RU

Rusiyanın ABŞ-a təklifinin PƏRDƏARXASI: Putin nəyə nail olmaq istəyir?

Rusiyanın ABŞ-a Ukrayna ilə bağlı kəşfiyyat məlumatlarının ötürülməsinin dayandırılması müqabilində İranla bağlı həssas hərbi məlumatların paylaşımını dayandırmaq təklifi beynəlxalq siyasətdə yeni geosiyasi hesablaşmaların siqnalı kimi qiymətləndirilir. Bu təşəbbüs həm Vaşinqton–Moskva münasibətlərinə, həm Avropanın təhlükəsizliyinə, həm də Yaxın Şərqdə qüvvələr balansına təsir edə biləcək mühüm addım hesab olunur.

Bəs Kreml bu təkliflə hansı strateji məqsədləri hədəfləyir?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən siyasi şərhçi Cavanşir Abbaslı bildirib ki, İran ətrafında baş verən son hərbi gərginliklər fonunda Rusiya ilə İran arasında pərdəarxası müəyyən razılaşmaların olması barədə iddialar artıb.

Onun sözlərinə görə, xüsusilə fevralın 28-dən sonra və yayda baş verən 12 günlük qarşıdurmadan sonra bu cür fikirlər daha da güclənib.

Ekspert qeyd edib ki, Rusiyanın İran məsələsində sərt mövqe nümayiş etdirməməsi və daha çox yumşaq bəyanatlarla kifayətlənməsi müxtəlif suallar doğurur:

Cavanşir Abbaslı

“Bəyanatların məzmununa diqqət yetirəndə görürük ki, Moskva kifayət qədər ehtiyatlı davranır. Bu isə müəyyən dairələrdə belə qənaət yaradır ki, Rusiya regionda tam şəkildə geri çəkilməyib, əksinə, prosesləri arxa planda tənzimləməyə çalışır”.

Cavanşir Abbaslı vurğulayıb ki, İran Rusiyanın ən yaxın müttəfiqlərindən biri olaraq qalır və Moskvanın birdəfəlik Yaxın Şərqdən çəkilməsi real görünmür. Bununla belə, Rusiyanın ABŞ və İsrailin İrana qarşı addımlarını kəskin şəkildə pisləməməsi diqqət çəkən məqamdır:

“Rusiyanın ABŞ-a etdiyi bu tip təkliflər bir neçə strateji məqsədə xidmət edir. İlk növbədə, Kreml Ukrayna müharibəsində təzyiqləri azaltmaq və Qərblə müəyyən kompromis imkanları yaratmaq istəyir. Eyni zamanda, Moskva Yaxın Şərqdə balanslaşdırıcı rolunu qorumağa çalışır.

Bu iki ölkə arasında münasibətlər heç vaxt tam birlik formasında olmayacaq. Lakin müəyyən situasiyalarda taktiki yaxınlaşmalar mümkündür”.

Aynurə İsmayıl
KONKRET.az

Избранный
31
1
konkret.az

2Источники