RU

Tezliklə ölkəmizə hücum ola bilər: ordumuz döyüşə hazırdır MÜSAHİBƏ+FOTOLAR

ain.az, GlobalInfo portalına istinadən məlumat verir.

Globalinfo.az Kuba Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Karlos Enrike Valdes de la Konsepsyonla müsahibəni təqdim edir.

(Birinci hissə BURADA)

– ABŞ Prezidenti Donald Tramp Kuba ilə mümkün danışıqlar barədə açıqlamalar verib. Hazırda Kuba ilə ABŞ arasında rəsmi və ya qeyri-rəsmi danışıqlar aparılırmı?

– 28 yanvarda ABŞ prezidenti qərar qəbul etdi ki, Kubaya xaricdən bir damla belə yanacaq satıla bilməz. Bu siyasətlə açıq-aşkar Kubanı boğmağa çalışır. Əgər biz ABŞ-a baş əysək, bir növ öz müstəqilliyimizi, vətənimizi itirə bilərik. Tramp administrasiyasının əsas məqsədi Kubanı özününküləşdirməkdir. Hər səhər biz yeni bir təhdid ya da bu motivdə xəbərlə üzləşirik.

Biz ABŞ-ın nə etmək istədiyinin fərqindəyik. Kuba sülh içində yaşamaq istəyir. Amma biz öz suverenliyimizdən də imtina etmək niyyətində deyilik. Kuba prezidenti Migel Dias-Kanel yeni bir X paylaşımı edib. Paylaşım belədir: “ABŞ, demək olar ki, hər gün, Kubada konstitusion quruluşu zor gücü ilə devirməklə açıq şəkildə hədələyir. Və bunu biabırçı bir bəhanə ilə edir: onların altmış ildən artıq müddətdə təzyiq göstərdiyi və təcrid etməyə çalışdığı zəiflədilmiş iqtisadiyyatın çətin məhdudiyyətləri.

Onlar ölkəni, onun resurslarını, mülklərini və hətta boğmağa çalışdıqları iqtisadiyyatın özünü ələ keçirmək planlarını bəyan edir və buna can atırlar.

Bütün xalqa qarşı kollektiv cəza kimi tətbiq olunan bu cür amansız iqtisadi müharibəni yalnız bu yolla izah etmək olar.

Ən pis ssenari qarşısında Kuba bir həqiqətə arxalanır: istənilən xarici təcavüzkar sarsılmaz müqavimətlə qarşılaşacaq”.

Biz əslində belə çıxışları sevmirik. Bütün məsələlərin sülh yolu ilə həllini dəstəkləyirik. Biz ABŞ ilə dialoqa açığıq. Hətta keçən həftə prezidentimiz də qeyd etdi ki, dialoqa açığıq. Müəyyən razılığa danışıqlar yolu ilə gələ bilərik. Amma bu yeni bir şey də deyil. Kuba danışıqlara hər zaman hazır olduğunu bəyan edib. Lakin şərtimiz də bəllidir: danışıqlar bərabərhüquqlu olmalıdır.

Bizim də ABŞ-da bəyənmədiyimiz məqamlar var. Lakin biz onların daxili işlərinə qarışmırıq. Onların da bizə belə yanaşmasını istəyirik.

– Son illərdə Latın Amerikası və Yaxın Şərqdə baş verən geosiyasi hadisələr – xüsusilə ABŞ ilə bəzi ölkələr arasında yaranan gərginlik – Kuba tərəfindən necə qiymətləndirilir? Rəsmi Havananın bu proseslərə yanaşması necədir?

– ABŞ prezidenti Donald Tramp hazırda sözün əsl mənasında dünya siyasətini bir-birinə qarışdırıb. Misal üçün Fars körfəzində ölkələri bir-birinə qarışdırdı. Bundan başqa yanvarın 3-də Venesuela prezidenti Nikolas Maduroya qarşı əməliyyatlar keçirildi. Nikaraquanı, Kubanı təhdid edir. ABŞ İrana hücum edib və bu ölkəni təhdid etməkdə davam edir. Bu da azmış kimi Qrenlandiya adasını tələb edir.

Bu, dünya siyasətində görünməmiş bir vəziyyətdir. Biz yenidən müharibə dolu dünyaya qayıtmışıq. ABŞ adını çəkdiyim ölkələri təhdid edə bilər, amma Kuba ilə bağlı yanılırlar. Kuba əsgərləri çox yaxşı döyüşə bilir. Onlar üzərinə düşən öhdəlikləri yaxşı bilirlər. Onlar öz vətənləri üçün əllərindən gələni edərlər. ABŞ Venesuelada edə biləcəyini Kubada da edə biləcəyini düşünürsə, yanılır. Kubada hər kəs vətəni üçün üzərinə düşəni edər.

Kuba sülhsevər ölkədir. Biz müharibə tərəfdarı deyilik. Lakin kubalılar vətənlərini hər şeydən çox sevirlər. ABŞ Kubaya sanksiyalar edərək insanları ayağa qaldırmağa çalışır. Hətta bu istiqamətdə Kubaya hücum etmək istəyir.

Biz ABŞ-la danışıqlara hazırıq. Lakin nə vətənimizi, nə suverenliyimizi itirmək danışıqlar şərtləri arasında yoxdur.

– Bir müddət əvvəl ABŞ bayrağı altında üzən və Florida qeydiyyatlı bir katerin Kuba sularına daxil olması və insidentlə nəticələnməsi barədə xəbərlər yayıldı. Kuba Prezidenti cənab Migel Dias-Kanel ölkənin suverenliyinin qətiyyətlə müdafiə olunacağını bildirdi. Sizcə, bu hadisə təxribat idi, yoxsa təəssüf doğuran insident?

