RU

ABŞ təmkinli uçot siyasətinə keçdi

ain.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.

Federal Ehtiyat Sistemi daxili və xarici riskləri nəzərə alaraq pul siyasəti dəhlizini sabit saxlayıb

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Mərkəzi Bank funksiyalarını yerinə yetirən Federal Ehtiyat Sistemi (FES) martın 18-də keçirilən iclasında 2026-cı ilin ikinci pul siyasəti qərarını açıqlayıb. Qərara əsasən, faiz dərəcəsi 3,50- 3,75 aralığında sabit saxlanılıb. Yəni FES aşağı uçot siyasətinin davam etdirilməsini məqsədəuyğun hesab etməyib və mövcud stavkanı məqbul sayıb. Qeyd edək ki, FES sonuncu dəfə 2025-ci il dekabrın 10-da faiz dərəcəsini 25 baza bəndi endirib və hazırda bu rəqəm  3,75-dən yüksək deyil. Bu isə mövcud uçot dərəcəsinin 2022-ci ilin sonundan bəri ən aşağı səviyyədə qaldığını əks etdirir.

Yeri gəlmişkən, faiz qərarı ilə bağlı səsvermədə gərginliklər də yaşanıb. İdarə heyətində 11 üzv faizin sabit saxlanmasına səs versə də, Steven Miran faizlərin 25 baza bəndi azaldılaraq 3,25-3,50  aralığına endirilməsini təklif edib. Onun bu təklifi geri çevrildiyindən Miran bank heyətini iqtisadiyyatın inkişafına təkan verməməkdə ittiham edib. Onun kriptobazarın fəal dəstəkçisi olması və aşağı faizlər dəhlizində israr etməsi investisiya və fond bazarlarının üzvlərinə yaxınlığından irəli gəlir. Çünki aşağı faiz dərəcəsi stavkası maliyyə-bank sektorunda daha sərfəli və ucuz kredit mühitini təmin edə, maliyyə qurumlarını əlverişli faiz dəhlizi çərçivəsində iqtisadiyyata böyükhəcmli pul buraxmasını stimullaşdırır. Eləcə də maliyyə sektoru və investorlar bazara çoxlu pul və qiymətli kağızlar emissiya etməklə iqtisadi canlanmanı, alıcılıq və istehlak dövriyyəsini artırmağa çalışır. Ancaq bank heyəti hazırkı qlobal təhdidlər  fonunda belə bir addımın fayda verəcəyinə inanmadığından aşağı dəhlizi dəstəkləməyir.

Yaxın Şərqdəki gərginlik pul siyasətinə də təsir edir

FES sədri Jerome Povel qərardan sonra keçirdiyi mətbuat konfransında iqtisadi vəziyyətə dair fikirlərini bölüşərkən bildirib ki, ABŞ-da inflyasiya hələ də yüksək səviyyədə qalır və hazırda qlobal bazarda enerji qiymətlərinin yüksək qalması inflyasiyanı daha da artıracaq. Xüsusilə də, yeni neft şokunun yaşanması mal və xidmətlərin dəyərini kəskin bahalaşdırmaqla inflyasiyanın hərarətini artıracaq.

ABŞ Mərkəzi Bankının açıqlamasında da məlum olur ki, qurum ehtiyatlı və mühafizəkar pul siyasətinin davam etdirilməsində qərarlıdır. Buna təsir edən bir çox fundamental amillər var ki, onlar həm daxili makroiqtisadi mühitdən, həm də xarici təsirlərdən qaynaqlanır. İlk növbədə, ABŞ-da inkişaf göstəriciləri kifayət qədər qənaətbəxş hesab edilsə də, bəzi bazar və maliyyə indikatorları hökumətin baxışlarına tam cavab vermir. Ölkədə ilin ilk 2 ayı ərzində iqtisadi fəaliyyət sabit şəkildə davam edib, əmək bazarı güclü qalır və işsizlik səviyyəsi son aylarda əhəmiyyətli dəyişiklik göstərməyib. Ancaq, bununla belə, inflyasiya hələ də hədəf səviyyəsindən yüksəkdir, maliyyə indeksləri artmayıb, hətta bəzi investisiya qurumlarının və fond institutlarının indeksləri cüzi ucuzlaşıb. Mart ayında isə iqtisadi aktivlik müəyyən qədər zəifləyib, istehlak sektorunda artım tempi yavaşıyıb, biznes göstəricilərində ehtiyatlı dinamika müşahidə olunur. Bu vəziyyət ABŞ dollarının qlobal valyuta bazarlarında güclü və davamlı yüksəliş trendi formalaşdırmasının qarşısını da alır.

