RU

Elnarə Rəsulova: Xalçamın Azərbaycan Evində sərgilənməsi mənim üçün xüsusi əhəmiyyət daşıyır

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İstanbul, 22 mart, AZƏRTAC

Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə İstanbulun “Türk dünyası mədəniyyət məhəlləsi”ndəki Azərbaycan Evi yenilənərək Novruz bayramı tədbirləri çərçivəsində qapılarını ziyarətçilərə açıb. Bu, mənim üçün xüsusi əhəmiyyət daşıyan günlərdən biridir. Çünkü, Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamından ilhamlanaraq hazırladığım xalçam daimi eksponat kimi Azərbaycan evində sərgilənəcək.

Bu fikirləri AZƏRTAC-a açıqlaması zamanı Azərbaycan Rəssamlar İttifaqının üzvü, xalq yaradıcılığı həvəskarı Elnarə Rəsulova ifadə edib.

Yaradıcılığı və xalça sənəti ilə bağlı məlumat verən Elnarə Rəsulova bildirib ki, indiyədək ideya müəllifi olaraq 30-a yaxın xalça nümunəsi hazırlayıb.

“2024-cü ildə Qarabağın müxtəlif şəhərlərində, həmçinin bir sıra beynəlxalq sərgilərdə şəxsi kolleksiyamdan ibarət sərgilər təşkil olunub. Şəxsi kolleksiyama məxsus iki xalça isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana hədiyyə edilib. Eyni zamanda, dünyada analoqu olmayan ikiüzlü xalçanın müəllifiyəm”, - deyə Azərbaycan Rəssamlar İttifaqının üzvü qeyd edib.

Azərbaycan evində sərgilənəcək “Bir millət, iki dövlət” mövzulu xalçanın 2021-ci ildə ərsəyə gəldiyini bildirən sənətkar sözlərinə belə davam edib: “Xalçanın adı Ümummilli Lider Heydər Əliyevin Türkiyə-Azərbaycan münasibətlərini ən gözəl şəkildə ifadə edən məşhur kəlamdan ilhamlanıb və 2020-ci ildə baş verən İkinci Qarabağ müharibəsi zamanı Türkiyənin Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstəyə ithaf olunub”.

Bildirilib ki, xalçada hər iki dövlətin ortaq mədəniyyəti, soy kökləri və dil birliyi bədii şəkildə əks etdirilib. Kompozisiyada Azərbaycanın XVII əsrə aid, hazırda Nyu-Yorkdakı Metropoliten İncəsənət Muzeyində qorunan “Əjdahalı” xalçasından, eləcə də Türkiyənin XVI əsrə aid olduğu müəyyənləşdirilən “Lotto” xalçasından fraqmentlərə yer verilib. Həmçinin əsərdə İslam dinini tərənnüm edən məscid təsvirləri əks olunub. Əsas ideya isə 2020-ci ildə azad edilən torpaqlarda yerləşən tarixi məscidlərdə uzun fasilədən sonra ilk dəfə azan səslərinin ucalmasını simvolizə etməkdir.

“Son bir neçə il ərzində Türkiyədə bir sıra mühüm layihələr həyata keçirmişəm. Bu layihələrdə mənə daim dəstək göstərən və bu tədbirin təşkilinə şərait yaradan Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Samir Abbasova, həmçinin “Xarıbülbül” Azərbaycan Mədəniyyət Birliyinin rəhbəri Kamalə Kamal Cabbarovaya dərin minnətdarlığımı bildirirəm” -, deyə o, sözlərini tamamlayıb.

Günel Karatepe

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
103
azertag.az

1Источники