Ağalı kənd parkında hər iki kəndin sakinləri üçün təşkil edilmiş festival çərçivəsində Novruz bayramının personajları olan Bahar qızı, Kosa və Keçəlin təqdimatında məzəli oyunlar, ənənəvi tamaşalar, həmçinin incəsənət xadimlərinin ifasında bədii-əyləncəli proqram təşkil olunub. Uşaqlar üçün xüsusi zonada interaktiv fləşmoblar, viktorinalar keçirilib, hədiyyələr paylanılıb.
Tədbirin qonaqları sacda hazırlanan lavaş, fəsəli, kətə, həmçinin bölgənin endemik bitikisi sayılan çirişotu kətəsinin dadına baxıblar. Kəndirbazlar, pəhlivanlar, yumurta boyayayanlar və digər folklor nümayəndələrinin iştirakı ilə baş tutan Novruz festivalı sonda bayram tonqalı ətrafında birlik rəmzi olan Yallı rəqsi ilə başa çatıb.



















