RU

Bu gün Beynəlxalq Novruz günüdür

Bu gün – 21 mart tarixi dünyada Beynəlxalq Novruz Günü kimi qeyd olunur.

SİA xəbər verir ki, baharın gəlişini, təbiətin oyanışını və yeni ilin başlanğıcını simvolizə edən Novruz bayramı minilliklərə söykənən zəngin tarixi və mədəni ənənələri ilə seçilir.

Novruzun yaranması qədim dövrlərə, xüsusilə Zərdüştilik dövrünə gedib çıxır. Bayramın əsas fəlsəfəsi işıqla qaranlığın mübarizəsində işığın qalib gəlməsi, həyatın yenilənməsi və bolluq-bərəkətin başlanğıcı ilə bağlıdır. Tarixi mənbələrə görə, Novruz Şərq xalqları arasında əsrlər boyu qeyd olunaraq nəsildən-nəslə ötürülüb.

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 2010-cu ildə 21 mart tarixini rəsmi olaraq Beynəlxalq Novruz Günü elan edib. Bundan əlavə, Novruz bayramı UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi mədəni irs siyahısına daxil edilib.

Azərbaycanda Novruz xüsusi təmtəraqla qeyd olunur. Bayrama hazırlıq mərhələsi dörd çərşənbə – Su, Od, Yel və Torpaq çərşənbələri ilə müşayiət olunur. Bu günlərdə insanlar evlərini təmizləyir, səməni yetişdirir, milli şirniyyatlar bişirir və qədim adət-ənənələri yaşadırlar.

Bayram günü süfrələrin bəzədilməsi, tonqal qalamaq, papaq atmaq kimi adətlər icra olunur. Novruz həm də insanlar arasında birlik, həmrəylik və paylaşma dəyərlərini gücləndirən mühüm mədəni hadisə kimi qiymətləndirilir.

Bu gün Novruz təkcə Azərbaycanda deyil, Mərkəzi Asiya, Yaxın Şərq və Qafqaz regionunun bir sıra ölkələrində geniş şəkildə qeyd olunur və xalqlar arasında dostluq və mədəni yaxınlaşmaya töhfə verir.

Müəllif: Günel Fərzəliyeva
Избранный
58
sia.az

1Источники