RU

Manatla depozit yerləşdirməyə maraq azalıb

525.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Bank faizlərinin yüksək olması əsasən iqtisadi mühitin və maliyyə sisteminin xüsusiyyətləri ilə bağlıdır. Yüksək faizlər ilk növbədə risklərin çox olması ilə əlaqədardır. Banklar kredit verdikdə vəsaitin geri qaytarılmaması ehtimalını nəzərə alır və bu riski kompensasiya etmək üçün faizləri artırırlar. Xüsusilə qeyri-rəsmi gəlirlərin geniş yayılması bu riski yüksəldir. Digər tərəfdən qiymətlər ümumi səviyyəsi artdıqda pulun dəyəri azalır və banklar bunu nəzərə alaraq kreditləri daha yüksək faizlə təqdim edir”.

Bunu iqtisadçı ekspert Xalid Kərimli bildirib. O qeyd edib ki, insanlar manatda vəsait saxlamağı riskli gördüklərinə görə banklar və digər maliyyə qurumları daha yüksək depozit faizləri təklif edirlər. Bu isə bütövlükdə kredit faizlərinə də təsir göstərir: “Azərbaycan iqtisadiyyatının riskli olmasının başlıca səbəbi onun əsasən iki boru xəttindən – neft və qaz ixracından – asılı olmasıdır. Neft qiymətlərindəki kəskin dəyişikliklər bu asılılığı daha da təhlükəli edir. Eyni zamanda, qeyri-neft sektorunun kifayət qədər inkişaf etdirilə bilməməsi ölkənin iqtisadi strukturunu zəif saxlayır və bu da iqtisadi sabitliyi təhdid edir. Bu şəraitdə banklar sadəcə vasitəçi rolunu oynayır: vətəndaşlardan cəlb etdikləri artıq vəsaiti (depozitləri) ehtiyacı olan digər vətəndaşlara kredit kimi təqdim edirlər. Bu sistemin işləməsi üçün isə təbii olaraq risklər nəzərə alınaraq faizlər yüksək tutulur. Son illərdə müşahidə olunan əsas iqtisadi tendensiyalardan biri vətəndaşların manatla depozit yerləşdirməyə marağının azalmasıdır. Hazırda insanlar 4-5 faiz illik gəlirlə manatda vəsaitlərini banka qoymaq əvəzinə, eyni faizlə dollarda depozit yerləşdirməyə üstünlük verirlər. Bunun əsas səbəbi manata olan inamın zəifləməsi və valyuta riskidir. Vətəndaşlar düşünürlər ki, 5 faiz illik faizlə manatda vəsait yatırmaqdansa, eyni gəliri dollarda əldə edib özlərini daha güvənli hiss edə bilərlər. Manatla depozit yerləşdirmək üçün isə banklar daha yüksək – 10-12 faiz arası faiz təklif etməyə məcbur qalırlar. Bu da göstərir ki, manatla depozit faizləri dollara nisbətən daha yüksək olsa da, vətəndaşın əsas narahatlığı gəlir deyil, valyutanın sabitliyidir. Bu vəziyyətin formalaşmasında əsas amillərdən biri Azərbaycan iqtisadiyyatında qeyri-sabitliyin, xüsusilə də neft və qaz kimi dəyişkən gəlirli sahələrə yüksək asılılığın olmasıdır. İnsanlar manatın sabitliyinə güvənmədikləri üçün, daha az faizlə olsa belə, dollarla depozitə üstünlük verirlər”.

İqtisadçı vurğulayıb ki, faiz və komissiya mahiyyətcə fərqli anlayışlardır, lakin nəticə etibarilə hər ikisi vətəndaşın cibindən çıxan vəsaitdir. Ona görə də çox zaman insanlar üçün bunun faiz şəklində, ya da komissiya adı altında alınmasının elə də böyük fərqi olmur.

Sevinc QARAYEVA

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
78
525.az

1Источники