RU

ABŞ kəşfiyyatı Ermənistanın gələcək taleyini anons etdi: Cənubi Qafqazda geopolitik “qiyamət günü” yaxınlaşır

İndi rəsmi İrəvan Qərbə yaxınlaşmaya bağlı yeni təhlükəsizlik modeli, yaxud Rusiya ilə ittifaqda qalmaqla, ənənəvi “təhlükəsizlik zəmanətləri”nin qorunması arasında prinsipial seçim etməli olacaq... Ancaq əsas problem ondadır ki, bu seçim yalnız xarici siyasət məsələsi deyil, həm də ölkədaxili sabitlik, siyasi legitimlik və Ermənistan dövlətçiliyinin gələcək taleyi ilə birbaşa bağlıdır...

Cənubi Qafqazda geopolitik proseslər yeni və taleyekle mərhələyə daxil olmaq üzrədir. Xüsusilə də, Ermənistan ətrafında paralel şəkildə inkişaf edən proseslər – Avropa Birliyinin bu ölkədə yenidən aktivləşməsi, ABŞ-ın regional təşəbbüsləri, Rusiyanın sərt xəbərdar mesajları və ölkədaxili siyasi qarşıdurmalar rəsmi İrəvanı faktiki olaraq, “strateji seçim nöqtəsi”nə gətirib. Və bu proseslər artıq yalnız siyasi-diplomatik balans xəttindən çıxaraq, məhz Ermənistanın gələcək dövlət modelinin müəyyənləşdirilməsi uğrunda mübarizəyə çevrilməyə başlayıb.

Onu da qeyd etmək lazımdır ki, aprelin əvvəlində Avropa Birliyinin “sürətli reaksiya qrupu”nun Ermənistana göndərilməsi barədə qərar rəsmi olaraq, kibertəhlükəsizlik və informasiya təhdidlərinə qarşı mexanizmlərin hazırlanması ilə izah olunur. Halbuki, bu missiyanın əsas hədəfləri sırasında baş nazir aparatı, Təhlükəsizlik Şurası və seçki institutları yer alır. Və bu isə onu göstərir ki, Avropa Birliyinin Ermənistandakı fəaliyyəti sırf texniki xarakter daşımayacaq.

Məsələ ondadır ki, Avropa Birliyinin “sürətli reaksiya qrupu”nun Ermənistana göndərilməsi dövlət idarəçiliyinə institusional təsir, seçki proseslərinə dolayı nəzarət, informasiya məkanının yenidən qurulması kimi, daha geniş strateji məqsədlərə xidmət edir. Başqa sözlə, Brüssel Ermənistanda “yumşaq güc” alətlərindən istifadə etməklə, uzunmüddətli təsir mexanizmləri qurmağa çalışır. Və bu, o deməkdir ki, yaxın aylarda Ermənistana nəzarət uğrunda mübarizə ən böhranlı mərhələyə keçə bilər.

Maraqlıdır ki, bütün bunlara paralel olaraq, Ermənistanda qarşıdan gələn parlament seçkiləri ərəfəsində hakimiyyət uğrunda mübarizə aparan siyasi qüvvələrin yenidən qruplaşması diqqəti çəkir. Bu proses isə bir neçə mühüm siyasi-ictimai tendensiyanı daha qabarıq şəkildə ortaya çıxarır. Belə ki, erməni müxalifəti parçalanma mərhələsindən çıxaraq, vahid fəaliyyət platformasına yönəlir, fərdi lider ambisiyaları arxa plana keçirilir və əsas məqsəd olaraq, Paşinyan hakimiyyətinə qarşı siyasi balansın yaradılmasına cəhd edilir.

Belə anlaşılır ki, növbəti parlament seçkilərinin Ermənistanın gələcək geopolitik kursunu müəyyən edəcək həlledici “siyasi referendum” xarakteri daşıya biləcəyi qətiyyən istisna deyil. Xüsusilə də, müxalifət düşərgəsi Paşinyan hakimiyyəti və erməni kilsəsi arasındakı kəskin qarşıdurmadan, eləcə də siyasi legitimlik böhranının dərinləşməsindən maksimum səviyyədə yararlanmaq niyyətini açıq-aşkar biruzə verir. Və hətta Ermənistanda Rusiyanın “agentura şəbəkəsi”ni hərəkətə gətirmiş Kreml də məhz bu faktordan Paşinyan hakimiyyətinə qarşı istifadə edir

Məsələ ondadır ki, Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi təmsilçisi Mariya Zaxarova Paşinyan hakimiyyətinin erməni kilsəsinə qarşı açdığı siyasi-ictimai savaşı “cəmiyyətin parçalanmasına yönəlmiş addım” kimi qiymətləndirib. Bu baxımdan, erməni kilsəsi ilə belə açıq qarşıdurma Paşinyan hakimiyyəti üçün kifayət qədər ciddi siyasi risklər yaradır. Və Ermənistanda ölkədaxili sabitliyin pozulma ehtimalının reallaşmasına geniş imkanlar açır.

