RU

Nəsillərarası münaqişələr və ailə dəyərlərinin zəifləməsi… Bu, bizi hara aparır?

Moderator.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Azərbaycan cəmiyyətində ailə institutunda baş verən dəyişikliklər son illərdə daha aydın görünür. Qloballaşma və müasir texnologiyaların təsiri, ənənəvi dəyərlərlə yeni sosial modellər arasında gərginlik yaradır. Bu proses yalnız fərdi ailə münasibətlərini deyil, nəsillərarası əlaqələri də əhatə edir.

Bəs, bu dəyişikliklər bizi hara aparır?

Moderator.az mövzunu sosioloq Üzeyir Şəfiyev ilə müzakirə edib.

Sosioloq qeyd edib ki, Azərbaycan müstəqillik əldə etdikdən və qlobal dünyaya açıldıqdan sonra cəmiyyətimizin düşüncəsində ciddi bir transformasiya baş verdi:

"Azərbaycan uzun müddət patriarxal, ənənəvi bir cəmiyyət olub. Lakin qlobal dünyaya inteqrasiya etdikdən sonra liberal dəyərlər ölkəyə daxil oldu və bu dəyərlər ailə institutuna da sirayət etdi.

Beləliklə, ailədaxili sosial-eko mühitdə də dəyişikliklər baş verməyə başladı. Ailənin məzmununda, strukturunda, ailə planlaşdırılmasında və ailədaxili psixoloji iqlimdə artıq Qərbdən gələn təsirlər hiss olunmağa başladı.

Bu proses həm təbii şəkildə baş verirdi, həm də müəyyən güc mərkəzləri tərəfindən sanki məqsədli şəkildə, Azərbaycan kimi ölkələrin ailə institutunu zəiflətmək üçün müxtəlif layihələr vasitəsilə tətbiq olunurdu.

Beləliklə, ailə institutu vasitəsilə cəmiyyətləri dəyişdirmək cəhdləri seriallar, filmlər, layihələr və xüsusilə sosial şəbəkə platformaları vasitəsilə daha da gücləndi və bu prosesi bu gün açıq şəkildə müşahidə edirik. Artıq Azərbaycan ailəsi 30 il əvvəlki ailə modelindən xeyli fərqlənir və müxtəlif təbəddülatlarla müşahidə olunur. Bu dəyişikliklər həm ər-arvad münasibətlərində, həm ailə planlaşdırılmasında, həm də ailə dəyərlərində özünü göstərir".

Üzeyir Şəfiyev qeyd edib ki, ailə üzərində sosial nəzarət və ictimai qınaq zəifləyir. Bu da boşanmaların artan statistikasında, münaqişəli ailələrin sayının çoxalmasında və ailə böhranlarında özünü göstərir:

 "Kişi-qadın münasibətlərində yeni yanaşmalar formalaşır. Qadınlar artıq köhnə qaydalarla yaşamaq istəmirlər, kişilər isə əvvəlki kimi idarəedici rolunu qorumaqda çətinlik çəkirlər.

Bunun nəticəsində ailənin məzmununda və sosial-iqtisadi mühitində dəyişikliklər baş verir. Qadınlar arasında daha müstəqil, daha sərbəst həyat tərzinə meyl artır. Bu, həm də qadınların əvvəlki dövrlərlə müqayisədə daha çox iqtisadi fəallığa malik olması ilə bağlıdır. Əvvəllər iqtisadi asılılıq səbəbindən qadınlar boşanmaya o qədər də meylli olmurdular. Lakin iqtisadi müstəqillik artdıqca, artıq ənənəvi və sərt stereotiplərə dözümlülük azalır.

