RU

Novruz bayramının ekran həyatı

525.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bu gün ölkəmizdə Azərbaycanın ən qədim və ən kütləvi ümumxalq bayramlarından biri olan Novruz bayramı qeyd olunur. Novruz torpağın oyanışı, bolluğun, bərəkətin rəmzidir. Xalqımız ta əsrlərdən bəri Novruz bayramını milli kimlik, mənəvi bağlılıq kimi qoruyub, saxlayıb, yad təsirlərdən mühafizə edib. Uzun illər qadağalara məruz qalsa da, Novruz bayramı ən çətin dövrlərdə belə Azərbaycan xalqının milli-mənəvi yaddaşının simvolu kimi var olub.

Novruz bayramı deyəndə, milli adət-ənənələr, xalqımıza məxsus özəl mərasimlər yada düşür. Əlbəttə, bu adət-ənənələrin nəsillərdən-nəsillərə ötürülməsində əsas vasitəçilərdən biri də mədəniyyətdir, incəsənətdir. Məsələn, iki əsrə yaxın yaşı olan Azərbaycan kino sənəti öz batinində neçə belə gözəl adət-ənənələri qoruyub-saxlayıb, bu günümüzə çatdırıb. Novruz ərəfəsində xatırlananlardan biri də Azərbaycan kinosunda milli adət-ənənələrimizin əksi mövzusudur. Xüsusən Sovet hakimiyyəti dövründə müxtəlif qadağalara məruz qalan bu ənənələrimiz senzura qılıncından yayınaraq kinomuza nə zaman, necə ayaq açdı?

Mövzu ilə bağlı həmsöhbətimiz Azərbaycan Kinotənqidçilər və Kinoşünaslar Gildiyasının sədri, tanınmış kinoşünas, telejurnalist, dosent Nadir Bədəlovdur. Nadir müəllim deyir ki, əslində, bu sahədə elə bir çətinliyimiz olmayıb, milli adət-ənənələrimiz kinoya asan yolla ayaq açıb:

- Bu proses daha çox Bakı ilə əlaqədar olub. Çünki Bakı Rusiyanın ən böyük sənaye şəhərlərindən biri idi. Burada fotoqraflar, kameralardan istifadə etməyi bacaranlar fəaliyyət göstərirdilər. Bunlar da əsasən qeyri-azərbaycanlılar idilər. Hətta bəzən elə olurdu ki, həftədə bir dəfə film çəkilirdi. Bu filmlərin çoxu da daha çox etnoqrafik xarakter daşıyırdı. Deməli, milli adət-ənənələrə də yer verilirdi. Çünki burada modernləşmə xarakterik idi. Modernləşməyə meyilli sənət üçün də yerli mühit etnoqrafik xarakter daşıyır. Bunları real həyat səhnələri kimi çəkirdilər. Məsələn, 1917-ci ildə çəkilmiş "Arşın mal alan" filmini misal göstərə bilərik. Deyilənə görə, filmin prodüseri Üzeyir Hacıbəyovun özü olmuşdu. Təəssüf ki, bu gün həmin film əlimizdə yoxdur.

Sonrakı illərdə bəzi filmlərdə adət-ənənələrimiz təhrif olunmuş şəkildə göstərilməyə başladı. Məsələn, "Bismillah" filmində biz bunu görə bilərik ki, bəzi dini adət-ənənələr cəhalətin göstəricisi kimi tənqidi şəkildə təqdim olunurdu. Şəxsən mən bununla heç razılaşmıram. Son dövrlərdə o filmlə əlaqədar müsbət rəylər də eşidirik, ancaq mən buna təəssüf edirəm. Çünki o film bizim adət-ənənələrimizə, dünyagörüşümüzə birbaşa təhqirdir. O filmdə bizim böyük aktyorumuz Abbas Mirzə Şərifzadə rejissor olub. Təbii ki, dövrün tələbinə görə, ona verilən tapşırığı yerinə yetirməli, bu filmi çəkməli idi, amma sonradan bütün varlığı ilə bu filmdən imtina edib.

