RU

ABŞ-İran gizli xətti: Vaşinqtonun Tehrandakı “yeni adamı” kimdir? DOSYE və pərdəarxası ssenarilər

Yaxın Şərqdə baş verən son hadisələr göstərir ki, bölgədə paralel iki proses gedir. Bir tərəfdən müharibə, qarşılıqlı zərbələr, siyasi təhdidlər və hərbi təzyiq artır, digər tərəfdən isə pərdəarxasında yeni siyasi konfiqurasiyanın konturları cızılır. Son günlər yayılan məlumatlar bu gizli xəttin mərkəzində İran parlamentinin sədri Məhəmməd Baqer Qalibafın dayandığını göstərir.

müxtəlif mənbələrdə yer alan məlumatlara görə, Qalibaf və onun ətrafında formalaşmış İranın müəyyən siyasi-elitar qrupu ABŞ-la qeyri-rəsmi kanallar üzərindən danışıqlar aparır və bu təmaslar artıq ilkin mərhələni geridə qoyub. İsrail mənbələrinə istinad edən xəbərlərdə Qalibafın bu prosesdə əsas fiqur, hətta baş müzakirəçi olduğu vurğulanır. Bu isə o deməkdir ki, Vaşinqton artıq İran daxilində alternativ təsir nöqtələrini sadəcə müşahidə etmir, konkret fiqurlar üzərindən yoxlamağa başlayıb.

Qalibaf:

Məhəmməd Baqer Qalibaf İran siyasi sistemində təsadüfən önə çıxmış fiqur deyil. O, 23 avqust 1961-ci ildə İranın Xorasan bölgəsində yerləşən Torqabeh şəhərində anadan olub. Milliyyətcə farsdır və İran İslam Respublikasının inqilabdan sonrakı sərt siyasi-hərbi nəslinə mənsub sayılır. Onun yüksəlişi klassik mülki siyasət trayektoriyası ilə yox, təhlükəsizlik sistemindən keçib. İran-İraq müharibəsində iştirak edən Qalibaf daha sonra İran İnqilabı Keşikçiləri Korpusunda, yəni SEPAH-da müxtəlif komandan vəzifələrində çalışıb, sonradan hava qüvvələrinə rəhbərlik edib. Ardınca İran polisinin baş komandanı olub, daha sonra isə illərlə Tehran meri kimi fəaliyyət göstərib. 2020-ci ildən etibarən İran parlamentinin sədri postunu tutur. Bir neçə dəfə prezident seçkilərinə qatılsa da, ali icra hakimiyyətinin başına keçə bilməyib. Buna baxmayaraq, o, İran daxilində həm təhlükəsizlik aparatı, həm siyasi institutlar, həm də inzibati idarəçilik baxımından dayaqları olan sistem fiquru kimi qalmağı bacarıb.

Qalibafın bu danışıqlarda önə çıxması da məhz bununla bağlıdır. O, təkcə sərt ritorikası ilə tanınan siyasətçi deyil. Eyni zamanda, SEPAH-la bağlılığı, dövlət təhlükəsizlik aparatına çıxışı, paytaxt Tehranı uzun illər idarə etməsi və parlamentə rəhbərlik etməsi onu İran daxilində keçid mərhələləri üçün uyğun görünən nadir simalardan birinə çevirir. Bu baxımdan Vaşinqtonun ona maraq göstərməsi təsadüfi görünmür.

ABŞ prezidenti Trampın son açıqlamaları da bu prosesin təsadüfi informasiya sızıntısı olmadığını göstərir. Tramp bəyan edib ki, son günlər ərzində İranla “məhsuldar danışıqlar” aparılıb. Bunun ardınca Ağ Ev Pentaqona İranın enerji obyektlərinə və elektrik infrastrukturuna planlaşdırılan zərbələrin beş gün müddətinə təxirə salınması ilə bağlı tapşırıq verib. Bu, hərbi əməliyyatların diplomatik xəttə görə tənzimləndiyini göstərən ciddi siqnaldır. Daha mühüm detal isə Trampın danışıqların “İrandakı ən hörmətli şəxslərdən biri” ilə aparıldığını bildirməsi və həmin şəxsin Müctəba Xamenei olmadığını ayrıca vurğulamasıdır. Mövcud məlumatlar fonunda bu təsvirə ən çox uyğun gələn fiqur məhz Qalibafdır.

Amerika tərəfdən danışıqlarda Trampın xüsusi elçisi Stiv Uitkoff və Trampın kürəkəni Cared Kuşnerin iştirak etdiyi bildirilir. Bu detal olduqca önəmlidir. Çünki söhbət sıradan diplomatik texniki təmaslardan yox, birbaşa prezident çevrəsinin nəzarət etdiyi yüksək səviyyəli siyasi yoxlamadan gedir. Yəni Vaşinqton İran daxilində kiminlə işləməyin mümkün olub-olmadığını araşdırır, eyni zamanda gələcək siyasi transformasiya ehtimallarını da ölçür.

