"Zirə”nin İdarə Heyətinin sədri Orxan Məmmədov Futbolxeber.az saytına müsahibə verib.
Sportal.az həmin müsahibəni diqqətinizə çatdırır:
- Azərbaycan Premyer Liqasının 25-ci turu çərçivəsində səfərdə “Karvan-Yevlax”a qarşı keçirilən oyunu stadiondan canlı izlədiniz. “Zirə”nin qələbəsini (1:0) necə şərh edərdiniz?
- Maraqlı oyun alındı. Həm biz, həm də rəqib yaxşı mübarizə apardı. Azarkeşlər 90 dəqiqə gərgin qarşılaşmaya şahidlik etdilər. Çətin də olsa, qələbə qolunu vurduq. Komandamız səfərdə vacib 3 xal qazandı.
- Çempionatın sonuna 8 tur qalıb. Mövsümün geridə qalan hissəsində “Zirə”nin çıxışını necə qiymətləndirirsiniz?
- Mövsüm ağır gedir. Rəqiblər güclüdür. Hiss olunur ki, liqamız güclənib. Həm çempionata, həm də kuboka köklənmişik. İstəyimiz odur ki, növbəti mövsüm də avrokuboklarda iştirak edək.
- Kubokda yarımfinaldasınız...
- Bəli, yarımfinalda “Turan Tovuz”la qarşılaşacağıq. Rəqib hər nə qədər güclü olsa da, şansımız var. Ümumiyyətlə, hər iki cəbhədə sona qədər mübarizə aparacağıq.
- “Zirə” qarşıya qoyulan hədəfə çata biləcək?
- Futbolçularımıza və məşqçi heyətinə inanıram.
- “Qarabağ”ın Çempionlar Liqasındakı uğurlu çıxışından sonra azarkeşlər növbəti mövsüm ən azı iki klubumuzun Liqa mərhələsində çıxış etməsini gözləyirlər. Bunu nə dərəcə real hesab edirsiniz?
- 2 il əvvəl qrup mərhələsinin bir addımlığındaydıq. Pley-offa qədər irəliləmişdik. Təbii ki, Liqa mərhələsinə yüksəlmək heç də asan deyil. Lakin düşünürəm ki, heyətimizə əl gəzdirsək, bu məqsədə çata bilərik.
- Bu mövsümdən çempionatımızda legioner limiti ləğv olunub. Sizcə, geridə qalan müddətdə bu qərarın daha çox müsbət tərəflərini görürük, ya mənfi?
- Bu qərardan sonra Premyer Liqada rəqabətin artmasına şahidlik edirik. Ümumilikdə qərarın müsbət və mənfi tərəflərindən indi danışmaq tezdir. Nəticələrini 3-4 ildən sonra görəcəyik. Əsas məsələ odur ki, bu qərar komandalara necə təsir göstərəcək. Bunun üçün də dediyim kimi, vaxt lazımdır. Həm milliyə, həm də çempionatımıza təsirlərini bir neçə ildən sonra biləcəyik.
saytlarin hazirlanmasi