RU

ŞOK İDDİA: "Patriot" Bəhreyndə 32 nəfərin yaralanmasına SƏBƏB OLDU

Martın 9-da Bəhreynin Sitra bölgəsində 32 nəfərin yaralanması ilə nəticələnən partlayışa ABŞ-nin "Patriot" hava hücumundan müdafiə sistemində baş verən nasazlıq səbəb ola bilər.

Musavat.com xəbər verir ki, bu barədə "Reuters" agentliyi müstəqil ekspertlərin rəyinə istinadən məlumat yayıb.

Bəhreyn rəsmiləri agentliyin sorğusuna cavab olaraq bildiriblər ki, raket hədəfi havada uğurla zərərsizləşdirib. Lakin agentliyin qeyd etdiyinə görə, nə ABŞ, nə də Bəhreyn tərəfi partlayışın İranın pilotsuz uçuş aparatı (PUA) tərəfindən törədilməsinə dair hər hansı sübut təqdim etməyib.

"Reuters" həmçinin vurğulayır ki, hadisə anında Sitra səmalarında hər hansı dronun olub-olmadığını dəqiqləşdirmək mümkün olmayıb.

Kaliforniya ştatının Monterey şəhərindəki Middlebury Beynəlxalq Araşdırmalar İnstitutunun mütəxəssisləri raketin partlayış yerindən 7 kilometr cənub-qərbdə ABŞ tərəfindən idarə olunan "Patriot" batareyasından atılmış ola biləcəyi qənaətinə gəliblər.

Mütəxəssislərin ehtimalına görə, raket hədəfi alçaq hündürlükdə vurmalı olduğu halda, uçuş zamanı gözlənilmədən partlayıb.

Xatırladaq ki, martın 9-da Bəhreyn Nazirlər Kabineti Sitra bölgəsinin İran tərəfindən bombardman edilməsi nəticəsində 32 nəfərin xəsarət aldığını bəyan edib.

Musavat.com

Избранный
68
musavat.com

1Источники