RU

Uşağın sağlam tərbiyəsi: Ailə və cəmiyyətinbirgəməsuliyyəti

Uşağın tərbiyəsi hər bir valideyn üçün, eləcə də cəmiyyət üçün ən vacib məsələrdən biridir. Tərbiyə sadəcə uşağa müəyyən davranış qaydalarını öyrətmək deyil, eyni zamanda onun şəxsiyyətinin, əxlaqi və mənəvi dəyərlərinin formalaşmasıdır. Düşünürəm ki, sağlam tərbiyə uşağın həm indi, həm də gələcək həyatında uğurlu, məsuliyyətli və cəmiyyət üçün faydalı şəxs olmasına zəmin yaradır. Tərbiyə yalnız ailə ilə məhdudlaşmır məktəb, sosial mühit, dostlar və digər icma institutları da uşağın inkişafında mühüm rol oynayır. Ailə uşağın ilk və ən vacib tərbiyə mühitidir. Sevgi, diqqət, qayğı və hörmət üzərində qurulan ailə mühiti uşağa həm əxlaqi dəyərləri, həm də sosial bacarıqları öyrədir. Düşünürəm ki, uşaq ailədə özünü dəyərli hiss etdikdə və valideynlər tərəfindən anlaşılaraq böyüdükdə, o, cəmiyyətdə də sağlam münasibətlər qurmaq qabiliyyətinə malik olur. Əksinə, məncə, zorakılıq, aqressiya və tənqid dolu bir mühit uşağın psixoloji inkişafına ciddi zərər verə bilər, onun sosiallaşmasını çətinləşdirə və gələcəkdə davranış problemlərinə yol aça bilər. Cəmiyyət də tərbiyənin nəticələrini dərhal hiss edir. Yaxşı tərbiyə almış uşaqlar gələcəkdə məsuliyyətli və qaydalara riayət edən vətəndaşlara çevrilirlər. Cəmiyyət üçün sağlam, yaradıcı və əxlaqi dəyərləri olan yeni nəsil yetişdirmək, yalnız valideynlərin deyil, bütün ictimai institutların birgə məsuliyyətidir. Məktəb, mədəniyyət, idman və sosial xidmət sahələri uşağın tərbiyəsində vacib dəstəkçi rolunu oynayır. Tərbiyənin düzgün qurulması həm fərdin, həm də cəmiyyətin rifahına birbaşa təsir göstərir. Lakin, təəssüf ki, bəzi hallarda valideynlər və ya uşaqlara nəzarət edən şəxslər tərbiyə adı altında uşaqlara fiziki və psixoloji zorakılıq tətbiq edirlər. Məncə, bu, ən ciddi problemlərdən biridir, çünki zorakılıq uşağın təməl etibar hissini, özünə inamını sarsıda bilir.  Son zamanlar bu məsələ qanunvericilik səviyyəsində də diqqət mərkəzinə gətirilib. Milli Məclisdə İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi müzakirəyə çıxarılıb. Layihəyə görə, valideynlər, onları əvəz edən şəxslər və uşaqlara nəzarət edən təhsil, tibb, sosial xidmət, idman, mədəniyyət və penitensiar müəssisələrin işçiləri uşağa qarşı tərbiyə məqsədli fiziki və ya psixoloji zorakılığa görə 200 manat cərimə olunacaqlar.