– Bu gəmidə çoxlu sayda silah vardı. Bu silahları daşıyan gəmidə kubalılar da vardı. Hansı ki, onlar Kubaya qarşı öyrədilmişdi. Onlar ABŞ-a aid gəmi ilə bu insidenti etdilər. Həmin gəminin Kuba sularında 5 kubalı sərhədçi tərəfindən qarşısı alındı. Onlar ilk olaraq bizim sərhədçilərə atəş açdı. Hətta sərhədçilərimiz yaralandı. Təsəvvür edirsiniz, 5 Kuba sərhədçisi 10 ABŞ silahlısına qarşı özünü müdafiə etməyə çalışıb. Bu da onu göstərir ki, biz doğrudan da özümüzü müdafiə etmək iqtidarındayıq. Bəzi şəxslərin həyatını itirdiyi halda bizim ələ keçirdiklərimiz də var. Onlar bu gün həbs edilib və terrorizm ilə cinayət işi açılıb. Lakin araşdırmalar aparılır. Onu da deyim ki, biz prosesin şəffaflığı üçün ABŞ-dan FBI agenti dəvət etmişik. Bu Kubanın etdiyi bir jestdir.

– Bildiyiniz kimi, Azərbaycan və Ermənistan arasında sülh prosesi davam edir. Müsbət nəticələr əldə edilib. Kubanın bu prosesə yanaşması və mövqeyi necədir?

– Bizim üçün bu məsələ çox həssasdır. Kuba Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyır. Ərazi bütövlüyü və suverenlik bizim üçün mühüm iki termindir. Bu, beynəlxalq hüquqa və Kuba–Azərbaycan əlaqələrinə əsaslanan bir mövqedir. Kuba həmişə Azərbaycanın ərazilərini tanıyıb və ona dəstək olub. Qarabağın Azərbaycanın ərazisi olduğunu biz rəsmi səviyyədə tanıyırıq.

Biz Ermənistanın da ərazi bütövlüyünü tanıyırıq. Bunu ona görə deyirəm ki, hazırda gedən danışıqlar prosesini izləyir və prosesdən məmnunuq. Kuba müharibə tərəfdarı deyil və ölkələrin problemləri danışıqlar yolu ilə həll etməsinə inanır. Cənab İlham Əliyevin Ermənistan baş naziri Nikol Paşinyanla görüşlərini izləyirik. Sevinirik ki, bu düşmənçilik qurtarır. Çünki münaqişə davam etdikcə insanlar həyatını itirilir.

– Cənab səfir, işğaldan azad edilən Şərqi Zəngəzur və Qarabağa səfər etmisiniz?

– Təəssüf ki, şəxsən oralara gedə bilməmişəm, amma Kuba nümayəndələri səfər edib. Kuba XİN nümayəndələri və jurnalistlər səfər edərək həmin yerlərdə olublar. Mən onlardan aparılan işlər və yenidənqurma ilə bağlı məlumat almışam. Düşünürəm ki, bu proses çox uğurla davam edir.

Lakin mən Naxçıvana səfər etmişəm. Bura çox möhtəşəm yerdir. Bu ərazi Heydər Əliyevin ailəsinin doğulduğu yerdir. Cənab Əliyev də burada dünyaya gəlib. Təəssüf ki, mən ora təyyarə ilə getmişəm. Mən Naxçıvanı Azərbaycanın maraqlı bir hissəsi kimi görürəm. Ora səfər etməyəndə oranın əhəmiyyəti bilinmir, lakin səfər etdikdən sonra necə dəyərli yer olduğu görünür. Mən Naxçıvanda bəzi yerlərdə olmuşam, buranın suyu çox müalicəvidir.

– Siz Naxçıvana təyyarə ilə getdiyinizi qeyd etdiniz. Lakin hazırda Ermənistan ərazisi ilə Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında quru bağlantısının yaradılması üçün danışıqlar gedir. Zəngəzur dəhlizi Vaşinqton görüşündən sonra “Tramp yolu” adlanır. Siz bu yoldan keçərək Naxçıvana səfər edərsiniz?

– Çox yaxşı olardı. Mən Naxçıvana aparacaq hər yoldan getməyə hazıram. Missiyamı sonlandırmadan öncə də Naxçıvana getmək istərdim.

– Cənab Səfir, bizi qəbul etdiyiniz və suallarımıza cavab verdiyiniz üçün təşəkkür edirəm.

– Mən təşəkkür edirəm. Sonda sizə bir şey göstərmək istəyirəm.

Səfirliyin çıxışına addımlayırıq. Maraqlı bir portret gözümüzə sataşır. Gələrkən buna diqqət etməmişdik. Səfir portreti göstərərək deyir:

– Bu portretdəki şəxs Kubanın milli qəhrəmanı Xose Martidir. Kuba–Azərbaycan Dostluq Assosiasiyasının sədri, rəssam Arif Hüseynov tərəfindən ərsəyə gətirilərək bizə hədiyyə edilib. Mən bu portretin girişdə olmasını qonaqlarımıza xüsusilə göstərirəm. Bu, Kuba milli qəhrəmanının azərbaycanlı rəssamın gözündən çəkilmiş halıdır. Diqqət etsəniz, portretdə Azərbaycan ornamentləri, naxışları var. Bu bizim üçün çox dəyərlidir.

Səfir sonda bir daha Azərbaycan xalqının Novruz və Ramazan bayramını təbrik edərək xoş niyyət arzularını bildirdi.

Söhbətləşdi: Turan Rzayev

Fotolar: İntiqam Əhmədov

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
20
1
globalinfo.az

2Источники