Eyni zamanda, sosial şəbəkələrin təsiri də bu prosesdə mühüm rol oynayır. Müxtəlif platformalarda boşanmanı təşviq edən, ailə dəyərlərinə qarşı çıxan çağırışlar yayılır. Xüsusilə bəzi istifadəçilər tərəfindən qadınlara daha az tolerant olmağa yönəlik mesajlar verilir. Bu isə cəmiyyətdə müəyyən neqativ təbəqələrin formalaşmasına səbəb olur və nəticədə ailə institutu öz funksionallığını qismən itirməyə başlayır.

Təəssüf ki, artıq sosial şəbəkələrdə ənənəvi ailə dəyərlərinin və arxetiplərin aşağılandığını da müşahidə edirik.

Bu səbəbdən qanunvericilikdə müəyyən dəyişikliklər edilməsi ilə bağlı ehtiyac yarandı, qanunda müəyyən dəyişikliklər də yarandı. Sosial şəbəkələrdə ailə dəyərlərini deqradasiyaya uğradan, təhqiredici və zərərli çağırışlar edən şəxslər üçün hüquqi məsuliyyət nəzərdə tutulur və bu istiqamətdə addımlar atılır.

Ümumilikdə, cəmiyyətdə baş verən bu dəyişikliklər daha çox ailə institutunda – yəni cəmiyyətin əsas nüvəsində özünü göstərir. Bu, valideyn-övlad münasibətlərində, nəsillərarası konfliktlərdə, “atalar və oğullar” qarşıdurmasında aydın hiss olunur".

Sosioloq bildirib ki, nelə bir vəziyyətdə ailələrlə işləyən peşəkar institutların formalaşdırılması zəruridir:

 "Ailələrlə işləyən psixoloqların və sosial işçilərin fəaliyyəti gücləndirilməli, onların lisenziyalaşdırılması və sertifikatlaşdırılması həyata keçirilməlidir. Münaqişəli ailələr qeydiyyata alınmalı və bu ailələrlə peşəkar şəkildə iş aparılmalıdır.

Əgər bu tədbirlər həyata keçirilərsə, ailədaxili münaqişələrin boşanma mərhələsinə çatmadan, preventiv üsullarla qarşısını almaq mümkün olar və münasibətlər tənzimlənə bilər. Bu, eyni zamanda ölkənin demoqrafik inkişafına da mənfi təsir göstərər.

Çünki bu gün ailə planlaşdırılmasında az uşaq modelinə üstünlük verilir və hətta Avropada geniş yayılmış “child-free” (uşaqsız ailə) tendensiyası cəmiyyətimizdə də formalaşa bilər.

Bütün bunların qarşısını almaq üçün cəmiyyətdə ailə institu gücləndirməli, ailə dəyərlərini aktiv şəkildə təbliğ edilməlidir. Ailə institutuna qarşı yönəlmiş zərərli çağırışların qarşısı alınmalı, sosial şəbəkələrdə bu istiqamətdə süzgəc mexanizmləri tətbiq olunmalıdır.

Bu sahədə korporativ sosial məsuliyyət çərçivəsində hüquq-mühafizə orqanları, dövlət qurumları, ailələr və media birlikdə fəaliyyət göstərməlidir. Çünki söhbət sağlam cəmiyyətin formalaşmasından gedir.

Əgər biz cəmiyyətdə sosial anemiyaların qarşısını almaq istəyiriksə, ailə institutu maksimum dərəcədə gücləndirilməlidir.

Çünki uşaqların və yeniyetmələrin sosiallaşmasında ailə əvəzsiz rol oynayır. Lakin bu gün sosial şəbəkələr bu rolu müəyyən qədər öz üzərinə götürməkdədir.

Uşaqlar artıq daha çox sosial şəbəkələrin təsiri ilə formalaşır, nəinki ailə və məktəbin təsiri ilə. Buna görə də ailənin funksionallığını artırmaq, onun dəyərini yenidən gücləndirmək vacibdir ki, cəmiyyətdə sağlam və balanslı nəsil yetişdirə bilək".

Pərvin Şakirqızı

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
25
1
moderator.az

2Источники