Mövzu ilə bağlı sosioloq Elçin Bayramlı Olaylar.az-a açıqlama verib: "Uşaqlara qarşı zorakılıq məsələsinin müxtəlif motivləri, səbəbləri və şəraitləri var. Burada ailələrdəki vəziyyət bir başqa məsələdir. Bu, ailə, valideynlərin psixoloji vəziyyətindən sosial vəziyyətinə kimi bir çox səbəblərlə bağlıdır. İkinci bir tərəf ətraf mühitdir. Küçədə uşaqların ətrafı, oynadığı digər uşaqlarla bağlı münasibətləri. Üçüncü bir tərəf də məktəbdir. Hər üçündə bu məsələlərə ciddi nəzarət olunmalıdır. Uşaqlar adətən neqativ hadisələrə daha çox boş qalarkən, asudə vaxtları təmin edilməyən də yol verə bilirlər. Davalar, aqressiv hərəkətlər və.s. Ona görə də əsas məsələ uşaqların məşğuliyyətlərinin düzgün təmin olunmasıdır. Onların təhsilindən əlavə, asudə vaxtlarında hər hansı bir istedadına uyğun müxtəlif uşaq yaradıcılıq mərkəzlərinə, idman mərkəzlərinə cəlb olunmalıdırlar. Belə ki, hərə öz istedadını öz sahəsində reallaşdırsın və bunun neqativ hərəkətlərə vaxtı qalmasın, küçələrdə kriminal hadisələrə qoşulmasınlar. Həm bunun üçün də həm valideyn tərəfindən, həm məktəb tərəfindən uşaq üzərində ciddi nəzarət olunmalıdır. Eyni zamanda məktəblərin tərbiyə funksiyası da geri qaytarılmalıdır. Cəmiyyət özü, yəni, qohum-qardaş, qonşu bir-birinin uşaqları üzərində daim nəzarət etməlidir və valideynə məlumat verməlidirlər. Ümumilikdə bütün cəmiyyət uşaqlarımızı sağlam böyütmək üçün səfərbər olmalıdır. Dövlətimizdə bir çox sahələrdə uşaqlarla bağlı müəyyən layihələr, proqramlar qəbul edir. Düşünürəm ki, bu iş daha da artırılmalıdır. Məsələn, bir çox yaradıcılıq evləri var. İnanın ki, belə yerlər, mərkəzlər olduqca maraqlıdır. Dövlət pulsuz şərait yaradıb, amma valideynlər uşaqlarını gətirib ora qoymurlar. Təsəvvür edin ki, bəzi kurslar uşaq çatışmazlığından bağlanır. Bax bu da öz növbəsində uşaqların neqativ hərəkətlərə ya internetdə, sosial şəbəkələrdə təsirlərə məruz qalmasına səbəb olur, ya da küçədə neqativ təsirlərə düşməsinə. Son anda da bu aqressivliyin, zorakılığın baş verməsinə gətirib çıxarır. İstər öz aralarında olsun, istər uşaqların özünə qarşı olsun. Təbii ki, uşaq neqativ hadisələr törədəndə valideyn onu tənbeh olaraq müəyyən bir zorakılıq da edə bilər. Zorakılıq deyirik adını, yəni tənbeh olaraq vura bilər. Amma buna gətirib çıxaran səbəbləri aradan qaldırmaq lazımdır ki, heç buna imkan, şərait də yaranmasın. Bu baxımdan hər tərəfli bir yanaşma olmalıdır. Dövlət tərəfindən uşaqların asudə vaxtlarının təşkilinə dəstək, valideynlər tərəfindən onlara vaxt ayırmaq, onlarla məşğul olmaq, onlara nəzarət etmək və məktəb, ətraf cəmiyyət də bu məsələdə uşaqların üzərində nəzarət etməli, onların işlərinə dəstək verməlidir ki, mənfi istiqamətə yönəlməsinlər. Yalnız bu yolla biz sağlam cəmiyyət formalaşdıra bilərik". Fiziki və psixoloji zorakılıq uşağın zehni və emosional inkişafına necə təsir edir? Bu cür qanunların uşaqların təhlükəsizliyi və psixoloji sağlamlığına təsiri nə qədər əhəmiyyətlidir?

