RU

Dövlət xidmətlərinin keyfiyyətinin artırılması üçün əhəmiyyətli mərhələ



Azərbaycanda dövlət qulluğu sistemində mükafat mexanizminin ləğv edilməsi barədə qəbul edilmiş dəyişikliklər ilk baxışda radikal görünə bilər. Lakin bu addımın qarşısında duran strateji məntiqi düzgün anladıqda ortaya olduqca müsbət və səmərəli transformasiya modeli çıxır. Müəyyən olunmuş qaydalara əsasən dövlət büdcəsi hesabına verilən həm kollektiv, həm də fərdi mükafatlar sistemi ləğv edilir və əməkhaqqı sistemi daha sadə və vahid struktura keçir. Bu dəyişiklik dövlət qulluğunda mükafatların artıq mövcud olmayacağını təsdiqləyir, lakin bu addımın arxasında daha geniş iqtisadi və inzibati strateji məqsədlər dayanır.

Əvvəla, bu qərar dövlət qulluğu sahəsində təhlükəsizlik və proqnozlaşdırıla bilən gəlir mühiti yaratmaq baxımından əhəmiyyətlidir. Əvvəllər mükafatların həcmi müxtəlif, əlavə vəsaitlərdən asılı olaraq dəyişirdi ki, bu da əməkhaqqı strukturunda qarışıqlıq və qeyri-sabitlik yaradırdı. Yeni yanaşma ilə əməkhaqqı daha çox sabit və əvvəlcədən planlaşdırılan hissəyə söykənəcək ki, bu da həm dövlət büdcəsinin idarəolunmasında şəffaflığı artıracaq, həm də dövlət qulluqçularının gəlirlərinin daha sabit şəkildə formalaşmasına zəmin yaradacaq. Bu, iqtisadi planlaşdırma baxımından müsbət addımdır.

Bu islahat həmçinin dövlət qulluğu sahəsində sistemli və professional yanaşmanın gücləndirilməsinə xidmət edir. Mükafatların ləğvi əməkhaqqının əsasını yalnız peşəkar bacarıq, vəzifə səviyyəsi və vəzifə öhdəliklərinin yerinə yetirilməsi təşkil edəndə, sistem daha ədalətli və uzunmüddətli motivasiya mexanizmi kimi çıxış etməyə başlayır. Yəni mükafatlar artıq əlavə stimuldan çox, əsas maaş elementinə inteqrasiya olunmaqla əmək haqlarının təkmilləşdirilməsinə və sabitliyinə töhfə verir.

Nəhayət, bu addım şəffaflığı artırmağa xidmət edir. Əməkhaqqı strukturunun sadələşdirilməsi və mükafat mexanizminin aradan qaldırılması mühasibatlıq məsələlərində də kompleks hesablamaları minimuma endirir və ictimaiyyət üçün daha anlaşılan sistem yaradır.

Yekun olaraq deyə bilərəm ki, mükafat sisteminin ləğvi təkcə sadə bürokratik dəyişiklik deyil, daha çox dövlət qulluğunun effektivliyi, sabitliyi və şəffaflığı istiqamətində struktur islahatlarının mühüm hissəsidir. Bu addım, əməkhaqqı sisteminin qabaqcıl beynəlxalq təcrübələrə uyğunlaşdırılması, peşəkarlığın əsas rəqabət elementi kimi qiymətləndirilməsi və dövlət xidmətlərinin keyfiyyətinin artırılması üçün əhəmiyyətli bir mərhələdir.

Yusif Bağırzadə, politoloq
Избранный
109
newscenter.az

1Источники