RU

Dünya ÇALXALANIR - 3 ölkə HƏRƏKƏTƏ KEÇİR - ŞOK GƏLİŞMƏ

“Rusiya, Çin və Hindistan ABŞ və İsrailin İrana qarşı müharibəsini diqqətlə izləyir, yaranan fürsətlərdən istifadə etməyə çalışırlar”.

Bu sözləri Musavat.com-a açıqlamasında politoloq Elxan Şahinoğlu bildirib.

Analitik mövcud vəziyyəti şərh edərkən deyib:

“Birincisi, İrana qarşı müharibə fonunda Vaşinqton Rusiyaya qarşı sanksiyaları yumşaldıb. Bundan istifadə edən Rusiya dünya bazarlarına daha çox neft ixrac etməyə başlayıb. Rusiya nefti ilə dolu tankerlər Asiya ölkələrinin limanlarına yaxınlaşırlar. İkincisi, İrana qarşı müharibə və Hörmüz boğazındakı gərginlik neft qiymətlərinin qalxmasına da səbəb olub ki, bu, Rusiyanın gəlirlərini artırıb. Üçüncüsü, ABŞ Hindistana Rusiyadan neft almağa qoyduğu qadağını müvəqqəti dondurub. Bu isə Hindistanın işinə yarayıb. Çinə gəldikdə, bu ölkə də Rusiyadan enerji ixracatını artırıb. Çin 2026-cı ilin ilk ayında Rusiyadan neft idxalını son 11 ilin ən yüksək səviyyəsinə qaldırıb. Çin yanvar və fevral aylarında Rusiyadan 161 milyon barel neft alıb. Bu, gündəlik 2.7 barel deməkdir. Beləliklə, Hinidistan kimi, Çin də ABŞ-nin Rusiya neftinə tətbiq olunan sanksiyalarının yumşalmasından istifadə edib”.

elxan.jpg

Elxan Şaginoğlu onu da qeyd edib ki, Rusiya prezidenti Vladimir Putinin Çinə səfərə hazırlaşdığı xəbəri yayılıb:

“Əslində bu ayın sonunda ABŞ prezidenti Donald Tramp Çinə səfər etməli idi. Ancaq İranla müharibənin davam etməsi səbəbindən Tramp Çinə səfərini ən azı bir ay təxirə salıb. Görünür, Putin Trampın Çinə səfərini təxirə salmasından öz məqsədləri üçün istifadə edərək Ağ Ev sahibindən əvvəl Pekinə getmək istəyir. Putinin Çin lideri Si Cinpinlə müzakirə edəcəyi mövzular arasında Yaponiyanın hərbi gücünü artırması da olacaq. Yaponiya Çin və Şimali Koreya təhlükəsi qarşılığında hərbi büdcəsini və raket istehsalını artırmağı planlaşdırır. Bu, Moskva ilə Pekinin narahatlığına səbəb olub. Rusiya və Çin hesab edirlər ki, Yaponiya İkinci Dünya müharibəsindəki məğlubiyyətindən sonra qəbul etdiyi sülhpərvər Konstitusiyasının bəndlərinə riayət etməlidir. Halbuki, bölgədə reallıqlar dəyişib və Tokio mövcud təhlükələr qarşılığında hərbi gücünü artırmaq məcburiyyətindədir”.

Politoloq bildirib ki, Rusiya Çinlə yanaşı, Hindistanla da əməkdaşlığı genişləndirməyi planlaşdırır:

“Hindistanın baş naziri Narendra Modinin yaxın aylarda Rusiyaya səfəri reallaşacaq. Bu səfər zamanı iki ölkə arasında enerji əməkdaşlığının inkişaf etdirilməsi müzakirə olunacaq. Narendra Modi BRİCS təşkilatının rolunun artırılmasında maraqlıdır. Modi hesab edir ki, BRİCS Yaxın Şərqdə müharibələrin dayandırılması üçün diplomatik fəallığını artırmalıdır. Çünki Yaxın Şərqdə gərginlik və müharibələr BRİCS üçün ciddi problemlərə səbəb olub. Bölgədəki müharibələr nəqliyyat yollarından istifadəyə və gəmiçiliyə əngəllər yaradıb”.

Elxan Şahinoğlu bu məsələlərin Tehranla müzakirə olunduğunu da xatırladıb:

“Narendra Modi bu mövzunu İran prezidenti Məsud Peşeşkianla telefon söhbətində də müzakirə edib. Pezeşkianın mövqeyi belə olub ki, bölgədə gərginliyin aradan qaldırılması üçün ABŞ və İsrailin İrana təcavüzü dayandırılmalıdır. Məsud Pezeşkian həmçinin Qərbi Asiya ölkələrindən ibarət təhlükəsizlik çərçivəsi ideyasını irəli sürüb. Ancaq Pezeşkianın təkliflərinin reallaşması çətindir. Çünki İran qonşu ölkələrə də raket və dron zərbələrini davam etdirir. Belə şəraitdə İranın iştirakı ilə yeni regional ittifaqların formalaşması problematikdir”.

Elşad Paşasoy,
Musavat.com

Избранный
71
48
musavat.com

10Источники