Muzeylərdə, xatirə komplekslərində həmişə sakitlik hökm sürür. Bu məkanlarda nümayiş olunan eksponatlar bizə uzaq və yaxın keçmişlərdə baş vermiş tarixi hadisələrdən soraq verir. Sanki bir anın içində o illərə qayıdırıq. Dünənimizlə bu günümüzü özündə qovuşduran eksponatlara böyük maraq və həyəcanla baxırıq.
Quba Soyqırımı Memorial Kompleksində də sakitlikdir. Kompleks ağaclarla əhatə olunub. Yaz günlərinin gəlişini hiss edən torpaq yaşıllığa bürünüb. Bayraq meydanında 20 metr hündürlükdə əzəmətlə dalğalanan Azərbaycan bayrağı ətrafa xüsusi əzəmət verir.
Kövrək addımlarla irəli gedə-gedə kompleksin həyətinə baxırıq. Bələdçi Səriyyə Abidova kompleks haqqında bizə məlumat verir. Deyir ki, bu yerlər əvvəllər stadion idi, 2007-ci ildə Quba şəhərində tikinti məqsədilə aparılan qazıntı işləri zamanı burada kütləvi məzarlıq aşkarlandı: "Deməli, nə qədər çalışsan da, tarixi silmək, dəyişmək mümkün deyil. Üstündən neçə illər keçsə də, o, olduğu kimi qalır, əsrlərə şahidlik edir. Bu hadisə bir daha göstərdi ki, tarix saxtakarlıq götürmür".
Söhbət zamanı onu da öyrəndik ki, Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun mütəxəssisləri tərəfindən təsadüf nəticəsində aşkarlanmış kütləvi məzarlıqda 2007-ci il aprel ayının 8-dən 11-dək ilkin tədqiqat işləri aparılmışdır. Tədqiqat zamanı məlum olmuşdur ki, məzarlıqdakı sümüklər 1918-ci ildə erməni quldur dəstələrinin Qubada törətdikləri soyqırımı zamanı amansızcasına öldürülən dinc, günahsız insanlara məxsusdur. Bu qandonduran həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi üçün Prezident İlham Əliyevin 30 dekabr 2009-cu il tarixli sərancamı əsasında Quba şəhərində "Soyqırımı Memorial Kompleksi"nin yaradılmasına başlanmışdır. Memorial Kompleks 2012-2013-cü illərdə Qudyalçayın sol sahilində, keçmiş stadionun ərazisində inşa edilmişdir. 2013-cü il sentyabrın 18-də isə açılışı olmuşdur. İndi rayona səfərə gələn qonaqlar, turistlər yollarını soyqırımı muzeyindən də salaraq erməni vəhşiliyinin qanlı izlərinə şahidlik edir və lənətlər yağdırırlar.
Dünyanın heç bir yerində, heç vaxt olmamış, yalnız xəyallarda canlandırılan "böyük Ermənistan" dövləti qurmaq üçün daşnaklar Azərbaycanın müxtəlif bölgələrində dinc əhaliyə qarşı soyqırımlar törətmişlər. Məqsədləri bölgələrdə azərbaycanlıların sayını maksimum dərəcədə azaltmaq olmuşdu. Bunun üçün ermənilər əllərində olan bütün vasitələrdən böyük qəddarlıqla istifadə etmişlər. Bu qanlı planı reallaşdıran S.Şaumyan Qafqazdakı bütün erməniləri, ən başlıcası isə, "Daşnaksütyun" partiyasının üzvləri ilə sıx əməkdaşlıq etmiş və onlara müvafiq tapşırıq və göstərişlər vermişdir. Əlində olan səlahiyyətlərdən istifadə edən Bakı komissarı Azərbaycanın müxtəlif bölgələrində yerli əhaliyə qarşı xüsusi qəddarlıqla soyqırımı həyata keçirilməsinə rəhbərlik etmişdir. Nəticə çox tükürpərdən, ağrılı, ürəkdağlayan olmuşdur - minlərlə dinc əhalinin qanı tökülmüş, onlarla kənd-kəsəyimiz yandırılıb yerlə yeksan olmuşdur.
