RU

Ayxan Abbasovun qəribə heyəti – 4 ay oynamayan Şahruddin, 34 yaşlı Bədavi…

Milli komandamızın baş məşqçisi Ayxan Abbasov “FİFA Series-2026” üçün heyəti açıqlayıb. Yığmamız Sumqayıtdakı Mehdi Hüseynzadə adına stadionda martın 27-də ilk oyunda Sent-Lüsiya ilə üz-üzə gələcək.

FİFA reytinqində 162-ci olan Sent-Lüsiya son 7 oyundan altısında məğlub olub. Təsəvvür edin ki, gələcək rəqibimiz Kubaya 0:3, Kurasaoya 0:4, Qrenadaya 0:4 hesabı ilə uduzub.

Gözləmək olardı ki, Ayxan Abbasov belə rəqiblə oyunda daha çox gənclərə şans verəcək, sentyabrda start götürəcək Millətlər Liqası üçün heyəti müəyyənləşdirəcək. Amma deyəsən, millimizin baş məşqçisi nəyin bahasına olursa-olsun, qarşıdakı oyunlarda qalib gəlməyi qarşısına məqsəd qoyub. Əslində onu da başa düşmək olar, hələ də AFFA İcraiyyə Komitəsi müqaviləsini rəsmiləşdirib ictimaiyyətə açıqlamayıb. Bu günə qədər biz Abbasovla neçə illik müqavilə bağlandığını bilmirik. Yəqin ki, elə onun özü də. Bu səbəbdən də A.Abbasov Sent-Lüsiya kimi rəqibləri məğlub edib millidəki fəaliyyətini bir qədər də uzatmağa çalışır.

Heyətə nəzər salsaq, 34 yaşlı Bədavi Hüseynova dəvət göndəriləcəyini gözləmirdik. Təcrübəli müdafiəçi karyerasının son illərini keçirir və o, “Qarabağ”da daha çox ehtiyatda qalır. Bədavi bu mövsüm Azərbaycan Premyer Liqasında cəmi 10 oyunda meydana çıxıb. Çempionlar Liqasında isə Bəhlul Mustafazadə zədələndikdən sonra yalnız “Nyukasl”a qarşı son 2 matçda şans əldə edib.

Son dəfə ötən ilin noyabrında meydana çıxmış Şahruddin Məhəmmədəliyevi də siyahıda görmək təəccüb doğurur. 31 yaşlı qapıçı zədə səbəbindən 4 aydır yaşıl meydanlardan uzaq qalıb. Sanki milli komanda bərpa mərkəzidir ki, Şah zədədən sonra yığmada özünə gələcək.

Digər qolkiper Aydın Bayramov da son dəfə fevralın 2-də “Zirə”nin heyətində Azərbaycan kubokunda  “Sumqayıt”a qarşı oynayıb.

Albaniyanın “Partizani” klubunda çıxış edən 30 yaşlı Vüsal İsgəndərlinin yenidən millidə görmək maraqlı olacaq. O, son dəfə yığmamızın heyətində Arif Əsədovun vaxtında Macarıstanda Albaniya ilə yoxlama oyununda (1:3) forma geyinmişdi.

 

Избранный
135
msport.az

1Источники