RU

Sümüklərimiz üçün gizli təhlükə

Bizimyol saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Son illərdə qidalanma vərdişlərimizin dəyişməsi insan sağlamlığına ciddi təsir göstərməyə başlayıb. Tulane University alimlərinin apardığı araşdırmalar göstərir ki, qazlı içkilərin, fast food məhsullarının, çips və müxtəlif şirniyyatların həddindən artıq istehlakı sümüklərin zəifləməsi və sınıq riskinin artması ilə birbaşa əlaqəlidir.

Bu gün qazlı içkilər demək olar ki, gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib. Toylardan tutmuş ad günlərinə, dost məclislərindən ailə süfrələrinə qədər hər yerdə bu içkilər xüsusi yer tutur. Bir çox hallarda süfrənin mərkəzində məhz bu içkilər dayanır. Xüsusilə gənclər arasında onların populyarlığı daha yüksəkdir. Reklamların təsiri, geniş çeşid və asan əlçatanlıq bu məhsulların həyatımıza bu qədər sürətlə daxil olmasına səbəb olub. Lakin bu vərdişlərin görünməyən tərəfi də var. Araşdırmalar göstərir ki, qazlı içkilərin tərkibində olan fosfor turşusu və yüksək şəkər miqdarı orqanizmdə kalsium balansını poza bilir. Kalsium isə sümüklərin möhkəmliyi üçün həyati əhəmiyyət daşıyır. Bu balans pozulduqda sümük sıxlığı azalır, sümüklər daha kövrək olur və hətta kiçik zədələr belə sınıqlara gətirib çıxara bilir. Fast food və çips kimi məhsullar isə qida dəyəri baxımından kasad olmaqla yanaşı, çoxlu duz və zərərli yağlar ehtiva edir ki, bu da sümüklərin inkişafına mənfi təsir göstərir.

Ən təhlükəli məqam isə bu təsirlərin dərhal hiss olunmamasıdır. Gənc yaşlarda orqanizm müəyyən qədər bu zərərləri kompensasiya edə bilir. Lakin illər keçdikcə sümüklər zəifləyir və problem daha qabarıq şəkildə üzə çıxır. Nəticədə yaş artdıqca sınıq riski də artır və bu, insanın həyat keyfiyyətinə ciddi təsir göstərir.

Bu riskləri azaltmaq üçün gündəlik qidalanmada müəyyən dəyişikliklər etmək vacibdir. Qazlı içkilərin yerinə su və ya təbii içkilərə üstünlük vermək, kalsiumla zəngin qidaları daha çox qəbul etmək və fast food məhsullarını minimuma endirmək sağlam sümüklərin qorunmasına kömək edə bilər. Fiziki aktivlik də bu baxımdan mühüm rol oynayır.

Qazlı içkilər və fast food məhsulları həyatımıza rahatlıq və dad qatsa da, onların həddindən artıq istifadəsi uzunmüddətli sağlamlıq problemlərinə səbəb ola bilər. Sümüklərimizin sağlam qalması isə yalnız bugünkü deyil, gələcək həyatımız üçün də böyük əhəmiyyət daşıyır. Buna görə də qidalanma seçimlərimizə diqqətlə yanaşmaq və balansı qorumaq hər birimiz üçün vacibdir.

Leyla Mirzə, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
28
bizimyol.info

1Источники