Quba Soyqırımı Memorial Kompleksinin hər addımından hüzn yağır, kədər süzülür. Yaxınlığından keçdiyimiz ərazidə müxtəlif ölçülü, irili-xırdalı rəmzi məzarlar da gördük. Onların hansı səbəbdən belə müxtəlif ölçüdə olduğu ilə maraqlananda bələdçi dedi ki, soyqırımında böyüklərlə bərabər, uşaqlar da öldürülüb. Böyük rəmzi başdaşları yaşlı insanların, balacalar isə uşaqların xatirəsini əbədiləşdirmək üçün qoyulub. Ərazidə həmçinin Qubanın rəmzinə çevrilmiş alma ağacları da əkilib.
Kompleksdə nümayiş etdirilən eksponatlarla tanış olduq. Müxtəlif guşələri olan muzey demək olar ki, yerin altında yerləşir. Muzeyin giriş hissəsində yerləşən ekspozisiya "Dinc Quba" adlanır. Burada XX əsrin əvvəllərində Quba qəzasının sakinlərinin və şəhərin görüntüləri verilib. Ziyarətçilərə göstərilən fotoşəkillər Quba qəzası əhalisinin - dövlət qulluqçuları, din xadimləri, məktəb uşaqları, qadınlar və digər şəhər və kənd sakinlərinin iş başında, məişətdə, ailədə və istirahət zamanı çəkilib. Məlumdur ki, digər bölgələrdə olduğu kimi, Quba qəzasında da azərbaycanlılarla yanaşı, başqa millətlərin və etnik qrupların nümayəndələri əsrlər boyu bir yerdə mehribancasına yaşayıblar. Qəzanın müxtəlif milli-etnik və dini əhalisi arasında dinc qonşuluq münasibətləri əsrlərlə qorunub saxlanılır. Bu da xalqımızın multikulturalizm ənənəsinə həmişə sadiq olduğunu göstərən vacib amildir.
Muzey qaleriyasının bütöv bir divarını Quba qəzasına həsr edilmiş ekspozisiyalar təşkil edir. Burada inzibati ərazi vahidi olan Qubanın 1918-ci il tarixi üçün vəziyyəti əks olunmuşdur. 1918-ci ildə Quba qəzasında baş verən soyqırımları xəritədə xüsusi qırmızı işarələrlə göstərilmişdir. İlkin məlumatlara görə, qəzada 122 kəndin talanlara və dağıntılara məruz qalması qeyd olunsa da, daha dəqiq aparılmış təhqiqatlar nəticəsində bu kəndlərin sayının 167-yə çatdığı məlum olmuşdur. Quba şəhəri və ətraf kəndlərində-38, Qusarda-27, Xaçmazda-65, Şabranda-21, Siyəzəndə-16 yaşayış məntəqəsi ermənilər tərəfindən dağıdılmışdır. Qəddarlıqla həyata keçirilən erməni vəhşiliyinin qanlı izləri hər yerdə qalmışdır.
Kompleksdə nümayiş etdirilən bütün eksponatlardan ölüm qoxusu gəlir. İnsanları dəhşətə gətirən, gözləri yaşardan bu eksponatların, şəkillərin hər birində daşnakların qanlı əməlləri əks olunub. Guşəyə erməni quldurlarının soyqırımlar zamanı istifadə etdikləri soyuq və odlu silahlar, işgəncə alətləri qoyulub. Qətlə yetirilmiş insanların sümüklərinin bəzilərində mismar və zəncirlər də aşkarlanıb. Bütün bunlar onu göstərir ki, daşnaklar dinc əhaliyə ağır, dözülməz işgəncələr veriblər. Bədənlərinə mismar vurub, zəncirlə boğub öldürüblər.