Daha sonrakı dövrlərdə isə kinolarımızda milli adət-ənənələrimiz göstərilməyə başladı. Sovet dövründə məzmunca sosialist, formaca milli prinsipindən istifadə edərək son dərəcə maraqlı filmlər çəkməyə başladılar. Onlardan biri "Arşın mal alan" filmi idi ki, çox maraqlı, həmçinin, keyfiyyətli bir sənət əsəridir. Xüsusən, onun sonuncu, yəni toy səhnəsi bu günün özündə belə böyük heyrət doğurur. Məsələn, bu səhnəyə baxarkən onun istənilən yerində ekranı saxlasan, sanki rəssam əli çəkilmiş bir tablo görəcəksən. Hər bir kadr nəfis tablodur.

"Fətəli xan" filminin adını çəkə bilərik ki, orada da milli motivlər çox gözəl şəkildə göstərilib.

Bu sırada xüsusilə adı çəkilməli filmlərdən biri "O olmasın, bu olsun"dur. 1956-cı ildə Hüseyn Seyidzadə tərəfindən çəkilmiş bu film indiyə qədər də öz ətrafında müzakirələrə səbəb olur, hər dəfə böyük maraqla izlənir. Bu filmdə xalqımızın nişan, toy adətləri ən gözəl şəkildə öz əksini tapıb. Bəzi məqamlar satirik şəkildə təqdim olunsa da, toy səhnəsinin təsviri çox möhtəşəmdir. Gəlinin gətirilməsi, oğlan evinin, qız evinin adamlarının toyda iştirakı, otağın bəzədilməsi kimi ənənələrimiz o qədər gözəl təqdim olunur ki, insan heyran olur.

- Söhbət "O olmasın, bu olsun" filmindən düşmüşkən, oradakı toy səhnəsində bəzədilmiş xonça təsviri var. Bu xonçadan, onun içərisində yandırılan şamlardan çıxış edərək bəzi kinoşünaslar iddia edirlər ki, bu, Novruz bayramına, Novruz adət-ənənələrinə göndərmədir. Hətta Novruz bayramının kinoda ilk əksi kimi bu filmi misal çəkirlər. Sizin fikriniz maraqlıdır, həqiqətən o xonça motivi Novruz adət-ənənəsindən gəlirdi, yoxsa elə toy adəti idi?

- Xeyr, mən bunu əminliklə deyə bilərəm ki, bu, toy adətidir. Çünki mən yaşım etibarilə zamanında toylarımızda bu cür xonçaların bəzədilməsini, şamların yandırılmasını görmüşəm. Orada Novruzla əlaqədar heç nə yoxdur. Əsas məsələ əsl toy ənənələrimizin əksi idi. Orada şam yandırılması, gəlinin başının üstündə konfet yağışı, kəllə qəndin gətirilməsi ən gözəl toy adətlərimizdəndir.

- Bəs Novruz adət-ənənələri kinomuza nə zaman, hansı filmlə ayaq açdı?

- Novruz Azərbaycan filminə gec-tez ayaq açmalı idi, açdı da. Bu, "Yeddi oğul istərəm" filmi ilə baş tutdu. Mərhum sənətkarlar Yusif Səmədoğlu və Tofiq Tağızadənin birgə işi olan bu film qeyri-adi bir sənət əsəridir. O filmdə bir səhnədə Novruz şənliyi göstərilsə də, bütün film başdan-sona Novruz haqqındadır. Ostrovskinin "Qar qız" adlı bir əsəri var. Əsərdə Qar qız Yeni il zamanı gəlir, amma burada bir oğlana vurulur. Yeni il bayramı bitsə də, Qar qız sevgisinə görə getmir. Zaman yetişir, yay gəlir, havalar istilənir və Qar qız öz sevgisinə qurban gedərək əriyib yoxa çıxır. Bu filmdə də Humay qurban idi. Novruz oyanışdır, yeni həyatdır. Yeni həyat da qurban tələb edir. Filmin sonuna diqqətlə fikir versəniz, yeddi oğul atla gedərkən, onların dalınca su atılır. Su həyatdır, həyatın davamıdır. Bu həyat üçün də qurban lazım idi. Həmin qurban Humay oldu. Səməd Vurğun özünün "Komsomol poeması"nda məhz Novruz ruhunu bütün əsər boyunca saxlamışdı. Əsər özü ilə yeni həyatı tərənnüm edən Novruzdan bəhs edirdi. Yusif Səmədoğlu da bu əsər əsasında yazdığı ssenaridə bunu böyük ustalıqla əks etdirə bilmişdi.

