RU

Hörmüz ABŞ-nin əlinə keçərsə… – Düyməyə basıldı!

Hörmüz boğazı üzərində qurulan hərbi və siyasi gərginlik artıq lokal münaqişə çərçivəsindən çıxaraq qlobal bir enerji müharibəsinə çevrilmək üzrədir. İranın son bəyanatlarında “enerji zərbələri” mərhələsinə keçid edildiyini elan etməsi, əslində illərdir qorunan “status-kvo”nun çökdüyünü göstərir. Bu boğaz vasitəsilə daşınan neftin dünya istehlakının təxminən 20 faizini təşkil etməsi, ABŞ-nin mümkün müdaxiləsini həm iqtisadi zərurət, həm də strateji bir “şahmat gedişi”nə çevirir.

ABŞ-nin Hörmüzü nəzarətə götürməsi təkcə İranın logistik imkanlarını məhdudlaşdırmayacaq, həm də Tehranın regiondakı bütün proksi qüvvələrinə (Husi, Hizbullah və s.) gedən maliyyə və hərbi dəstək yollarını tamamilə bağlayacaq. Belə bir ssenaridə İranın manevr imkanları sıfıra enir və daxili narazılığın iqtisadi böhranla birləşməsi hakimiyyət dəyişikliyi üçün əlverişli zəmin yaradır.

Məsələ ilə bağlı NOCOMMENT.az-a siyasi şərhçi Heydər Oğuz danışıb.

Heydər Oğuz

O, qeyd edib ki, Hörmüz boğazı İran üçün sadəcə bir su yolu deyil, bu ölkənin həm hərbi doktrinasının mərkəzi, həm də dünya gücləri ilə apardığı bazarlıqda ən güclü kartıdır:

“ABŞ bu boğazı ələ keçirərsə, bu, İranın onilliklər boyu qurduğu ümüqavimət oxu”nun fiziki olaraq parçalanması mənasına gələcək. Məsələnin ən kritik tərəfi odur ki, boğazın əldən verilməsi İranda daxili idarəetmə sisteminin legitimliyini dərhal sual altına qoyacaq. Neft gəlirləri kəsilən bir dövlət aparatı nə ordunu, nə də SEPAH-ı maliyyələşdirə bilər, bu isə zəncirvari şəkildə hakimiyyətin süqutuna yol açan ən qısa yoldur. Lakin biz burada enerji müharibəsi reallığını unutmamalıyıq. İran artıq açıq şəkildə bildirir ki, “mən məhv olsam, hamı məhv olacaq”. Bu o deməkdir ki, boğazın nəzarətini itirən Tehran son çarə kimi bütün körfəzin enerji infrastrukturunu – Səudiyyənin “Aramco” terminallarından tutmuş, Qətərin mayeləşdirilmiş qaz zavodlarına qədər hər yeri hədəf alacaq”.

Heydər Oğuzun sözlərinə görə, bu, dünya bazarlarında neftin barelinin 200-250 dollara qədər sıçramasına, qlobal inflyasiyanın idarəolunmaz həddə çatmasına və xüsusilə Çin kimi enerji asılılığı olan nəhənglərin iqtisadiyyatının sarsılmasına səbəb ola bilər:

“Region ölkələri – xüsusilə Azərbaycanın cənub qonşuları və ərəb dövlətləri üçün bu, ekoloji və iqtisadi fəlakət riskidir. ABŞ-nin bu addımı bir növ ‘vabank’ gedişidir; ya Tehran rejimini bir neçə həftə ərzində diz çökdürəcək, ya da onillərlə davam edəcək böyük bir regional yanğının fitilini alovlandıracaq. Hazırda dünya nəfəsini dərərək bu düymənin nə vaxt basılacağını gözləyir”.

Turan
NOCOMMENT.az

Избранный
264
50
nocomment.az

10Источники