RU

Trampın “İran şahmatı”: Dəhşətli QƏRAR veriləcək

ABŞ-nin İranla bağlı həyata keçirdiyi hərbi-strateji kurs yeni və daha kritik bir mərhələyə qədəm qoyub. Xüsusilə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri Bredli Kuperin son bəyanatları Vaşinqtonun Tehrana qarşı yalnız xarici hərbi təzyiqlə kifayətlənməyəcəyini, həm də daxili xalq hərəkatını prosesin həlledici elementinə çevirmək niyyətini ortaya qoyur. Hazırda davam edən “Şir nəriltisi” əməliyyatı İranın hərbi və strateji infrastrukturunu hədəf alarkən, ABŞ rəhbərliyinin İran xalqına “küçələrə çıxmaq üçün hələ tezdir” mesajı verməsi regionda “fırtına qabağı sakitlik” kimi qiymətləndirilir. Donald Trampın “Xüsusi Planı” kimi xarakterizə edilən bu strategiya, hərbi zərbələrlə xalq üsyanının sinxronlaşdırılmasını nəzərdə tutur.

Məsələ ilə bağlı NOCOMMENT.az-a şərh verən siyasi şərhçi Azər Hüseynov bildirib ki, general Kuperin müraciəti əslində İran xalqına deyil, birbaşa mövcud rejimə ünvanlanmış psixoloji təzyiq formasıdır.

Azər Hüseynov

Şərhçinin sözlərinə görə, ABŞ-nin “aydın siqnal” ifadəsi təsadüfi seçilməyib; bu, rejimin idarəetmə sütunlarının – xüsusilə də təhlükəsizlik qüvvələrinin və SEPAH-ın zəiflədiyi anı hədəfləyir:

ABŞ Prezidenti Donald Trampın strategiyası İranı daxildən çökdürmək üçün “maksimum təzyiq” siyasətinin hərbi fazaya keçmiş formasıdır:

“Generalın “indi vaxtı deyil” deməsi xalqı qorumaqdan daha çox, hərbi zərbələrin yaradacağı xaosun idarəolunmaz həddə çatmasını gözləmək və həmin məqamda daxili etirazların effektivliyini artırmaq məqsədi daşıyır.

Əgər ordunun və polis qüvvələrinin təchizatı, rabitəsi və komandanlıq mərkəzləri iflic olarsa, xalqın küçələrə çıxması rejimin sonunu gətirən həlledici faktor olacaq. ABŞ-ın gözlədiyi “uyğun zaman” məhz təhlükəsizlik qüvvələrinin öz silahlarını xalqa qarşı çevirməkdən imtina edəcəyi və ya fərariliyin kütləviləşəcəyi andır”.

Azər Hüseynovun fikrincə, Tehranda tətbiq edilən internet kəsintiləri və hərbi hərəkətlilik fonunda hakimiyyət daxili üsyanın hər an alovlanacağından ciddi şəkildə ehtiyatlanır:

“Vaşinqtonun bu taktikası İran daxilindəki müxalif qrupları və geniş xalq kütlələrini vahid mərkəzdən idarə olunan siyasi prosesə hazırlayır. Donald Tramp administrasiyasının əsas hədəfi İran xalqını hədəf seçmədən, yalnız terroru dəstəkləyən rəhbərliyi devirməkdir. Bununla belə, regionda yaranmış gərginlik göstərir ki, düymənin basılacağı “aydın siqnal” anı yalnız İranın deyil, bütün Yaxın Şərqin geosiyasi xəritəsini dəyişəcək gücdədir”.

Turan
NOCOMMENT.az

Избранный
71
nocomment.az

1Источники