Həmçinin, "Dəli Kür" filmindən danışa bilərik. İsmayıl Şıxlının eyniadlı romanı əsasında Hüseyn Seyidzadənin çəkdiyi bu film də başlı-başına Novruz haqqındadır. Kür nə zaman dəli olur? Yaz gəlib, sular artanda. Yazda qan qaynayır, Kür kimi hər kəs sanki dəlilik halına keçir. Cahandar ağa dəlilik halındadır, başqasının arvadını götürüb qaçırır. Bəli, bu, olmazdı, günah idi, zina idi. Amma nə deyəsən ki, bahar dünyanın dəli çağıdır. Digər yandan Cahandar ağa kimi zəhmli bir kişinin qızı sevdiyi insan üçün məktub göndərir, xonça qoyur. Cahandar ağanın bacısı başqa cür dəlidir. Yəni bu, hisslərin oyanışı, qanın qaynar çağı idi. Divanəlik baş alıb gedirdi.

Filmdə hadisələr irəlilədikcə isə görürsən ki, bunun sonrasında yenilik, yəni maarifçilik gəlir. Dünya bu dəliliklə yenilənməyə hazırlaşır. Bu da məhz Novruzda olur.

Novruz adət-ənənələri zaman-zaman bir çox filmlərimizdə maraqlı tərzdə öz əksini tapıb. Amma mənə elə gəlir ki, bu iki filmdə olan Novruz fəlsəfəsi başqa heç bir filmdə yoxdur.  

- Nadir müəllim, Sovet dövründə çəkilən filmlərimizdən danışdıq. O filmlər ki, bu və ya digər şəkildə orada milli adət-ənənələrimiz öz əksini tapıb. Bəs o filmləri birləşdirən əsas nüans nə idi, sizcə?

- Kino adlı yeni bir sənət növü Bakıya qədəm basdı. O Bakı ki, İçərişəhərdən və o zaman üçün bir-birindən olduqca aralı yerləşən 32 kənddən ibarət idi. Burada çoxlu pirlər var idi. Ortada isə Xəzər dənizi yerləşirdi. Bakı küləklər şəhəri idi. Ona görə evlər də küləkdən qorunmaq üçün içəriyə doğru tikilirdi. Burada həm də çox sayda digər xalqların nümayəndələri yaşayırdı. Kəndlərdə el-oba, şəhərdə isə millət yaranır. Kino Bakıda idi və o milləti yaratmağa, o milliliyə xidmət edirdi. Bu filmləri birləşdirən bir cəhət elə o milliləşmə və sivilləşmə yolu idi. Axı bizim elə filmlərimiz var ki, orada adət-ənənələrimiz göstərilməkdən əlavə, müasirləşmə problemi də qoyulub. Məhz o bir xətdə səsləşən milliliklə müasirləşmə həmin filmlərin ortaq cəhəti idi. Əgər biz məhz milli adət-ənənələrə fokuslanıb qalsaq, köhnəlikdə qalacaq, bir addım da irəli gedə bilməzdik. Əgər sırf müasirləşməni seçib adətlərimizdən imtina etsək, onda milli kimliyimizdən uzaqlaşmış, köksüz, heç bir mənbəyi olmayan bir xalq olacaqdıq. Bu ikisi bir-birini tamamlayanda isə millət olur.

Şahanə MÜŞFİQ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
54
525.az

1Источники