İranın rəsmi xəbər agentliyi "Mehr News Agency" tərəfindən yayılan məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyev Novruz bayramı münasibətilə İran rəhbərliyinə təbrik mesajı göndərib və iki ölkə arasında dostluq və əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb.
Mesajın məzmunu klassik diplomatik çərçivədə təqdim olunur. İlham Əliyev İran Prezidenti Məsud Pezeşkiana ünvanladığı məktubda qeyd edir ki, iki xalqı birləşdirən tarixi, dini və mədəni bağlar əsasında münasibətlərin inkişafı qarşılıqlı maraqlara xidmət edir və bu istiqamətdə birgə səylər davam etdirilməlidir.
Lakin bu mesajın ünvanı diqqətdən qaçmamalıdır. Çünki İran siyasi sistemində əsas qərarverici fiqur prezident deyil. Bu sistemdə son söz sahibi Ali dini liderdir. Məhz buna görə ortaya sual çıxır: Azərbaycan prezidenti mesajı niyə birbaşa İranın ali dini liderinə yox, prezidentə ünvanlayır?
Bu, sadəcə protokol məsələsi kimi görünə bilər. Amma regionun mövcud geosiyasi reallığında bu detal daha fərqli oxunur. Bakı son illərdə Tehranla münasibətlərdə açıq şəkildə iki xətt arasında seçim etməyə çalışır: bir tərəfdə ideoloji və daha sərt xətti təmsil edən dini liderlik strukturu, digər tərəfdə isə daha praqmatik və nisbətən elastik görünən prezident institutu.
İlham Əliyevin mesajının məhz prezidentə ünvanlanması bu mənada təsadüfi deyil. Bu, Bakının dialoq üçün daha çox siyasi və icraedici qanadı seçdiyini göstərir. Başqa sözlə, Bakı İranla münasibətləri ideoloji mərkəzlə deyil, siyasi idarəetmə səviyyəsində qurmağa üstünlük verir. Bu yanaşma həm də son gərginlik fonunda daha məntiqli görünür.
Son aylarda İranın Azərbaycana qarşı sərgilədiyi sərt ritorika, Naxçıvan istiqamətində insidentlər və ümumi təzyiq siyasəti daha çox məhz ideoloji mərkəzdən qaynaqlanır. Belə bir şəraitdə İlham Əliyevin mesajı həm diplomatik jestdir, həm də seçimdir.
Bəs bu tabloda İranın ali dini lideri haradadır? Formal olaraq o, sistemin zirvəsindədir. Real olaraq isə o, siyasi kommunikasiyanın mərkəzində görünmür. Bu da İranın daxilində müəyyən paralel güc mərkəzlərinin mövcudluğunu bir daha göstərir.
Bir tərəfdə seçilmiş prezident və hökumət, digər tərəfdə isə ideoloji və təhlükəsizlik aparatını idarə edən dini liderlik strukturu. Rəsmi Bakı bu iki xətt arasında daha işlək olan kanalı seçir. Bu, sadəcə diplomatik jest deyil. Bu, geosiyasi seçimdir.
Elbəyi Həsənli
Sürix