Müharibə səbəbindən Təbrizdə qalan Azərbaycanın tanınmış yazıçısı Həmid Herisçi artıq Bakıya qayıdıb.
Musavat.com xəbər verir ki, yazıçı Təbrizdə keçirdiyi günlərlə bağlı sosial şəbəkə hesabında diqqətçəkən qeydlər paylaşıb. Onun sözlərinə görə, bölgədə baş verən hadisələr zamanı maraqlı və fərqli məqamlar müşahidə olunub.
Belə ki, ABŞ və İsrail hərbi aviasiyası Təbriz üzərində əməliyyatlar zamanı xüsusi taktiki yanaşma sərgiləyib. İddialara görə, raket zərbələrindən əvvəl hədəf seçilən ünvanlara əvvəlcədən xəbərdarlıq mesajları göndərilib, sakinlərdən həmin əraziləri tərk etmələri tələb olunub. Qısa müddət sonra isə zərbələr endirilib.
Yazıçı qeyd edir ki, Tehran istiqamətində həyata keçirilən əməliyyatlarda bu cür yanaşma müşahidə olunmayıb və analoji “humanitar xəbərdarlıqlar” verilməyib.
Onun paylaşımında diqqət çəkən digər məqam isə Təbrizdəki bu fərqli davranışın mümkün səbəbləri ilə bağlı səsləndirilən iddialardır. Bildirilir ki, bu yanaşma İlham Əliyev ilə Donald Tramp və Benyamin Netanyahu arasında olan münasibətlərlə izah edilir. İddialara görə, Azərbaycan prezidenti tərəfindən dinc əhaliyə zərər dəyməməsi üçün əvvəlcədən xəbərdarlıq edilməsinin vacibliyi vurğulanıb.
Müəllifin qeyd etdiyi kimi, Təbrizdə mülki əhali arasında itkilərin minimum səviyyədə olduğu bildirilir.
Musavat.com