Rəsmi Tehran isə həmişəki kimi bu təmasları inkar edir. İran Xarici İşlər Nazirliyi ABŞ-la hər hansı danışıqların aparıldığını rədd edir. Ancaq belə inkarlar İran siyasi praktikasında yeni deyil. Tehran xüsusilə daxildə ideoloji zərbə yarada biləcək və ya hakimiyyət daxilində parçalanma görüntüsü yaradacaq təmasları ilk mərhələdə heç vaxt açıq etiraf etmir. Bu mənada inkarın özü də prosesin mövcudluğu ehtimalını zəiflətmir, əksinə, onun gizli xarakterini daha da gücləndirir.

Tramp

Məsələnin ən təhlükəli tərəfi isə Qalibafın eyni vaxtda həm danışıqlar masasına yaxın, həm də hədəf dairəsinə daxil fiqur kimi görünməsidir. Yaxın Şərqdə son illərin təcrübəsi göstərir ki, müəyyən keçid dövrü üçün uyğun sayılan, sistem daxilində yeni balans fiquru kimi irəli çıxarılan şəxslər eyni zamanda ən böyük risk altına düşürlər. Bundan əvvəl İranın başqa bir mühüm fiquru – Əli Laricani ilə bağlı da oxşar qiymətləndirmələr səslənmişdi. Onun adı keçid mərhələsinə uyğun fiqur kimi daha çox hallanmağa başladığı dövrdə sıradan çıxarılması regionda sərt siyasi seleksiyanın necə işlədiyini göstərdi. Bu presedent Qalibaf üçün də ciddi xəbərdarlıqdır.

Bu baxımdan Qalibafın bugünkü mövqeyi sadə deyil. O, bir tərəfdən Vaşinqtonun mümkün həmsöhbəti, digər tərəfdən İran daxilində elit qruplaşmanın nümayəndəsi, üçüncü tərəfdən isə İsrailin nöqtə hədəfi ola biləcək adlardan biridir. İsrailin son dövrdə həyata keçirdiyi yüksək dəqiqlikli əməliyyatlar və önəmli fiqurları aradan götürmək taktikası göstərir ki, danışıqlarda iştirak etmək heç kimi qoruma altına almır. Əksinə, bəzən bu cür fiqurlar daha da görünən, daha da prioritet hədəfə çevrilirlər.

Bütün bu mənzərənin fonunda İran prezidenti Məsud Pezeşkianın adı da diqqətlə izlənir. Hələlik onun ABŞ-la təmas fiquru kimi önə çəkildiyinə dair açıq məlumat yoxdur. Ancaq bəzi analitik mərkəzlər və agentliklər Pezeşkianı İranın gələcək transformasiya prosesində daha yumşaq, daha legitim və daha az müqavimət doğura biləcək alternativ xətt kimi dəyərləndirirlər. Bu isə o deməkdir ki, Vaşinqton və digər güc mərkəzləri İran daxilində yalnız bir variant üzərində düşünmür. Qalibaf sərt keçid ssenarisinin, Pezeşkian isə daha siyasi və idarəolunan transformasiya modelinin siması kimi görünə bilər.

Məsud

Bu gün üçün aydın olan budur ki, Məhəmməd Baqer Qalibaf İranın gələcək siyasi düzənində sınaqdan keçirilən əsas fiqurlardan birinə çevrilib. Onun üzərindən həm sistem daxilindən dəyişiklik imkanları yoxlanılır, həm də İran daxilində yeni liderlik ehtimalları ölçülür. Ancaq Yaxın Şərqin amansız siyasi qaydası dəyişmir: burada önə çıxmaq hələ təhlükəsizlik qazanmaq demək deyil. Əksinə, çox vaxt bu, daha böyük riskin başlanğıcı olur. Ona görə də Qalibafın adı danışıqlarda nə qədər hallansa da, bu, onu İsrail bombardmanlarından və ya nöqtə atışı ilə aradan götürülməkdən qorumur. Laricani nümunəsi göstərdi ki, keçid fiquru kimi görünən adlar bəzən ən qısa zamanda susdurulan fiqurlara çevrilirlər.

Məhəmməd Baqer Qalibaf indi sadəcə İran parlamentinin sədri deyil. O, həm də İranın gələcəyi ilə bağlı ən təhlükəli siyasi sualın içində dayanan adamdır: dəyişiklik onun üzərindən keçəcək, yoxsa o da bu dəyişiklik dalğasının növbəti qurbanına çevriləcək?

Musavat.com

Избранный
8
1
editor.az

2Источники