23 mart tarixində, Nyu-York vaxtı ilə saat 06:49–06:50 aralığında — ABŞ prezidenti Donald Trampın "Truth Social" platformasında İranın enerji obyektlərinə zərbələrin təxirə salınması ilə bağlı paylaşımından təxminən 15 dəqiqə əvvəl — Brent və WTI markalı neft fyuçersləri üzrə təxminən 6200 əməliyyat həyata keçirilib.
Ölkə.Az xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.
Trampın açıqlaması neft qiymətlərinin kəskin ucuzlaşmasına, eyni zamanda ABŞ və Avropa səhmləri üzrə fyuçerslərin bahalaşmasına səbəb olub. Qəzet qeyd edir ki, bu əməliyyatların bir quruma, yoxsa bir neçə iştirakçıya məxsus olduğu məlum deyil. Həcmi isə günün həmin saatı üçün adi göstəricidən yüksək olsa da, rekord sayılmır.
Ekspertlər xatırladır ki, ABŞ hakimiyyətinin rəsmi açıqlamaları ərəfəsində iri həcmli əməliyyatların baş verməsi ilk dəfə deyil. Treyderlərdən biri isə belə deyib: “Kimsə sadəcə çox böyük qazanc əldə edib.”
Daha əvvəl bildirilmişdi ki, prezident Tramp ABŞ Silahlı Qüvvələrinə İranın enerji obyektlərinə zərbələri beş gün müddətinə dayandırmaq barədə göstəriş verib.