RU

İran dağılmaq ərəfəsində, Güney Azərbaycan istiqlal yolundadır - ANALİZ

İran savaşından 3 həftədən çox vaxt keçir. İranın hazırkı vəziyyətini necə qiymətləndirməliyik? Lap bəribaşdan bəlli idi ki, İran ABŞ və İsrailin birgə zərbələri qarşısında davam gətirə biləcək bir qüvvə deyil. Düzdür, İranın çox böyük iddiaları var və bu iddiaları gerçəkləşdirmək üçün ciddi hərbi arsenal yarada bilmişdi. Hətta bu gün İranın raket proqramları Qərbi Avropanı hədəf almağa da qadir görünür. Lakin İran istər hərbi, istərsə də texnologiya və kəşfiyyat baxımdan ABŞ qarşısında acizdir. ABŞ və İsrail İranın hava məkanını nəzarətə götürüb. Hava məkanı nəzarət altına almış heç bir dövlət müasir müharibələrdə qalib gələ bilməz. Odur ki, bu savaşın gedişatı və nəticələri ilə bağlı İranın lehinə danışılan istənilən cümlə cəfəngdir. İran təslimiyyət və dağılmaq ərəfəsindədir.

Son xəbərlərə görə, ABŞ prezidenti Donald Tramp İrana ultumatum verərək 48 saat ərzində Hürmüz boğazının açılmasını tələb etdi. Lakin bu gün bəyan etdi ki, İranla danışıqlar nəticəsində qərara alıb ki, İranın elektrik stansiyalarına zərbə endirməyi 5 gün ertələsin. Bu, ABŞ-ın geri çəkilməsi kimi qarşılana bilməz. Əgər yadınızdadırsa, Tramp daha öncə Tehran etirazçıların edamlarını dayandırmaq barədə vəd verdiyini, bu səbəbdən bombardmanı təxirə saldığını bildirmişdi. İran belə bir vəd vermədiyini açıqladı. Nəticədə ABŞ vaxt udaraq İrana daha geniş miqyaslı hücum etdi. İndi də vəziyyət oxşardır. ABŞ-ın “dəniz pişikləri”ni bölgəyə gətirən gəmi İran ətrafına 25 mart-1 aprel arasında çatacaq. Dəniz xüsusi təyinatlılarını daşıyan gəmilərin sürəti buna çatır. İran SES-lərin vurulması hakimiyyətlə yanaşı əhali üçün xeyli problemlər yarada bilər. Odur ki, elektrik qovşaqlarının sıradan çıxarılması ABŞ üçün çox da maraqlı deyil. Amma məşhur misal var: Bildirçinin bəyliyi darı sovrulana qədərdir. ABŞ-ın sudan-quruya əməliyyatı üzrə ixtisaslaşmış dəniz desantlarının gəlişi ilə darı sovrulacaq və İranın hülqumu Trampın əlinə keçəcək.

Təkcə Xark adasının yox, bütün Hürmüz boğazı sahillərinin ABŞ-ın hərbi kontroluna keçməsi zaman məsələsidir. Bu isə indiyə qədər olduğundan həm fərqli əməliyyat, həm də ABŞ-ın digər qoşun növlərinin hərəkətə keçməsi deməkdir. Hürmaz boğazını nəzarətdə saxlamaq üçün ABŞ quruya raket-artilleriya kompleksləri yerləşdirməlidir. Bu da onu deməyə imkan verir ki, Tehrana bağlı qoşunlar həmin zolaqdan geriyə çəkiləcək. Diqqət edirsinizsə, ABŞ və İsrail son günlər Buşəhr-Zahedan xəttini daha intensiv bombalayır. Onu da nəzərə almaq lazımdır ki, bu bölgədə bəluclar sıx yaşayır və onların silahlı mübarizə təşkilatları var. Əgər bölgə İranın kontrolundan çıxarsa, bəlucların siyasi və silahlı mübarizə meydanına atılması ilə İranın parçalanmasına start veriləcək. Bu isə İrandakı digər xalqlar kimi, farsları da hərəkətə gətirəcək məsələdir. Dərin fars gücləri molla rejimini İranın vahidliyini qoruya bilməməkdə ittiham edib hərbi çevriliş gerçəkləşdirə bilərlər. Çünki hazırda əgər başı salamatdırsa, Müctəba Xəmneyi belə anlayır ki, klerikal rejimi qorumaq mümkün deyil.Belə olan halda İrandakı proseslərə Təbrizin baxışı maraq doğurur.