Onu da qeyd etmək lazımdır ki, Paşinyan hakimiyyətinin Qərbə yaxınlaşma siyasi kursuna qarşı sərt reaksiya verən Rusiyanın rəsmi İrəvana yönəlik “iki stul yolverilməzdir” məzmunlu xəbərdarlıq mesajı Ermənistanı olduqca təhlükəli bir mərhələnin gözlədiyini biruzə verir. Belə ki, Rusiya açıq şəkildə Ermənistanın eyni zamanda, həm Avropa Birliyi, həm də Avrasiya inteqrasiya platformalarında aktiv iştirakının mümkün olmadığını qabardır. Və bu, Kremldən rəsmi İrəvana yönəlik Avrasiya İqtisadi İttifaqında qalmaq, yaxud da Avropa Birıiyinə yaxınlaşmaq variantları arasında prinsipial seçimin edilməsi ilə bağlı ultimatum xarakteri daşıyır.

Onu da qeyd etmək lazımdır ki, Rusiya üçün Ermənistnın etməli olduğu seçim yalnız iqtisadi xarakter daşımır. Çünki bu, həm də Ermənistana tam geopolitik nəzarət mexanizmlərinin aktiv qalmasının təmin olunması baxımından, önəmlidir. Yəni, Paşinyan hakimiyyəti uzun müddətdən bəridir ki, bu iki istiqamət arasında balans siyasəti yürütməyə çalışsa da, mövcud situasiyada bu strategiyanın effektivliyi artıq getdikcə daha qeyri-real görünür. Və bu baxımdan, indi Paşinyan hakimiyyətinin həm Qərbin, həm də Ermənistanın qonşularının genişmiqyaslı dəstəyinə ehtiyacı olmamış deyil.

Maraqlıdır ki, Ermənistan ətrafında yaranmaqda olan situasiyada Avropa Birliyi və Rusiya ilə yanaşı, ABŞ da fəal geopolitik oyunçu rolunda çıxış etməyə çalışır. Ona görə də, ABŞ kəşfiyyatının 2026-cı il üçün Cənubi Qafqazla bağlı təhlükə proqnozlarında Azərbaycan-Ermənistan sülh prosesinə xüsusi yer ayırması da böyük maraq doğurur. Həmin proqnozlarda ayrıca qeyd olunan TRIPP təşəbbüsü Cənubi Qafqaz regionunun geopolitik arxitekturasını kökündən dəyişə biləcək önəmli layihə kimi qiymətləndirilir.

Məsələ ondadır ki, Azərbaycanın “materik hissə”sini Naxçıvanla birləşdirəcək “Tramp marşrutu” layihəsi, Ermənistanın cənubundan keçəcək və faktiki olaraq, ABŞ-ın tam nəzarəti altında reallaşıdırılmış olacaq. Bu isə ABŞ-ın Cənubi Qafqazda Rusiyanın rolunun zəiflədilməsi, Çinin logistika marşrutlarının balanslaşdırılması, Qərbin enerji və nəqliyyat marşrutları üzərində nəzarətinin artırılması kimi strateji hədəfləri ilə uzlaşır.

Göründüyü kimi, mövcud vəziyyət Ermənistanı açıq-aşkar geopolitik dilemma qarşısında qoyur. İndi rəsmi İrəvan Qərbə yaxınlaşmaya bağlı yeni təhlükəsizlik modeli və Rusiya ilə ittifaqda qalmaqla, ənənəvi təhlükəsizlik zəmanətlərinin qorunması arasında prinsipial seçim etməlidir. Ancaq əsas problem ondadır ki, bu seçim yalnız xarici siyasət məsələsi deyil, həm də ölkədaxili sabitlik, siyasi legitimlik və dövlətin gələcəyi ilə birbaşa bağlıdır. Bu baxımdan, qarşıdakı aylar rəsmi İrəvan üçün həlledici xarakter daşıyacaq Və Ermənistan seçkilər, xarici təzyiqlər, eləcə də regional layihələr fonunda ya yeni geopolitik istiqamətə yönələcək, ya da dərin ölkədaxili böhran mərhələsinə daxil olacaq.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

Избранный
26
musavat.com

1Источники