Mövzu ilə bağlı psixoloq Sibel Piriyeva Olaylar.az-a açıqlama verib: "Uşaqların inkişafı tək bir sferada getmir. Çox valideyn düşünür ki, "uşağımın dərsləri yaxşıdırsa, hər şey qaydasındadır". Amma uşağın inkişafı deyəndə onun zehni, emosional, fiziki, sosial və cinsi inkişafı da nəzərdə tutulur. Əgər uşağın inkişaf sahələrindən birində problem varsa, bu, ümumi inkişafında çətinlik olduğunu göstərə bilər. Gələk fiziki və psixoloji zorakılıq məsələsinə. Valideynlərin ən çox yol verdiyi psixoloji zorakılıq halları hansılardır? Cəmiyyət içində uşağı təhqir etmək, evdə onu alçaltmaq, gördüyü işi qiymətləndirməmək və mükafatlandırmamaq psixoloji zorakılığa daxildir. Eyni zamanda, bu məsələ uşaq hüquqları haqqında qanunda da əks olunur ki, valideyn uşağın emosional ehtiyaclarını ödəməlidir. Yəni təkcə "yeməyini verdim, çimizdirdim, uşağımın qarnı toxdur" deməklə məsələ bitmir. Uşağın sevgi, qayğı və diqqətə ehtiyacı var və bu ehtiyaclar mütləq qarşılanmalıdır. Fiziki zorakılığa gəldikdə isə, uşağa vurmaq onun psixologiyasında ciddi izlər buraxır. Məsələn, əgər valideyn uşağın kürəyindən vurursa, bu, onda dayaqsızlıq, güvənsizlik hissi yaradır. Uşaq elə düşünür ki, onun arxasında heç kim yoxdur. Əgər uşağın üzündən vurulursa, bu, onun şəxsiyyətinə zərbə vurur. Üz insanın abır-həyasının simvolu kimi qəbul olunur. Uşaq öz dəyər hissini itirir, özünü mənasız hiss etməyə başlayır. Ona görə də uşağın üzünə vurmaq qətiyyən yolverilməzdir. Uşağın başına vurmaq da eyni dərəcədə zərərlidir. Bu, onda zəiflik, aşağılıq hissi yaradır və uşaq özünü heç vaxt önəmli bir şəxs kimi hiss etmir. Nəticədə, daim alçaldılmış kimi yaşayır. Həm fiziki, həm də psixoloji zorakılıq uşağın özünə inamını zədələyir. Belə uşaqlar gələcəkdə qərar verməkdə çətinlik çəkir, məsuliyyətdən qaçır və ya şübhə ilə yanaşırlar. Onlarda şübhəçilik və natamamlıq kompleksi formalaşa bilər. Mənim əsas tövsiyəm dövlət səviyyəsində bu məsələyə daha ciddi yanaşılmasıdır. Məktəb psixoloqları və sosial işçilər valideynləri maarifləndirməyə çalışırlar -uşağı vurmaq əvəzinə nə etmək olar, valideyn niyə aqressiv olur və s. Amma bu, çox vaxt ciddi qəbul olunmur. Qanun səviyyəsində cərimələr tətbiq olunanda isə insanlar məsələyə daha ciddi yanaşarlar. Buna görə də dövlət səviyyəsində psixoloji müdaxilə gücləndirilməlidir. Məsələn, poliklinikalarda ailə psixoloqu və uşaq psixoloqu xidmətləri əlçatan olmalıdır. Mən məktəb psixoloqu olaraq görürəm ki, problem çox vaxt uşaqlardan çox valideynlərdə olur. Amma valideynə psixoloji dəstək almağı tövsiyə edəndə sual yaranır: bunu hansı büdcə ilə etsin? Ona görə də psixoloji xidmətlər əlçatan və mümkün qədər ödənişsiz olmalıdır. Ümumiyyətlə, cəmiyyətdə gərginlik hiss olunur. İnsanların üzündə gülüş azdır, hamı tələsir, səbirsizdir. Nə növbədə gözləməyə səbir var, nə də nəqliyyatda qaydalara riayət etməyə. Bu da dolayısı ilə ailədaxili münasibətlərə təsir edir. Valideynlərə tövsiyəm odur ki, uşağa əsəbiləşməzdən əvvəl düşünsünlər: bu əsəb həqiqətən uşağa görədir, yoxsa gün ərzində yaşadıqları başqa gərginliklərin nəticəsidir? Gün ərzində və ya həftə boyu hansı hissləri keçirdiklərini analiz etsinlər. Müəllimlərə gəldikdə isə, onlarda da monotonluq və yorğunluq halları olur. Bu da uşaqlara münasibətə təsir edə bilər. Bu baxımdan məktəblərdə tətbiq olunan nizam-intizam qaydaları komissiyasında hər bir uşaq öz davranışına cavab verir. Sarı, qırmızı və yaşıl kartlar olur və onun hərəkətinə uyğun da bu kartlar verilir. Bu sistem müəllimin yükünü azaldır və şagird davranışına daha obyektiv yanaşma yaradır. Amma yenə də qeyd edim ki, müəllimlə valideyn arasında fərq var. Müəllim üçün bu, iş prinsipidir, valideyn üçün isə ailə və həyat prinsipidir. Ona görə valideyn məsuliyyəti daha böyükdür. Düşünürəm ki , bir məsələ də qanunda mütləq əks olunmalıdır: boşanmış ailələrdə uşağın kimin himayəsində qalacağı müəyyən edilərkən həmin şəxsin psixoloji vəziyyəti yoxlanılmalıdır. Bu, çox vacibdir. Bəzən şəxsiyyət pozuntusu olan valideynin yanında qalan uşaq ciddi psixoloji zərər görür. Bu kimi məsələlər də vacibdir". Uşağın tərbiyəsi yalnız ailənin məsuliyyəti deyil, o, bütün cəmiyyətin, məktəbin, sosial və mədəni qurumların birgə öhdəliyidir. Fiziki və psixoloji zorakılıq uşağın gələcəyinə ciddi zərbə vurur, onun özünəinamını, emosional stabilliyini və sosial bacarıqlarını sarsıdır. Dövlət tərəfindən tətbiq olunan qanunlar və cərimələr uşaqların hüquqlarını qorumaqla yanaşı, valideynlər və ictimai institutları məsuliyyətə çağırır. Eyni zamanda, psixoloji dəstək və uşaq yaradıcılıq mərkəzləri kimi layihələr uşağın sağlam inkişafına imkan yaradır. Sağlam, qayğıkeş və diqqətli mühitdə böyüyən uşaqlar isə gələcəkdə həm məsuliyyətli, həm də yaradıcı və cəmiyyət üçün faydalı vətəndaşlara çevrilirlər. Nəticədə, hər bir uşağın rifahı və təhlükəsizliyi üçün kompleks yanaşma-ailə, cəmiyyət və dövlətin birgə səyi vacibdir.

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
61
olaylar.az

1Источники