RU

Mərhəmət, paylaşmaq və mənəvi yenilənmənin zirvəsi!

Yeniazerbaycan saytından alınan məlumata görə, ain.az bildirir.

Ramazan humanizm və bərabərlik bayramıdır...

Bu gün dünyanın hər yerində müsəlmanlar müqəddəs Ramazan ayının bitməsini, “orucluq ayı”nın başa çatmasını bayram edirlər. Ramazan bərəkət, rəhmət, günahlardan təmizlənmə ayıdır. Ramazan üç fəzilətli ayın sonuncusudur.

Bu ayın Allah yanında qiyməti o qədər böyükdür ki, min illərdir işığına yol getdiyimiz dörd müqəddəs kitabını “Zəbur”u, “Tövrat”ı “İncil”i və “Quran”ı Allah on bir ayın sultanı sayılan bu şərafətli ayda nazil edib.

Ramazan bayramı mənəviyyat, bərabərlik, birlik bayramıdır. Əslində, insanlar düşüncələrinin, iradələrinin hisslərinə, nəfslərinə qalib gəldiklərini bayram edirlər. Ramazanda insanlar aclıqla, yuxusuzluqla, hətta gözü, könlü toxluqla da sınağa çəkilirlər. Ramazan, eyni zamanda, könlünə, nəfsinə toxluq verməyin, ruhun cism üzərində qələbəsinin bayramıdır. Bu ayın fəzilətlərini İslam Peyğəmbəri Həzrət Məhəmməd belə qiymətləndirib: “Allah yanında ən gözəl ay olan mübarək Ramazan ayının günləri və gecələri o qədər üstündür ki, hətta oruc tutan adamın nəfəs çəkməyi, yatmağı belə zikr, ibadət sayılır. Bu ayda edilən dualar və ibadətlər məqbul, hacətlər müstəcəb olur”.

Ramazan ayının tamamlanması ilə gələn Ramazan bayramı yalnız təqvimdə bir tarix deyil, insan ruhunun saflaşmasının, səbrin və mərhəmətin təntənəsidir. Bir ay boyunca tutulan oruclar, edilən dualar və göstərilən yardımlar bu müqəddəs günlərdə ən gözəl bəhrəsini verir.

Ramazan bayramı insanların bir-birinə daha da yaxınlaşdığı, qəlblərin yumşaldığı xüsusi bir zamandır. Bu günlərdə evlərdə bayram süfrələri açılır, böyüklər ziyarət olunur, kiçiklər sevindirilir. Ən əsası isə ehtiyacı olanlara əl uzatmaq, paylaşmaq və sevincə ortaq olmaq bayramın ruhunu yaşadır.

Bu bayram həm də sosial bərabərliyin simvoludur. İmkanı olanlar fitrə zəkatı verərək aztəminatlı ailələrin də bayram sevincini yaşamalarına şərait yaradır. Bütün bunlar cəmiyyət daxilində həmrəyliyin və qarşılıqlı dəstəyin ən gözəl nümunəsidir.

Ramazan bayramı bizə xatırladır ki, insanın həqiqi zənginliyi maddi deyil, mənəvi dəyərlərdə gizlənir. Sevgi, mərhəmət, anlayış və paylaşmaq hissi - bütün bunlar müqəddəs Ramazanın bizə bəxş etdiyi ən böyük qazancdır...

Yeganə BAYRAMOVA

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
52
1
yeniazerbaycan.com

2Источники