Bizimyol portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Türkiyə Xarici İşlər Nazirliyi Krımdakı de-fakto vəziyyətin beynəlxalq hüququn pozulması olduğunu və Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini bildirib. Nazirlik 2014-cü ildə Krımın Rusiya tərəfindən qanunsuz ilhaqı ilə bağlı yazılı bəyanat yayıb. Bəyanatda Ukraynadakı Krım Muxtar Respublikasının 11 il əvvəl “qanunsuz” referendum yolu ilə Rusiya tərəfindən ilhaq edildiyi xatırladılır və bildirilir: “Biz bir daha vurğulayırıq ki, beynəlxalq hüququn pozulması olan Krımdakı de-fakto vəziyyəti tanımırıq və Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik”. Bəyanatda həmçinin vurğulanıb ki, Krımdakı hadisələr, xüsusən də yarımadanın yerli xalqı olan Krım tatar türklərinin vəziyyəti yaxından izlənilməyə və beynəlxalq ictimaiyyətin gündəmində saxlanılmağa davam edəcək.
Milli Məclisin deputatı Tahir Rzayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə təcavüz beynəlxalq hüquq normalarının ciddi pozulmasıdır: “Krım uzun illər Ukraynanın ərazisi kimi tanınıb. Krım tatarlarının tarixi hər birimizə yaxşı məlumdur. Rusiya tərəfindən Krımın ilhaq edilməsi Krım tatarlarının suverenliyinə və onların hüquqlarına qəsd kimi qiymətləndirilməlidir. Çünki bu, açıq bir ilhaqdır. Burada beynəlxalq hüququn norma və prinsipləri ciddi şəkildə pozulub. Bu, müəyyən qaydada sənədləşdirilsə də və bəzi qüvvələrin təsiri altında Krımın Rusiya ərazisi kimi tanınmasına səylər göstərilsə də, bu, beynəlxalq normaların bilavasitə pozulmasıdır. Buna görə də Türkiyə Xarici İşlər Nazirliyi, eləcə də bir çox beynəlxalq təşkilatlar bu barədə öz münasibətlərini bildiriblər, dövlətlərin və xalqların suverenliyinə təcavüzün yolverilməz olduğunu bəyan ediblər”.
Tahir Rzayev
Tahir Rzayev qeyd edib ki, Azərbaycan xarici dövlətlərin daxili işlərinə heç vaxt qarışmayıb, ancaq hüququn norma və prinsiplərinin pozulması barədə dəfələrlə dövlətimizin rəsmiləri beynəlxalq tribunalar vasitəsilə öz mövqelərini açıq şəkildə bəyan ediblər: “Azərbaycan torpaqları da uzun illər erməni təcavüzkarları tərəfindən zəbt olunmuşdu. Qarabağ hətta Ermənistanın bir hissəsi kimi təqdim olunurdu və bir çox sənədlərdə bu qeyd edilirdi. Bu təcavüz Azərbaycanın suverenliyinə qəsd idi, böyük bir xəyanət idi. Çox yaxşı haldır ki, erməni faşistlərinin ayaqları Azərbaycan torpaqlarından kəsildi və ölkəmiz öz suverenliyini tam bərpa etdi”.
Deputat qeyd edib ki, Rusiya-Ukrayna müharibəsi xalqlara və dövlətlərə xeyir vermir: “Azərbaycan bu müharibənin və ümumilikdə, münaqişələrin əleyhinədir. Buna görə də hər hansı bir dövlətdə münaqişə və müharibənin baş verməsinin tərəfdarı deyilik. Azərbaycan dövləti daim sülhsevər siyasət yürüdür. Krıma münasibət də bilavasitə beynəlxalq hüququn norma və prinsipləri əsasında həllini tapmalı və dövlətlərin suverenliyi müdafiə olunmalıdır”.
Xatırladaq ki, Rusiyanın Krım yarımadasını Ukraynadan qanunsuz olaraq ilhaq etməsindən on bir il ötür. Krım tatarlarının boykotuna baxmayaraq, 16 mart 2014-cü ildə yarımadada Rusiyaya birləşmək üçün qondarma referendum keçirilib. Nəticə Krımın Rusiyaya birləşməsinin lehinə elan edilib. 21 mart 2014-cü ildə Rusiya Prezidenti Vladimir Putin Kreml Sarayında keçirilən mərasimdə “Krım və Sevastopolun Rusiyaya birləşdirilməsini və yeni federal bölgələrin yaradılmasını təmin edən” qanunu imzalayıb. Beləliklə, Rusiya Krımı qanunsuz olaraq ilhaq edib.
İradə Cəlil, Bizimyol.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.