Ümumiyyələ, heç bir toplum yekdil və tam praqmatik olmur- təlatümlər insanları ənənəvi sistemlərdən dərhal qopara bilmir. Lakin cəmiyyətin içindən çıxan liderlər, qəhrəmanlar, aydınlar, mübarizlər situasiyanı qiymətləndirir, dəyişmək üçün hərəkətə keçir və yeni reallıq yaradırlar. Əminəm ki, Güney Azərbaycanda kifayət qədər ağıllı və cəsur insanlar var ki, ABŞ və İsrailin İrana hücumunun tarixi şans, misilsiz fürsət yaratdığının fərqindədirlər. Odur ki, İranda proseslər necə cərəyan edirsə-etsin, 20 milyon civarındakı azərbaycanlıların azadlıq idealı bu dəfə əzilə bilməyəcək. Təbriz Tehrana qalib gələcək ona görə ki, Tehran imperalizmi, şovinizmi, terroru təmsil edir.

Əlbəttə, istənilən proses kimi İran savaşı da Azərbaycanı diqqətli və tədbirli olmağa sövq edir. Ancaq bir məsələ tam aydındır ki, İranda teokratik rejimin çökməsi bundan sonrakı proseslərdən asılı olmayaraq Azərbaycanı olduqca ciddi təhdidlərdən xilas edir. Məsələn, dünənə qədər İranın Xəzərdə ciddi bir donanması vardı, artıq yoxdur. Yaxud Azərbaycana daxildən təhdid yaradan İranpərəst qruplar rejimin çökməsi ilə sıradan çıxacaqlar. Zəngəzur dəhlizi ilə bağlı Qum mollaları, Tehran siyasətbazları yekə-yekə danışa bilməyəcəklər. Bütün bunlar proseslərdən Azərbaycanın uduşla çıxacağının ən sadə göstəriciləridir.

Əlavə edim ki, hazırda Azərbaycanın ideoloji sisteminə İrandan və digər ölkələrdən çox ciddi diversiyalar var. Bunlardan ən birincisi Azərbaycançılıqla bağlıdır. Ötən əsrin 17-ci ilində Bakıda və Moskvada müsəlman qurultayları keçirildi. O zaman “Azərbaycan” deyənlərə qarşı iki əsas ittiham vardı. Bir qism deyirdi ki, Nəsib bəy Yusifbəyli tərəfindən ilk dəfə Gəncədə hayqırılan və daha sonra milli fikir müəssisəsində konsensusa çevrilən “Azərbaycan” şüarı türk dünyasını bölür. Digər qütb isə qəti şəkildə iddia edirdi ki, Azərbaycanın muxtariyyət və istiqlal ideyası islam dünyasını parçalayır. Amma zaman isbat etdi ki, doğru xətt məhz Azərbaycançılıq imiş. İndi də Azərbaycanın tarixi dialektikasını yetərincə dərk etməyənlər aşağı-yuxarı eyni sözləri danışırlar. Bəziləri düşünür ki, Güney Azərbaycanın istiqlalı İran türklərini parçalayır, bəziləri isə şiə cəmiyyətinin bölünməsindən narahatdırlar. Narahat olmasınlar, Güney Azərbaycanın istilalı mahiyyət etibari ilə və strateji planda həm İrandakı digər türklərin hüquqlarını yüksəldəcək, həm də şiəliyi fars şovinizminin əsarətindən xilas edəcək, sekulyar bir cəmiyyətdə etiqad səviyyəsində qoruyacaq. Türklüklə İran eyniləşə bilmədiyi kimi, şiəliklə İranı eyniləşdirmək də kökündən səhvdir.

Избранный
40
aznews.az

1Источники