU

Azərbaycanın Suriyaya ixrac etdiyi qazın həcmi açıqlanıb

Bu ilin yanvar ayında Türkiyə ərazisi ilə Suriyaya 105,4 milyon kubmetr Azərbaycan təbii qazı tədarük edilib. SİA xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu – EPDK) hesabatında qeyd olunub.

Məlumata görə, ötən ilin yanvar ayında Azərbaycandan Türkiyəyə qaz nəqli olmayıb.

Bu, Türkiyənin 2026-cı ilin yanvarındakı ümumi qaz ixracının payında 51,57 % təşkil edib.

Bildirilib ki, bu ilin ilk ayında Türkiyə ümumilikdə 204,37 milyon kubmetr təbii qaz ixrac edib. İxrac olunan təbii qazın 98,94 milyon kubmetri Bolqarıstana, 0,03 milyon kubmetri isə Şimali Makedoniyaya ixrac olunub.

Bu ilin yanvar ayında Türkiyə ümumilikdə 7 milyard 723,22 milyon kubmetr həcmində təbii qaz idxal edib ki, bu da 2025-ci ilin eyni aylarının göstəricisi ilə müqayisədə 18,94 % çoxdur.

Yanvar ayında Türkiyəyə 3 milyard 870,99 milyon kubmetr qaz boru kəməri vasitəsilə ixrac olunub (50,12 %), 3 milyard 852,23 milyon kubmetr isə (49,88 %) mayeləşdirilimiş təbii qazın (LNG) payına düşüb.

Xatırladaq ki, bu ilin yanvar-fevral aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 4 milyard 380 milyon 705,94 min kubmetr həcmində təbii qaz ixrac edib. Azərbaycandan ixrac edilən təbii qazın dəyəri 1 milyard 285 milyon 413,26 min ABŞ dolları təşkil edib. Hesabat dövründə ixrac edilən təbii qazın həcmi 2025-ci ilin iki ayı ilə müqayisədə 4,6 % çox, dəyəri isə 17,1 % azdır. Hesabat ayında Azərbaycanın ümumi ixracında təbii qazın payı 35,07 % olub.

Qeyd edək ki, 2025-ci ilin iyulun 12-də Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın Azərbaycana işgüzar səfəri çərçivəsində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Suriya Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb. Sənədi SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov və Suriyanın energetika naziri Məhəmməd Əl Bəşir imzalayıblar.

İmzalanmış sənədə əsasən, təbii qazın nəqli üçün bütün texniki hazırlıqlar tamamlanıb. 2025-ci ilin avqustun 2-dən etibarən isə Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya ixracına start verilib.

Layihənin ilk mərhələsində Suriyaya ildə 1,2 milyard kubmetr təbii qazın ixracı planlaşdırılır. Qaz Türkiyənin Kilis şəhəri vasitəsilə Hələb və Homsdakı elektrik stansiyalarına çatdırılacaq və elektrik enerjisi istehsalında istifadə olunacaq. Bu proses nəticəsində 1 200-1 300 meqavatlıq elektrik istehsalı gücünə nail olunması nəzərdə tutulur.

Избранный
7
7
sia.az

8Источники