Azərbaycanın müxtəlif bölgələrində baş vermiş soyqırımlar zamanı kütləvi şəkildə qəddarlıqla öldürülmüş, yandırılmış, dənizə, quyulara atılmış və müxtəlif səbəblərdən dəfn edilməmiş faciə qurbanlarının xatirəsinə hörmət əlaməti olaraq zalın mərkəzində böyük qara mərmər daş qoyulmuşdur. Bu mərmər daş bir növ, soyqırımlarda faciəli surətdə həlak olmuş insanların xatirəsinə qoyulmuş rəmzi məzardır.
Muzeyə ziyarətə gələnlər eksponatlarla yanaşı, 1918-ci ildə Azərbaycanın bölgələrində dinc əhaliyə qarşı törədilmiş soyqırımlar və qırğınlara rəhbərlik etmiş və onun icrasını böyük qəddarlıqla həyata keçirmiş daşnakların adlarını da öyrənirlər. Azərbaycan xalqına qarşı soyqırımlar törətmiş qaniçən Şaumuyanın, Hamazaspın, Korqanovun, Andranikin, Lalayanın, Mikoyanın adını necə unutmaq olar?!
Məlumdur ki, Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ölkədə bolşevik adı altında gizlənmiş erməni quldur dəstələri tərəfindən müsəlman əhalisinə və mülkiyyətinə qarşı törədilən, dünyanı sarsıdan zorakılıq hallarını, baş vermiş qanlı hadisələri, soyqırımları araşdırmaq məqsədilə 1918-ci il iyulunun 15-də Fövqəladə Təhqiqat Komissiyasının (FTK) yaradılması haqqında qərar qəbul etmişdir. Komissiya əvvəl 7 nəfərlik tərkiblə təsis edilsə də, sonralar Bakı və Gəncə şəhərlərinin istintaq-prokurorluq və məhkəmə orqanlarının digər nümayəndələri də işə cəlb edilmişlər. Onu da qeyd edək ki, FTK-nın tərkibinə yalnız azərbaycanlılar salınmamışlar. Komissiyanın tərkibi, əsasən, polyak, rus, alman, litva tatarı və Rusiyada təhsil almış hüquqşünas azərbaycanlılardan ibarət idi.
Muzeydə FTK-nın üzvlərının - F.Xoyski, M.Hacınski, X.Xasməmmədov, Ə.Xasməmmədov, İ.Şahmalıyev, M.Təkinski, N.Mixaylov, Ə.Xanbudaqovun fotoşəkilləri və müvafiq sənədlər nümayiş olunur. Komissiya fəaliyyət göstərdiyi müddət ərzində onun üzvləri 36 cilddən ibarət istintaq materialı toplamışlar. Bakı, Şamaxı, Quba, Göyçay, Cavad, Nuxa, Lənkəran qəzalarında, Gəncədə, Qarabağda, Zəngəzurda ermənilər tərəfindən törədilmiş amansız cinayətlər də diqqətlə araşdırılmışdır. Nəticədə 128 məruzə və qərar layihəsi hazırlanmış, onların əsasında müxtəlif cinayətlərdə təqsirli bilinən 194 şəxsə qarşı cinayət işi açılmışdır.
Muzeyin çıxış hissəsində dövlət xadimlərinin, görkəmli şəxslərin, mətbuat orqanlarının 1918-ci ildə Azərbaycanda, erməni quldur dəstələri tərəfindən törədilmiş soyqırımı hadisələrinə münasibətlərini bildirən ekspozisiyalar da nümayiş olunur. Onların yanından ayaq saxlamadan keçmək mümkün deyil.
Muzeyin sonuncu ekspozisiyasının Azərbaycan Milli Ordusuna həsr edilmiş fotosənədlərlə bitməsi 1918-ci il soyqırımlarına məhz Azərbaycan Silahlı Qüvvələri tərəfindən son qoyulmasını göstərir. Belə sonluq bir daha təsdiq edir ki, bu gün Azərbaycan dövlətinin suverenliyini, ərazi bütövlüyünü, xalqımızın təhlükəsiz yaşaması üçün onu həmişə qoruyan güclü və qüdrətli ordusu var. İkinci Qarabağ müharibəsində rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi altında erməni qəsbkarları üzərində qazandığı Zəfər bunu bir daha təsdiq etdi.
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"