RU

JİVA ətrafında qalmaqal böyüyür: “Azərbaycan finala düşməyəcək” iddialarına SƏRT CAVAB

Xəbər verdiyimiz kimi, Azərbaycanın “Avroviziya-2026” Beynəlxalq Mahnı Müsabiqəsindəki təmsilçisi JİVA (Cəmilə Həşimova) olacaq. O, ölkəmizi “Just Go” mahnısı ilə təmsil edəcək. Təqdimatdan dərhal sonra sosial şəbəkələrdə təmsilçimiz və mahnı seçimi ilə bağlı geniş müzakirələr başlayıb, tənqidi rəylər səsləndirilməkdədir.

Musavat.com bildirir ki, səslənən tənqidlər fonunda JİVA-nın sənət dostları onun müdafiəsinə qalxaraq həm ifaçının peşəkarlığını, həm də səhnə təcrübəsini xüsusi vurğulayıblar.

“Avroviziya-2014” iştirakçısı Dilarə Kazımova “Öz aramızda” verilişində JİVA haqqında müsbət fikirlər səsləndirib.

O bildirib ki, ifaçını uzun illərdir tanıyır və onun yaradıcılığını yaxından izləyir:

“JİVA-nı çoxdan tanıyıram. Onun "Bakı Payızı" müsabiqəsindəki çıxışını televiziyadan izləmişəm. O, çox yaxşı insan və güclü ifaçıdır. Çox sevinirəm ki, bu ilki təmsilçimiz məhz odur. İnanmaq istəyirəm ki, o, layiqli yer tutacaq”.

“Avroviziya-2022” iştirakçısı Nadir Rüstəmli də seçimlə bağlı fikirlərini bölüşərək bildirib ki, əvvəlcə JİVA-nın namizədliyi onun üçün gözlənilməz olub. Lakin o, bu seçimə sevindiyini gizlətməyib:

“Açığı, mənim heç ağlımdan keçmirdi ki, təmsilçimiz JİVA ola bilər. Amma buna çox sevindim. Çünki JİVA buna layiqdir və çox istedadlı sənətçidir”.

“Avroviziya-2024” iştirakçısı Fahree isə sosial şəbəkələrdə səsləndirilən tənqidlərə daha sərt reaksiya verib.

O qeyd edib ki, JİVA haqqında səsləndirilən bəzi fikirlər əsassızdır və ifaçının sənətdəki yolu yetərincə tanınmalıdır:

“Sosial şəbəkələrdə JİVA haqqında xoşagəlməz şərhlər yazırlar. Deyirlər ki, o kimdir, onu tanımırıq, Azərbaycan heç finala keçməyəcək və sairə. Amma ‘o kimdir’ deyənlər əvvəlcə araşdırma aparmalıdırlar. Cəmilə Həşimova vaxtilə "Rast" qrupunda çalışıb, illərdir bu sənətdədir. O, çox istedadlı və təcrübəli sənətkardır”.

Xatırladaq ki, 70-ci “Avroviziya” Mahnı Müsabiqəsi Avstriyanın paytaxtı Vyana şəhərində keçiriləcək. Müsabiqənin yarımfinalları və final mərhələsi 12, 14 və 16 may 2026-cı il tarixlərində baş tutacaq.

Xalidə Gəray,
Musavat.com

Избранный
61
musavat.com

1Источники