RU

Həyat fəlsəfəsinin əsasını mərhəmət, insanpərvərlik və sədaqət təşkil edir...



Bu gün Azərbaycan ictimai-siyasi həyatında özünəməxsus yeri olan, xeyirxahlığı və çoxşaxəli fəaliyyəti ilə seçilən Novruz Aslanovun doğum gündür. Yazın ilk günündə dünyaya gələn bu böyük ürəkli insanı tanımaq adamda qürur hissi yaradır...
İnsan ömrü bəzən sadəcə yaşanan illərlə deyil, o illərin içində görülən işlərin dəyəri ilə ölçülür. Novruz Aslanov məhz belə ömür sahiblərindəndir. Uzun illərdir Azərbaycan Respublikasının Milli Məclisində xalqın etimadını doğruldaraq deputat kimi fəaliyyət göstərən bu ziyalı şəxsiyyət, eyni zamanda incə ruhlu bəstəkar kimi də tanınır. Onun qəlbindən süzülüb gələn melodiyalar müğənnilərin ifasında canlanaraq dinləyicilərin könlünə yol tapır, duyğuları oyadır, qəlbləri riqqətə gətirir. Bu musiqilər sadəcə notların düzümü deyil, bir insanın daxili aləminin, hisslərinin səmimi ifadəsidir.

Lakin onu fərqləndirən təkcə sənətə bağlılığı deyil. Novruz Aslanovun həyat fəlsəfəsinin əsasını mərhəmət, insanpərvərlik və sədaqət təşkil edir. O, artıq 27 ildir ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti kimi fəaliyyət göstərir. Bu illər ərzində ölkədə və onun hüdudlarından kənarda baş verən fəlakətlər zamanı ilk köməyə çatanlardan biri olması onun insanlıq borcuna necə yanaşdığını açıq şəkildə göstərir. Harada ağrı-acı varsa, orada onun izini görmək mümkündür.

Dostluğa sədaqət onun xarakterinin ayrılmaz hissəsidir. O, yalnız sağ olan dostlarına deyil, dünyasını dəyişmiş insanların xatirəsinə də böyük ehtiramla yanaşır. Onların doğum günlərindı və anım günlərində məzarlarını ziyarət etməsi, xatirələrini yaşatması onun nə qədər dərin mənəvi dəyərlərə sahib olduğunu göstərir. Bu xüsusiyyətlər müasir dövrdə nadir rast gəlinən keyfiyyətlərdəndir.
Novruz Aslanov həm də bir neçə kitabın müəllifi kimi düşüncələrini, həyat təcrübəsini və dünyagörüşünü oxucularla bölüşür. Onun fəaliyyəti dövlət tərəfindən də yüksək qiymətləndirilmiş, müxtəlif orden və medallarla təltif olunmuşdur. Bu mükafatlar yalnız rəsmi qiymət deyil, həm də xalqın ona olan hörmətinin təcəssümüdür.

Bu gün onun ömür yoluna nəzər saldıqda bir həqiqət aydın görünür: o, yaşadığı illəri mənalı, faydalı və iz qoyan illərə çevirə bilib. Həm siyasətdə, həm humanitar sahədə, həm də incəsənətdə öz sözünü deməyi bacaran nadir şəxsiyyətlərdəndir.
Ad günü münasibətilə ona möhkəm cansağlığı, yeni uğurlar və daha uzun illər boyu xalqına xidmət etmək gücü arzulamaq ən səmimi diləklərin ifadəsi olar. Çünki belə insanlar cəmiyyətin dayağı, mənəvi sütunudur.

Şəmsiyyə Kərimova,
Əməkdar jurnalist




Избранный
89
1
aia.az

2Источники