RU

Laricaninin yerinə gətirilən Məhəmməd Baqer Zolqədr KİMDİR... - DOSYE

Xəbər verdiyimiz kimi, İranın dövlət idarəçiliyində və təhlükəsizlik aparatında fundamental dəyişiklik baş verib.

Musavat.com xəbər verir ki, martın 17-də İsrail-ABŞ hücumları nəticəsində həlak olan Əli Laricaninin yerinə Milli Təhlükəsizlik Ali Şurasının katibi vəzifəsinə general-mayor Məhəmməd Baqer Zolqədr təyin edilib.

Məlumata görə, İranın ali lideri Müctəba Xameneinin xüsusi razılığı və prezidentin fərmanı ilə bu posta gətirilən Zolqədr, İran siyasi elitasında "sərt xəttin" (mühafizəkarların) ən nüfuzlu simalarından biri hesab olunur.

1954-cü ildə Fəsa şəhərində doğulan yeni katib, həm hərbi, həm də strateji idarəetmə sahəsində böyük təcrübəyə malikdir.

O, uzun illər SEPAH-ın Baş Qərargah rəisi və Baş komandanın müavini postlarını tutub, həmçinin Məsləhət Şurasının katibi kimi mühüm vəzifələrdə çalışıb.

Məhəmməd Baqer Zolqədr təkcə hərbçi deyil, həm də strateji idarəetmə üzrə elmlər doktorudur. Onun siyasi keçmişi olduqca rəngarəng və mübahisəlidir:

İslahatçıların qənimi: O, İranın islahatçı qanadına qarşı kəskin mövqeyi ilə tanınır. 1999-cu il tələbə etirazlarının yatırılmasında aktiv rol alıb.

Əhmədinejadla qarşıdurma: 2005-ci ildə Daxili İşlər nazirinin müavini təyin edilsə də, 2007-ci ildə gözlənilmədən işdən çıxarılıb. İddialara görə, buna səbəb onun ABŞ-nin İrana mümkün hücumu ilə bağlı ölkə daxilində "hərbi həyəcan" elan etməsi və sabiq prezident Mahmud Əhmədinəjadla fikir ayrılığına düşməsi olub.

Onun kürəkəni Kazım Qəribabadi İranın Vyanadakı daimi nümayəndəsi və Beynəlxalq Atom Enerjisi Agentliyindəki elçisi kimi tanınan məşhur diplomatdır.

Ekspertlər hesab edirlər ki, Laricaninin sui-qəsdindən sonra Zolqədrin bu posta gətirilməsi İranın hərbi və təhlükəsizlik siyasətinin daha da sərtləşəcəyinə işarədir. Regionda gərginliyin artdığı bir vaxtda SEPAH generalının strateji sükan arxasına keçməsi Tehranın cavab həmlələrinin anonsu kimi qiymətləndirilir.

Musavat.com

Избранный
28
musavat.com

1Источники