Yaxın Şərqdəki gərginliyin ABŞ iqtisadiyyatına təsiri ilə bağlı qeyri-müəyyənliyə diqqət çəkən FES xarici faktorun pul və maliyyə bazarlarını təhdid edəcəyini gizlətmir. Bu ssenarilər şəraitində qiymət sabitliyi və tam məşğulluq hədəfləri üzrə riskləri yaxından izləməyə davam edəcəyini vurğulayan qurum gərginliyin uçot siyasətinə mənfi təsirlərini istisna etmir. Qeyd olunduğuna görə, gələcək faiz qərarlarında iqtisadi göstəriciləri, proqnozlardakı dəyişiklikləri və risk balansını diqqətlə qiymətləndirəcək. Gərginliklər bir neçə ay davam etsə, Mərkəzi Bankın faiz dərəcələrini aşağı salması tamamilə gündəlikdən çıxarılacaq, əksinə faiz dərəcələrinin artırılması mümkün ola bilər.

FES-in qərarı qlobal bazara necə təsir göstərəcək?

FES-in yüksək faiz dərəcələri qlobal maliyyə və investisiya bazarını müəyyən qədər sıxır və səhmdarlar aktivlərə yüksək həcmlərdə kapital yatırmırlar. Aşağı dərəcəli faiz stavkası isə qlobal bazar iştirakçıları və iri səhmdarlar üçün də xüsusi əhmiyyət kəsb edir. Ümumiyyətlə, ABŞ-ın uçot siyasəti qlobal iqtisadiyyatın müxtəlif sektorlarında, ələlxüsus da birjalarda virtual volatilliklərin baş verməsinə səbəb olur. Amerikanın aparıcı fond birjalarında istiqraz və bondların, səhmlərin, digər qiymətli kağızların bazar indeksləri artımlar nümayiş etdirir.

Dünya birjaları bu addımın yeni hərəkətverici impuls yaradacağını ehtimal edirlər. Xüsusilə də, maliyyə və investisiya alətlərinin, əsas əmtəə və qiymətli metalların qiymətlərində dəyişikliklər faiz siyasətinə uyğun nizamlanır. Məlumdur ki, Trampın yeni maliyyə siyasəti  də məhz aşağı uçot dəhlizi çərçivəsində ucuz dollar, bahalı qızıl və rəqəmsal valyuta investisiyasına əsaslanır. Çünki dolların ucuzlaşması  istehsal və ixracı yüksəldir ki, bu da Amerikadan qlobal bazarlara daha çox mal və əmtəələrin çıxışına səbəb olur. Bu siyasət nəticə etibarilə iqtisadi aktivliyi və ixrac gəlirlərini yüksəldir. Dollar ucuzlaşanda isə qızıl və blokçeynlər bahalaşır. Məsələ ondadır ki, son günlərdə regionda baş verən gərginliklər qızılın da qiymətini davamlı dəyişdirir, sarı metalın unsiyası martın əvvəlində 5200 dollara yüksəlmişdisə, hazırda 4850 dollara düşüb. Eləcə də kriptovalyutaların da dəyəri aşağıya doğru istiqamətlənib. Dünyada ən bahalı kriptovalyuta (rəqəmsal pul) olan “Bitcoin”in dəyəri ticarət birjalarında yanvarda 124 min dollara qədər yüksəlmişdisə, son bir ayda davamlı ucuzalaşaraq son sutkada 74 min dollar səviyyəsinə düşüb.

Beləliklə, FES-in sabit uçot dərəcəsi qlobal mühitdə qeyri-müəyyənliklərin davam etməsinə səbəb olacaq, investorların kapital daralması fonunda gözləmə mövqeyində durmasını şərtləndirəcək. ABŞ-la yanaşı, qlobal investorlar arasında investisiya alətlərinin qızıl və kritovalyuta yığımlarına transformasiyasını eyni səviyyədə saxlayacaq. Qlobal səhmdarlar, iri şirkətlər, suveren fondlar  faiz dəhlizinin təsirləri fonunda investisiya alətlərinin dəyərini qoruyub saxlamağa üstünlük verəcək. Çünki neft sıçrayışlarının fond bazarlarını sarsıtma ehtimalı böyükdür və dünya iqtisadiyyatında qlobal müəyyənsizliyin artması səhmdarları digər sahələrə də sərmayələrini azaltmağa məcbur edəcək.

E.CƏFƏRLİ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
82
1
yeniazerbaycan.com

2Источники